“Bəzi müxalifətçilər gəncliklərini xəyallara qurban verdilər”
“Onların içərisində elə istedadlı gənclər var idi ki, əgər belələri siyasətlə deyil, bacardıqları işlərlə məşğul olsaydılar, indi mühüm postlar tuta bilərdilər”

“AXCP sədrinin müavini Fuad Qəhrəmanlının məlum istefası ətrafındakı ajiotaj bitməmiş, bu siyasi qurumda daha bir qalmaqal baş verdi”. Bunu SİA-ya açıqlamasında “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev deyib. Onun sözlərinə görə, partiyada kifayət qədər ciddi fiqur sayılan, 30 il siyasətlə məşğul olan Nəzarət Təftiş Komissiyasının sədri Aydın Əliyev də istefa verdi: “F.Qəhrəmanlıdan fərqli olaraq, A.Əliyev partiya sədri Əli Kərimliyə qarşı çox sərt ittihamlar yağdırdı. Onu sıravi cəbhəçilərdən şəxsi mənafeyi üçün istifadə etməkdə, partiya daxilində sərt diktatura rejimi yaratmaqda, fərqli fikir yürüdənlərə böhtan ataraq, partiyadan uzaqlaşdırmaqda günahlandırdı. Sual oluna bilər ki, partiyadan qopmalar, rəhbərə qarşı kəskin ittihamlar nə üçün baş verir? Təbii ki, bu kimi halların köklü səbəbləri var. 25 ildən artıqdır ki, Əli Kərimli bu insanlara hakimiyyətə tezliklə gələcəyi ilə bağlı yalan vədlər verir. Nə qədər adamlar var ki, gəncliklərini belə xəyallara qurban verdilər. Onların içərisində istedadlı gənclər də var idi ki, əgər belələri siyasətlə deyil, bacardıqları işlərlə məşğul olsaydılar, indi mühüm postlar tuta bilərdilər. Çox güman ki, belə şəxslər zamanı boşa xərclədiklərinə görə, ürəklərində partiya sədri ilə yanaşı, özlərini də ittiham edirlər... Bunu nəzərə alaraq tam əsasla iddia etmək olar ki, yaxında AXCP-də yeni-yeni istefaların şahidi olacağıq”.
GÜLYANƏ

Xəbər 811 dəfə oxundu.