Ayrı-ayrı Avropa ölkəsində oturan iki müxalifətçinin də internetini hakimiyyət kəsdi?
Sosial şəbəkələr insanların həyatına aktiv şəkildə daxil olandan üzü bu yana müxalifət çayxanalardan yığışaraq, “Facebook”, “YouTube” kimi məşhur saytlara dadandı. Əslində sosiallıqdır, burada kim necə istəyir, o cür də fəaliyyət göstərə, öz təşkilatı, işləri, fəaliyyəti barədə təbliğatlarını apara bilər. Amma “sosiallıqdır” deyib,bundan sui-istifadə etmək qəbuledilməzdir. Ən azından bu, siyasətçilər üçün başucalığı gətirmir. Bu mənada müxalifətin, əsasən “Facebook”dakı insanların psixoloji durumlarına mənfi təsir edən anormal fəaliyyətləri cəmiyyətimizdə bəyənilmir. İş o yerə çatıb ki, nəinki ənənəvi müxalifət nümayəndələri-“çayxana müxalifəti” indi “sosial şəbəkə müxalifəti”nə çevrilib, hətta 90-cı illərin başıpozuq dəstələrini xatırladan yeni müxalif qruplar-mühacir dəstələr də bütün iyrənc görüntülərini, söyüş, təhqir ritorikası ilə dolu videopaylaşımlarını məhz “Facebook” və “YouTube” üzərindən reallaşdırırlar. Təbii ki, bütün bunlar da məqsədli şəkildə edilir, onlara verilən xarici direktivlər əsasında yazılan statuslar gənclərin beyinlərini zəhərləmək, ictimai fikrə mənfi yöndən təsir etmək üçündür. Bütün bu anormal fəaliyyətlərin içində ən çox diqqətçəkən məqam isə yalan, iftira dolu məlumatların və ya sübutsuz ittihamların yayılmasıdır. Bununla bağlı yüzlərlə misallar göstərmək olar ki, sonradan bu yazılan status və fikirlərin yalan olduğu üzə çıxmış oldu... Yalan danışaraq, insanları çaşdırmağın özünün də arxasında müəyyən məqsədlər dayanır. Məsələn Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli dəfələrlə olub ki, sübutsuz, faktsız danışaraq, guya ona, cəbhəçilərə qarşı müəyyən təzyiqlər olduğunu dilə gətirib. Bu da özünü şişirtmək, hakimiyyətin, guya onlardan qorxub çəkindiyini göstərmək məqsədi daşıyır. Ən son statusunda isə Əli Kərimli bu cür yalan dolu fikirlər paylaşıb ki, bu da əslində gülünc doğurur. Təsəvvür edin ki, özünə ciddi siyasətçi deyən bu adam sentyabrın 3-də yalandan status yazaraq iddia edib ki, Sevinc Osmanqızı ilə “YouTube”-da və “Facebook”da canlı müsahibə olmalıymış, canlı yayım başlayanda, guya Osmanqızının kompüterinə müdaxilə səbəbindən müsahibə alınmayıb. Günahı isə hakimiyyətdə görüb... Yenidən sentyabrın 4-də oxşar məzmunda status paylaşaraq yazıb ki, “bu çıxışımıza da kiberhücumlar oldu deyə, yarımçıq qaldı”...
Qısa bir xatırlatma edək. Dəfələrlə olub ki, Qənimət Zahid canlı yayımda müsahibə aldığı şəxslərin internetində problem olmasını hakimiyyətin üzərinə yükləyib ki, guya Azərbaycandakı müsahiblərinə, onların işinə müdaxilə edirlər, intenetdə problem yaradırlar və s. Maraqlıdır ki, iyulun 16-da Fransada oturub xalqa ağıl verən Qənimət Zahidin canlı yayımda növbəti qonağı diplomat peşəsinə xəyanət etmiş biri olan və Avropanın digər ölkəsində sığınacaq alıb rahat həyat sürən Arif Məmmədov olarkən də oxşar hal yaşandı... Sual yaranır, hakimiyyət Belçikada, Fransada və digər super dövlətlərdə oturan mühacirlərin də internetlərini kəsə bilir?! Ümumiyyətlə, belə “sirli metodlara”, fövqəlgücə malik olan, sizin təbirinizcə desək, hakimiyyətin xüsusi adamları varsa, niyə hər zaman sizlərin kompüter və internetinizə müdaxilə etmir ki, yalnız adda-budda müsahibələrinizdə belə haray-həşir salırsınız? Bir daha deyirik, Fransada oturan birinin internetini Bakıdan necə kəsmək olar axı? Bütün bunlardan bir daha belə bir nəticə hasil olur ki, əslində, elə Bakıda oturan Əli Kərimlidən tutmuş, digərlərinə qədər olan canlı yayımlardakı problemlər, elə məhz müxalifətin öz “problemləri” imiş. Sevinc Osmanqızı kimi müxalif jurnalistin kompüteri hansısa məktəblinin işlətdiyi kompüter deyil, əzizlərim! Bu adam və digər Əli Kərimlinin xaricdəki “media maşınları”, mühacir dəstələrin aparıcı üzvləri xarici xüsusi xidmət orqanlarının birbaşa nəzarətində olan şəxslərdirlər. Təbii ki, belə olan təqdirdə, onların kompüterləri də maksimum qorunur, həyatları da, maddi durumları da, belə yeri gələndə, it-pişikləri də... Yəni doğrudan da ən yüksək səviyyədə qorunub, cəmiyyətə açıq olmayan proseslərlə, informasiyalarla bağlı məlumatlandırılan şəxslərin kompüterinə, internetinə müdaxilə etmək beləmi asandır? Özü də bəyənməyib, hər sahədə, guya geridə qaldığını iddia etdiyiniz Azərbaycanın kiberhücumları ilə? Bu təzadları özünüz anlayırsınızmı? Sevinc Osmanqızı da Əli Kərimli də, Qənimət Zahid də gözəl anlayırlar ki, ciddiyə qəbul edilmək, sanballı şəxs, güclü müxalifətçi kimi təqdim edilmək üçün daim təqibdə olduğunu, kibertəqiblərə məruz qaldığını göstərmək ən məqbul üsuldur! Bu gün durub “Facebook”da uşaq başı aldadırmış kimi, yazmaq ki, hakimiyyət kiberhücumlarla kimlərinsə canlı yayımlarına imkan vermir, bu,yalnız özünü şişirtməkdən, gözə soxmaqdan başqa bir şey deyil. Nə Əli Kərimli, nə Osmanqızı, Qənimət Zahid, nə də mühacir dəstələrin bu cəmiyyət, xalq üçün deyə biləcəyi yeni sözləri, sanballı, savadlı siyasi konsepsiyaları olmadığı üçün bu cür iyrənc metodlara əl atıb özlərini reklam edirlər. Sadəcə olaraq, 20 ildən artıqdır “müxalifətçilik” edən Əli Kərimli və onu dəstəkləyənlər anlamağa başlayıblar ki, bundan sonra onları nə sosiallıqda, nə də real həyatda dəstəkləyən tapılmayacaq. Ona görə də özləri özlərindən qəhrəman, təqib olunan obrazları yaratmaqla, yeni şoular göstərməyə çalışırlar. Özlərinə diqqət cəlb etmək, Anti-Azərbaycan dairələrdə hələ də ciddi müxalif fiqur olduqlarını, hakimiyyətin onlardan, guya çəkindiyini göstərmək üçün bu cür metodlara əl atırlar. Amma,necə deyərlər, sizin “set”iniz çoxdan sönüb...

Tural Tağıyev



Xəbər 235 dəfə oxundu.