Media Moldova ombudsmanına qarşı hücumları diqqətdən kənar qoymayacaq
“Aureliya Qriqoriu ətrafında yaranmış vəziyyət acınacaqlıdır və son vaxtlar tək ona qarşı deyil, eyni zamanda onun yaxınlarına qarşı da təhdidlər edilir”.
Bu barədə Moldova ombudsmanına qarşı hədələrə həsr olunmuş mətbuat konfransında “Novosti-Azərbaycan” informasiya agentliyinin rəhbəri Gülnarə Məmmədzadə bildirib. Onun sözlərinə görə, A. Qriqoriu ona olunan təzyiqlərlə bağlı agentliyə müraciət edib və Azərbaycan ictimaiyyətini, mediasını bu hadisəyə biganə qalmamağa çağırıb: “Sabah başqa siyasətçilər də həmin vəziyyətə düşə bilər. Səbəb isə Azərbaycanın hüquqlarını müdafiə etməkdir. Bu, çox ciddi faktdır”. O qeyd edib ki, Azərbaycan mediası bu məsələni diqqətdən kənar qoymayacaq. Politoloq Mübariz Əhmədoğlu isə bildirib ki, Aureliya Qriqoriunun İrəvanda dediyi sözlərin heç biri yalan deyil: “Çünki Ermənistanın prezidentləri Robert Koçəryan və Serj Sərkisyan da bu faktları təsdiqləyiblər. Onlar özü də bu faciənin niyə baş verdiyinin izahını veriblər. Eləcə də Azərbaycan torpaqlarının 20 faizinin işğalı barədə də deyilənlər bütün dünyaya məlumdur. Heç bir yalan deməyən adam niyə təzyiqlərə məruz qalmalıdır?”. M.Əhmədoğlu əlavə edib ki, Moldova-Azərbaycan əlaqələri hazırda sınaq qarşısındadır: “Moldovanın Dnestryanı münaqişəsi var, bizim də Dağlıq Qarabağ münaqişəsi, yəni biz eyni vəziyyətdəyik. Ermənistan isə parçalayanların tərəfindədir. Qriqoriunun Ermənistan parlamentindəki çıxışının yaratdığı əks-sədadan sonra Ermənistan prezidenti Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyan Moldovaya səfər ediblər, amma bu barədə heç nə deməyiblər. Əgər ermənilərin deməyə sözü var idisə, niyə o zaman heç bir söz demədilər? Mən Moldova və Ukraynadakı azərbaycanlı icmalarına müraciət edirəm ki, vəziyyəti öyrənsinlər”.

Xəbər 529 dəfə oxundu.