Vətənin müdafiəsinə hazıram: Masallıda tədbir
Poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib
Xəbər verdiyimiz kimi 24-25 sentyabr 2019-cu il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Şəhr 3 saylı tam orta məktəbində Yeniyetmələr arasında “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib. Tədbirdə çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bildirdi ki, birinciliyin keçirilməsində məqsəd rayonunun bədən tərbiyəsi və idman kollektivlərində, həmçinin qəsəbə və kəndlərində “Vətənin Müdafiəsinə Hazıram” çoxnövçülüyünü yeniyetmə və gənclər arasında təbliğ etmək, onları hərbi-vətənpərvərlik ruhunda tərbiyə etmək və orduya xidmət etmələri üçün fiziki hazırlıq səviyyələrini yüksəltməkdir. Tədbirdə rayon Təhsil şöbəsinin metodisti Əyyar Burhanov tədbirin keçirilməsi və əhəmiyyəti barədə iştirakçılara məlumat vermiş, komandalara uğurlar arzulamışdır. Birincilikdə 26 məktəbdən ümumilikdə 130 şagird mübarizə aparmışdır. Poliatlon çoxnövçülüyü proqramı üzrə yarışlar 100 metr məsafəyə qaçış, 2000 metr məsafəyə kross qaçışı, qumbara atma və turnikdə dartınma növləri üzrə keçirilmişdir.
Yekun nəticələrə əsasən I yeri N.Aslanov adına Miyənkü kənd tam orta məktəbin komandası,II yeri S.Hacıyev adına Viləş kənd tam orta məktəbin komandası, III yeri isə Çaxırlı kənd tam orta məktəbin komandası layiq görülmüşdür.
Fəallığına görə isə Şəhər 3 nömrəli tam orta məktəbin komandası xüsusi diplomla mükafatlandırılmışdır. Yarışda qalıb gəlmiş komandalar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışdır.

Əlihüseyn Şükürov

Xəbər 257 dəfə oxundu.