SOCAR 2023-cü ildən sonra Türkiyədə mövcud zavodlara və biznesin optimallaşdırılmasına investisiyalar nəzərdə tutur
“SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) Türkiyədə aldığı yeni təbii qaz şirkətləri təqribən 1,5 milyon abonenti əhatə edir və həmin sistem vasitəsilə illik 4 milyard kubmetr qaz satılacaq. Ötən ili planlaşdırılan büdcədən 8 faiz çox başa vuran “Petlim” konteyner limanından indiyədək 300 min konteyner keçib, liman üzrə mənfəət təqribən 30 milyon dollara çatıb. “SOCAR Aviation” qarşıdakı 5 ildə İstanbul hava limanında təyyarələrin illik yanacaq ehtiyacının 700 min tonunu ödəyəcəyik, həmçinin Bodrum, İzmir, Trabzon və Antalyada təxminən 250 min tonadək təyyarə yanacağı satılacaq. Türkiyədə yanacaqdoldurma məntəqələri şəbəkəsinin alınması əsas prioritetlərdən deyil. İlin sonuna kimi TANAP-la Türkiyəyə 4 milyard kubmetr Azərbaycan təbii qazı nəql olunacaq. “Petkim” neft-kimya kompleksinə hər il orta hesabla 100 milyon dollar investisiya yatırılıb. “Star” neft emalı zavodunda əsasən Rusiya nefti emal olunur. Zavodda emal olunan Azərbaycan nefti isə simvolik xarakter daşıyırdı. Bu fikirləri AZƏRTAC-a eksklüziv müsahibəsində “SOCAR Turkey”in baş direktoru Zaur Qəhrəmanov söyləyib. Müsahibəni təqdim edirik.

- “SOCAR Turkey”in qardaş ölkədə yeni aldığı “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom” şirkətləri üzrə ilkin illik gəlirlərin hansı həcmdə olacağı nəzərə tutulur? Ümumiyyətlə bu şirkətlər SOCAR-a hansı üstünlüklər verir?

- Həmin şirkətlər Türkiyədə təbii qaz distribüteri şirkətləridir. Biz də bu biznesdə iştirakçıyıq - Azərbaycanda “Azəriqaz”la, Gürcüstanda isə “SOCAR Georgia Gas” ilə. Ümumilikdə SOCAR-ın Azərbaycan və Gürcüstanda 2 milyondan çox təbii qaz abonenti var. Yeni alınan şirkətlər isə Türkiyədə təxminən 1,5 milyon abonenti əhatə edir. Bunu SOCAR-ın ümumi qaz strategiyasına uyğun alqı-satqı əməliyyatı kimi qiymətləndirə bilərik. Həmin şirkətlər təkcə “SOCAR Turkey” üçün deyil, ümumilikdə SOCAR-ın qaz zənciri baxımından mühüm əhəmiyyət daşıyır. Bu sistem vasitəsilə biz təxminən ildə 4 milyard kubmetr qaz satacağıq. Bunun 2 milyard kubmetri abonentlərə, 2 milyard kubmetri isə topdan satışın payına düşür. Həmin şirkətlər həm “SOCAR Turkey”, həm də SOCAR üçün əlverişli qiymətə alınıb və yaxşı aktivlərdir. Bunların 2-si qaz-distribüter şirkəti, qalanları isə qaz-tikinti, telekommunikasiya, külək elektrik stansiyası və qaz satış şirkətləridir. Həmin şirkətlərdə təxminən 1000 işçimiz olacaq.

- Egey dənizinin ən böyük limanlarından olan “Petlim” konteyner limanı indiyədək nə qədər konteyner qəbul edib, ümumilikdə terminal üzrə gəlirlər nə qədərdir?

- Biz “Petlim” üzrə 2018-ci ili nəzərdə tutulan büdcədən 8 faiz çox yekun vurmuşuq. Ötən ilin ortalarında konteyner limanının ikinci fazası üzrə işlər tamamlandı. Limandan bu vaxtadək təxminən 300 min konteyner keçib. Keçən il faiz və vergilərdən əvvəlki mənfəət təqribən 30 milyon dollara yaxın olub. Bu da nəzərdən tutulan büdcədən 8 milyon dollar çoxdur. Bu aktivdən məmnunuq.

- “SOCAR Aviation” Türkiyədə daha hansı hava limanlarını yanacaqla təchiz etmək niyyətindədir?

