“ArmenianReport”: “Paşinyan hakimiyyəti Kremli qane etmir”
“Biz artıq kiminlə dostluq edib-etməməyimizlə bağlı göstəriş verməyinizi istəmirik. Əks- təqdirdə, NATO-nun Ermənistandakı bazaları ölkəmizin ayaqda qalmasına kömək edəcək”

“Rusiya Ermənistana, onun Baş naziri Nikol Paşinyana qarşı hörmətsizlik nümayiş etdirməkdə davam edir. Baxmayaraq ki, hər iki lider dövlətlərarası münasibətlərdə çat olmadığını iddia etsələr də, bəzi nüansları gizlətmək artıq mümkün deyil. Üstəlik, Rusiyanın özü Paşinyanın siyasətindən narazılığını göstərmək üçün hər şeyi edir. Əlbəttə ki, bu da erməni cəmiyyətində Anti-Rusiya hisslərinin artmasına təkan verməkdədir”. “ArmenianReport” saytında yer alan bu fikirlərin haradan qaynaqlandığını anlamaq o qədər də çətin deyil. Belə ki, bir müddət bundan əvvəl Qazaxıstan paytaxtında Avrasiya İqtisadi İttifaqının beşinci ildönümü münasibətilə keçirilən tədbirdə Nikol Paşinyana qarşı göstərilən “hörmətsizliyi” ermənilər həzm edilə bilmir. Ermənistan mətbuatı həmin ərəfədə yazırdı ki, erməni baş nazir Paşinyanın Rusiya prezidenti Putinlə keçirəcəyi iki görüşdən biri məhz, Avrasiya İqtisadi İttifaqı sammiti çərçivəsində baş tutacaq. Amma Rusiya prezidentinin erməni baş nazir Nikol Paşinyanla ayaqüstü belə, söhbət etməyi özünə rəva bilməməsi ermənilərə möhkəm yer edib.
Saytın yazdığına görə, bu gün iki ölkə arasında yaşanan narazılığın başlıca günahkarı həmişə olduğu kimi, yenə də Kremldir: “…Bu gün Moskva Paşinyanın Ermənistanın suverenliyini gücləndirmək siyasətinə mane olur. Çünki Ermənistanın mövcud hökuməti artıq Rusiyanın ermənilərə daxili və xarici siyasətdə təlqin etdiyi fikirlərlə razılaşmaq niyyətində deyil”.
Saytın iddiasına görə, Kreml uzun müddət sübut edilmiş metod və üsullardan indi də Ermənistana qarşı istifadə etməkdə davam edir. Sayt yazır ki, Ermənistana satılacaq qazın qiymətinin yenidən nəzərdən keçiriləcəyi, ölkədə “beşinci kolon”un aktivləşdiriləcəyi ilə bağlı leqal və qeyri-leqal şəkildə verilən bəyanatlar erməni ictimaiyyətinə təhqirdir: “Bu gün Ermənistanda Kremlin göstərişlərinə «riayət etməyən» bir liderin hakimiyyətə gəlişi Kremli qane etmir. İrəvan artıq Koçaryan və Sarkisyanın vaxtında olduğu kimi, Kremlə itaət etmək niyyətində deyil. Biz artıq kiminlə dostluq edib-etməməyimizlə bağlı göstəriş verməyinizi istəmirik. Əks-təqdirdə, NATO-nun Ermənistandakı bazaları ölkəmizin ayaqda qalmasına kömək edəcək”.

Ağasəf Babayev

Xəbər 297 dəfə oxundu.