“Çərkəz toyuğu“

Bu gün sizə reseptini təqdim edəcəyimiz "Çərkəz toyuğu" da Qafqaz boylarından biri olan çərkəzlərin Türk mətbəxinə qazandırdığı bir yeməkdir. Türk mətbəxi dünyanın zəngin mətbəxlərindən biridir desək, səhv etmərik. Çünki Orta Asiyadan Balkan ölkələrinədək bir çox mətbəxin təsiri var Türk yeməklərində. Türklərin Orta Asiyadan Anadoluya üz tutması ilə başlayan mətbəx tarixi Osmanlı imperiyasının Orta Şərq və Balkan yarımadasınadək sərhədlərini genişləndirməsi ilə bir çox fərqli ləzzətin bir qazanda birləşməsinə yol açdı. Bu səbəbdən Türk mətbəxi istər istifadə edilən ərzaqlar, istərsə də bişirmə üsulları baxımından çox zəngindir. Anadolu coğrafiyasına köçən müxtəlif millətlər və tayfalar da öz yemək- içmək mədəniyyətlərini özləri ilə gətirərək, Türk mətbəxinin rəngarəngliyini artırdılar. Bu gün sizə reseptini təqdim edəcəyimiz "Çərkəz toyuğu" da bir Qafqaz boylarından biri olan çərkəzlərin Türk mətbəxinə qazandırdığı bir yeməkdir. Süfrəyə adətən soyuq şəkildə, məzə olaraq verilən bu ləzzətli toyuq yeməyinin hazırlanma qaydası belədir:

"Çərkəz toyuğu"nu bişirmək üçün lazım olan ərzaqlar:

Soyutma toyuq üçün:

1 bütöv toyuq

1 ədəd baş soğan

1 ədəd yerkökü

5-6 sap cəfəri

1 ədəd kərəviz sapı

duz

istiot

"Çərkəz toyuğu" üçün;

250 qram qoz ləpəsi

4-5 dilim boyat çörək içi

2 diş sarımsaq

1 çay qaşığı qırmızı istiot

2 su stəkanı toyuq bulyonu

Beləliklə, yeməyimizi hazırlamağa başlaya bilərik. Əvvəl soğan, yerkökü, cəfəri, kərəviz, duz və istiot əlavə etdiyiniz suda toyuğu yumşalana qədər qaynadın. Pörtlənmiş toyuğu sudan çıxarın, soyuyanda dərisindən və sümüklərindən ayırıb əllə kiçik hissələrə ayrılacaq şəkildə didin. Bu arada qoz ləpələrini həvəngdəstədə yaxşıca döyün. Bunun üçün mətbəx robotundan da istifadə edə bilərsiniz. Boyat çörək içlərini toyuğun bulyonunda yumşaltdıqdan sonra suyunu sıxıb qoza əlavə edin. Bütöv bir kütlə halına gələnədək yaxşıca qarışdırın və əzilmiş sarımsağı, duzu, 1 ¼ stəkan ilıq toyuq bulyonunu əlavə edin. Didilmiş toyuq hissələrini boşqaba qoyun və üzərinə qozlu sousu tökərək, toyuqla sousu yaxşıca qarışdırın. Bir qaşığın arxası ilə üstünü və kənarlarını düzəldin. Üzərini qırmızı istiotla bəzəyərək soyuq, və ya ilıq şəkildə süfrəyə qoyun. Nuş olsun!

Xəbər 190 dəfə oxundu.