İbrahim Kalın: “Menbiçdəki kimi hədəf azdırmaya imkan verilməyəcək”
Mövlud Çavuşoğlu vә Yans Stoltenberq arasında telefon danışığı olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə hökümətin iclası keçirilib. Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın jurnalistlərin gündəmə dair suallarını cavablandırdı. Kalın prezident Ərdoğanın toplantıdakı çıxışında Türkiyədəki ümumi siyasi vəziyyətdən, regiondakı təhlükəsizlik məsələlərindən, daxili, iqtisadi və siyasi müstəvidə atılacaq addımlardan bəhs etdiyini bildirib. Ərdoğanın Fırat çayının şərqində cərəyan edən proseslərin yaxından təqibinin davam ediləcəyini söylədiyini bildirən sözçü İdlibdəki prosesləri yaxından izlədiklərini qeyd edib. Kalın Suriyanın İdlib şəhərində çox mühüm bir vəzifə icra etdiklərini xatırladıb, bazar ertəsi günü Prezident Ərdoğanın rəhbərliyində Ankarada keçiriləcək üçtərəfli görüşdə bu məsələlərin müzakirə olunacağını söyləyib. TRT xəbər verir ki, iclasda təhlükəsizlik məsələsi ilə bağlı regionda baş verən hadisələrin də ətraflı şəkildə müzakirə olunduğundan xəbər verən Kalın Fırat çayının şərqindəki hadisələrin gündəliyin əsas məsələlərindən biri olduğunu ifadə edib. Kalın Amerika Birləşmiş Ştatları ilə əldə edilən razılaşma çərçivəsində təhlükəsiz bölgənin yaradılması istiqamətində sürətli addımlarla irəlilədiklərini, ilk dəfə nəzarət fəaliyyətinin həyata keçirildiyini, daha əvvəl də helikopterlərlə havadan nəzarətin aparıldığını, birgə əməliyyat mərkəzinin yaradıldığını xatırladıb. Kalın birgə əməliyyat mərkəzi ilə bağlı fəaliyyətlərin və koordinasiyanın davam edəcəyini söyləyib. Prezident Aparatının sözçüsü sözünə belə davam edib: "Türkiyə Milli Müdafiə Nazirliyi, kəşfiyyat təşkilatımız və başqa orqanlarımız təhlükəsiz bölgənin yaradılması, idarə edilməsi, təhlükəsizliyin təmin olunması, sahədəki proseslərin bizim mənbələrimiz tərəfindən müstəqil şəkildə təsdiq edilməsi üçün də ABŞ rəsmiləri ilə yaxından fəaliyyət göstərməyə davam edirlər. Burada daha əvvəl Prezidentimizin də, xarici işlər nazirimizin də ifadə etdikləri kimi, Menbiçdəkinə bənzər bir diqqət dağıtma, hədəf azdırma yoluna əl atılmasına imkan verilməyəcək. Təhlükəsiz bölgədə, Fırat çayının şərqində qoyduğumuz qaydalar çərçivəsində görülməli işlər məlumdur. Proses heç bir güzəştə yol verilmədən, qətiyyətlə, ardıcıl şəkildə həyata keçirilməli, sürətləndirililməlidir. Prezidentimizin sentyabrin 21-də Nyu-Yorkda BMT-də başlayacaq görüşlərində də əhəmiyyətli gündəm maddələrindən biri bu məsələ olacaq". İbrahim Kalın Diyarbəkirdə övladları separatçı terror təşkilatı PKK tərəfindən qaçırılan anaların göstərdikləri şücaətdən də bəhs edib. Sözçü xarici mətbuatın bu hadisəni görməməsini tənqid edib:"Xarici mətbuatın bu məsələyə laqeyd qalması son dərəcə diqqətçəkicidir. Kiçik hadisələri böyüdən beynəlxalq mətbuatın bu məsələdə sükut, bəlkə də bir növ qərəz nümayiş etdirməsi son dərəcə diqqətçəkicidir. Lakin bu, bizim qətiyyətimizə, həmrəyliliyimizə təsir göstərməyəcək". Onu da qeyd edək ki, Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu NATO-nun baş katibi Yens Stoltenberq ilә telefon әlaqәsi saxlayıb. Bu barәdә diplomatik mәnbәlәrin yaydığı açıqlamada bildirilib. Açıqlamada görüşün tәfәrrüatları ilә bağlı әtraflı mәlumat verilmir.

Anar

Xəbər 108 dəfə oxundu.