- Biz apreldə İstanbul hava limanının elan etdiyi təyyarə yanacağı tenderində “SOCAR Aviation” markası ilə qalib gəldik. Beləliklə də, 5 il ərzində İstanbul hava limanında təyyarələrin illik yanacaq ehtiyacının 700 min tonunu ödəyəcəyik. Həmçinin Bodrum, İzmir, Trabzon və Antalyada təxminən 250 min tonadək təyyarə yanacağı satacağıq. Buradakı yanacaqdoldurma məntəqələri (YDM) bizim olmayacaq. Lakin ilkin mərhələdə SOCAR-ın məhsulları həmin YDM-lərdə satılacaq. “Türk Hava Yolları” ilə bu biznesi genişləndirməyə dair planımız var. YDM-lərlə bağlı strategiyaya əsasən bu, bizim əsas prioritetimiz deyil. Bizim investisiya strategiyamıza görə, əgər 1 dollarımız varsa onu investisiya edəcəyimiz sahə müəyyən olunur. Hazırda Türkiyə bazarında ən yaxşı investisiya neft-kimya, daha sonra qaz və qaz distrübiter şəbəkəsi, ən sonda isə YDM-lərdir. Mütləq şəkildə YDM şəbəkəsi olmalıdır deyə məqsədimiz yoxdur.

- SOCAR-ın Türkiyədəki investisiyalarının ilkin mərhələsinin hansı dövrdə tamamlanması planlaşdırılır?

- SOCAR Türkiyədəki layihələrə indiyədək 15 milyard dollar xərcləyib və ilkin mərhələdə investisiyanın 2023-cu ilədək 19,5 milyard dollara çatdırılması planlaşdırılır. İnvestisiya planımız əsasən hazırkı aktivlərdən ibarətdir. Mövcud zavodlara hər 5 ildən bir investisiya qoyulmalıdır. 2023-cü ildən sonra bu zavodların saxlanmasına və biznesin optimallaşdırılmasına investisiya qoyuluşu nəzərdə tutulur. Əlbəttə ki, həmin planda yeni neft-kimya kompleksi də var. 2022-2023-də səhmlərinin ilkin kütləvi yerləşdirilməsi (IPO) də planlaşdırılır. Daha sonra isə yeni investisiyalar nəzərdən keçirilə bilər. Türkiyə bizim üçün yaxşı bir bazardır. Hazırda hər hansı yeni sahəyə investisiya nəzərdə tutulmur.

- Türkiyədə yeni neft-kimya müəssisəsi üzrə yekun investisiya qərarı nə vaxt veriləcək və tikinti işlərinə başlanacaq?

- Yeni neft-kimya kompleksinə dair yekun investisiya qərarı gələn ilin birinci rübünün sonunda qəbul olunacaq. Bu qərar BP ilə birgə qəbul ediləcək.

- “SOCAR Turkey”in qardaş ölkədə yanacaqdoldurma məntəqələri şəbəkəsi almaqla bağlı planları nələrdir?

- Biz Türkiyədə yanacaqdoldurma məntəqələri şəbəkəsinin alınmasını mütəmadi nəzərdən keçiririk. Türkiyədə hər bir şəbəkəni, nəyin satılıb-satılmadığını analiz edirik. YDM şəbəkəsi almaq investisiya prioritetlərimizdə üçüncüdür. Sərfəli qiymətə YDM şəbəkələri olarsa bunu nəzərdən keçirə bilərik. Lakin hələ ki, top prioritetimiz bu deyil.

- TANAP-ın ikinci fazası üzrə işlərin tam olaraq nə vaxt yekunlaşması nəzərdə tutulur?

- Cari ilin sonunadək boru kəməri ilə 4 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə çatdırılacaq. İndiyədək TANAP-la 1,5-2 milyard kubmetr qaz nəql olunub. Demək olar ki, TANAP-ın tikintisi bitib, Türkiyəyə qaz gedir, Yunanıstan sərhədində TANAP TAP ilə fiziki olaraq birləşdirilib, sınaqlar aparılır.

- “Petkim”ə illik hansı həcmdə investisiya yatırılır?

- “SOCAR Turkey” tərəfindən hər il orta hesabla “Petkim” neft-kimya kompleksinə təqribən 100 milyon dollar investisiya qoyulub.

- “Star” neft emalı zavodu barədə nə deyərdiniz?

- Zavodda simvolik olaraq ilk dəfə Azərbaycan nefti emal olundu. Lakin iqtisadi baxımdan Azərbaycan neftinin satılması, “Star”da isə daha ucuz neftin emalı daha sərfəlidir. Zavodda Azərbaycan neftinin davamlı emalı ilkin prioritet deyil. Hazırda zavodda emal üçün əsasən Rusiya neftini alırıq, gələn aydan isə yeni növ neft sistemə vurulacaq. Qarşıdakı dövrdə xam neftin çeşidini daha da genişləndirəcəyik.

Xəbər 249 dəfə oxundu.