“Vətənimizi uzaq bir ölkədə təmsil etmək mənə qürur verir”
Lalə Aydəmirova: “Gözəl nəticələr əldə edə bilmək üçün bərabərlik, qarşılıqlı hörmət və işgüzarlıq nümayiş etdirməliyik”

Yeni mövsümdə bir çox diaspor təşkilatları kimi, “Hollandiya Azərbaycan Evi” yeni layihələr həyata keçirəcək. Təşkilatın idarə heyətinə yeni seçilən üzvlər də öz potensiallarını nümayiş etdirəcəklər. Təşkilatın idarə heyətinin yeni üzvi, həmçinin mətbuat katibi Lalə Aydəmirova qəzetimizə müsahibəsində görüləcək işlər haqda danışdı. Xatırladaq ki, Lalə Aydəmirova 1970-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir, ixtisasca ibtidai sinif müəlliməsidir. Hazırda Niderlandın Hertogenbosch şəhərində yaşayır. Bir neçə ildir ki, yerli icra hakimiyyətinin nəzdində Sosial yardım şöbəsində məsləhətçi kimi çalışır. O, ailəsi ilə birlikdə 2001-ci ildə Nederlanda köçüb. 2 övladı var.

- Niderland dövləti vətəndaşlarına nə kimi sosial yardım edir?

-Burada əmək qabiliyyəti olmayanlar və ya əmək qabiliyyətini itirən gəlmələr bir neçə müddət sosial yardım ala bilərlər.Bizim şöbəyə gələn insanlar, həmçinin öz hüquqlarının bərpası, borclarının hissə-hissə ödənilməsi,hər hansı idarəyə məktub göndərmək və tərcümə kimi problemlərlə bağlı müraciət edirlər.Mən özüm, həm də tərcüməçi kimi də fəaliytət göstərirəm.Mənim çalışdığım şöbədə sırf məsləhət, yönəltmə və tərcümə məsələlərinə baxılır.

- Hər hansı xanım üçün Niderlandda diaspor işi görmək nə dərəcədə asandır?

-Diaspor işində çalışmaq üçün kişi və ya qadın olmaq vacib deyil. Doğulub, boya- başa çatdığımız Azərbaycanımızı sevmək yetərlidir və bu işdə heç bir qüvvə bizə mane ola bilməz. Vətənimizi uzaq bir ölkədə təmsil edib, onun mədəniyyətini, tarixini, musiqisini, mətbəxini və s. yüksək səviyyədə tanıtmaq mənə qürur verir.

- “Hollandiya Azəbaycan Evi”nin fəaliyyətində nə kimi yeniliklər etmək istərdiz?

-“Hollandiya Azəbaycan Evi” artıq neçə illərdir öz uğurlu fəlaiyyətini davam etdirir. Mənim də adıgedən quruma, yəqin ki, bir qatqım olar. Qurumun rəhbəri Elxan Mirhəşimli ilə yeni layihələr düşünürük və çalışacağıq ki, qısa bir zamanda planlarımızı yüksək səviyyədə həyata keçirək. Təbii ki, məqsədimiz Azərbaycan mədəniyyətini, tarixini Avropada təbliğ etmək, Azərbaycanın xarici siyasətini, Qarabağla bağlı siyasətini dəstəkləməkdir. Bunun üçün də yerli siyasi partiyalarla, media ilə, yerli təşkilatlarla əlaqə saxlayır, informasiya veririk. Düşünürəm ki, qısa bir zamanda qarşımıza qoyduğumuz məqsədlərə çatmaq üçün bərabər işlərə start verəcəyik. Təbii ki, özəl nəticələr əldə edə bilmək üçün bərabərlik, qarşılıqlı hörmət və işgüzarlıq nümayiş etdirməliyik.

Fuad Hüseynzadə


Xəbər 658 dəfə oxundu.