“Ehtiyat zabit hazırlığı kursu”na qəbul başlayır
Müdafiə Nazirliyinin hərbi hissələrinə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 28 yaşınadək vətəndaşlar sentyabrın 2-dən 20-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (SQ TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
Nazirlikdən Trend-ə verilən məlumata görə, “Ehtiyat zabit hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilir. Komissiyanın qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər “Ehtiyat zabit hazırlığı kursu”na qəbul edilirlər.

“Ehtiyat zabit hazırlığı kursu”nu müvəffəqiyyətlə başa vuran kursantlara leytenant hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma bağlanır və ixtisaslarına uyğun vəzifələrə təyin olunurlar.

“Ehtiyat zabit hazırlığı kursu”na qəbul olunmaq istəyən namizədlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:

- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);

- şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə - 1 nüsxədə və çap edilmiş - 2 nüsxədə;

- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;

- ali təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti - 2 ədəd;

- xarici dövlətlərdə təhsil almış namizədlər üçün, ali təhsil haqqında sənədin notarial qaydada tərcümə və təsdiq edilmiş surəti ilə yanaşı, həmin sənədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti;

- doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti - 2 ədəd;

- nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) - 2 ədəd;
- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda) - 2 ədəd;
- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış - 2 ədəd;
- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4.5x6 sm ölçüdə);
- psixiatrik, nevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar;
- qeydiyyatda olduğu poliklinikadan sağlamlıq haqqında arayış;
- qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi haqqında arayış;
- hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) - 2 ədəd.
Qeyd: Məhkumluğu olan hərbi vəzifəlilərin “Ehtiyat zabit hazırlığı kursu”na qəbul üçün müraciət etməmələri xahiş olunur.

Xəbər 147 dəfə oxundu.