“Qarabağ Azərbaycandır!” beynəlxalq ictimai dəstək kampaniyasına başlanılıb
Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli çıxışı ilə Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” yalan bəyanatını alt-üst edərək, “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır və “Qarabağ Azərbaycandır və nida işarəsi” deməsi və bunu inamlı şəkildə dünya birliyinə çatdırması Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatında (ADTGT) da bu möhtəşəm addıma beynəlxalq ictimai dəstək kampaniyasına başlamağa böyük stimul olub.
Azərbaycanda, Avropada, MDB məkanında və eləcədə dünyanın müxtəlif yerlərində ölkəmizin haqlı və ədalətli mövqeyinin təbliği istiqamətində çoxsaylı beynəlxalq layihə və tədbirlər həyata keçirən ADTGT artıq bu kampaniya çərçivəsində xarici tərəfdaş QHT-ni, əcnəbi vətəndaş cəmiyyəti fəallarını, gənc liderləri bu aksiyaya dəvət etmiş, konkret fəaliyyət və beynəlxalq ictimai dəstək addımlarını həyata keçirməyə başlayıb.
Belə ki, başlanan bu beynəlxalq ictimai dəstək kampaniyası çərçivəsində ADTGT-nin çağırışı ilə dünyanın müxtəlif ölkələrindən olan və əməkdaşlıq etdikləri xarici QHT-lər, gənclər təşkilatları və əcnəbi fəallar “QARABAĞ AZƏRBAYCANDIR!” sloqanını öz dillərində canlı səsləndirərək və eləcə də yazılı kağızlarda nümayiş etdirərək, bunları video və foto görüntülərə alıb həm təşkilatçıya göndərəcək, həm də sosial şəbəkələrdə paylaşacaqlar. Müxtəlif ölkələrdə eyni zamanda ADTGT tərəfdaşları tərəfindən fəal gənclərin iştirakı ilə bu sloqan əsasında flaşmoblar da təşkil olunacaq.
ADTGT tərəfindən sosial şəbəkələrdə təbliğ olunacaq və requlyar şəkildə davam etdiriləcək bu aksiya ilə yanaşı, bütün əcnəbi dillərdə səslənən və göstərilən süjetlər əsasında vahid bir təbliğati çarx (rolik) da hazırlanacaq.
ADTGT tərəfindən başalanan bu beynəlxalq ictimai dəstək kampaniyasının məqsədi Azərbaycan Prezidentinin sloqan olaraq yekun vurduğu bu qəti fikrə hər kəsi inandırmaq, Ermənistanın bu günə qədər dünya birliyinə söylədiyi saxta və sərsəm bəyanatları ifşa etmək və eləcədə Qarabağın Azərbaycana tarixi və hüquqi məxsusluğunu sübut edən faktları beynəlxalq aləmə çatdırmaqdır.

“Ermənilər səsləndirdiyi sərsəm bəyanatlarına görə Paşinyanı qınayır”
Yeri gəlmişkən, millət vəkili Azər Badamov SİA-ya açıqlamasında deyib ki, Prezident İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Nikol Paşinyana tutarlı cavab verib: “Paşinyanın “Qarabağ Ermənistanındır və nöqtə” ifadəsinə münasibət bildirərək cənab İlham Əliyevin “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır və “Qarabağ Azərbaycandır və nida işarəsi” deməsi Ermənistana bir mesajdır”.
Deputatın sözlərinə görə, Paşinyan öz sərsəm ifadəsini müstəqil inzibati ərazi kimi heç kimin tanımadığı torpağımız olan Dağlıq Qarabağda auditoriyanın könlünə xoş gəlməsi üçün işlədibsə, İlham Əliyev bütün dünyanın diqqəti mərkəzində olduğu “Valday” Klubun iclasında səsləndirib və bütün dünya eşidib: “Biz sosial şəbəkələrdə erməni ictimaiyyətinin düşüncələrini izləyirik və görürük ki, bu gün erməni ictimaiyyəti Ermənistanı ölkə rəhbəri baxımından bədbəxt ölkə adlandırırlar. Ermənilər Paşinyanı səsləndirdiyi sərsəm bəyanatlarına görə qınayır və beynalxalq arenada həmişə olduğu kimi İlham Əliyevin qalib olduğunu qeyd edirlər. Düşünürəm ki, bundan sonra Paşinyan ictimaiyyət qarşısında çıxışları zamanı öz ifadələrinə ciddi fikir verəcəkdir. Çünki, onun hər bir sərsəm açıqlamasını beynəlxalq ictimayyət qınayır və İlham Əliyevin tutarlı cavabları Paşinyanın qətiyyətsizliyini, savadsızlığını və yerində olmadığını üzə çıxardır”.

“Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kifayət qədər nəzərəçarpan bəyanatlar verdi”

İqtisadiyyat üzrə fəlsəfə doktoru, Avrasiya Kombat Ciu-Citsu Federasiyasinin prezidenti Aqil Acalov isə deyib ki, Azərbaycan Prezidenti "Valday" Diskussiya Klubunda yüksək diplomatik mövqe nümayiş etdirdi. İqtisadçı bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi Valday Beynəlxalq Müzakirə Klubunun XVI illik iclasında Şərqin dünyanın nizamında artan təsirinə, Yaxın Şərqdə yerləşmə, Böyük Avrasiya və Asiya-Sakit okean regionu ilə əməkdaşlığa fokuslanma məsələlərinin müzakirələri nəzərdə tutulmuşdu.
Onun sözlərinə görə, daim inkişaf etməkdə olan Rusiya-Azərbaycan münasibətlərindən danışmaqla yüksək diplomatik mövqe nümayiş etdirən Prezident İlham Əliyev çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kifayət qədər nəzərəçarpan bəyanatlar verdi:
"Ticari-iqtisadi münasibətlərin, təhsil, hərbi-texniki, nəqliyyat sahəsində əməkdaşlığın inkişafindan ətraflı bəhs edən İlham Əliyev çıxışının zirvə nöqtəsi olaraq daimi müzakirə mövzularından biri, Azərbaycan üçün ən vacib məsələ - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxundu. Prezident münaqişə ilə əlaqədar reallığı əks etdirməyən fikir müxtəlifliklərinə aydınlıq gətirmək üçün münaqişə barədə və işğal altında olan torpaqların hal-hazırkı vəziyyəti haqda məlumatlar verdi - "Mən Ermənistan baş nazirinin təəccüb doğuran "Qarabağ Ermənistanın bir hissədir və nöqtə" bəyanatına toxunmaq istərdim. Birincisi, bu yumuşaq dildə ifadə etsək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır. Qarabağ tarixi Azərbaycan torpağıdır. Belə ki, Qarabağ Azərbaycandır və nida işarəsi!".
Bəli, cənab Prezidentin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dəyişməz mövqeyini əks etdirən bu çıxışı Paşinyanın məlum uydurma bəyanatına qaçılmaz cavab idi. Siyasi analitiklər Azərbaycan prezidentinin bu çıxışının Valday klubu tarixində qalacağını bildiriblər".
A.Acalov vurğulayıb ki, Şərqin Qapısı kimi bu gün Azərbaycan müxtəlif mədəniyyət və sivilizasiyaların, Şərq ilə Qərbin, Şimal ilə Cənubun kəsişməsində yerləşməklə, həm İslam, həm Avropa təşkilatlarının üzvü kimi çoxsaylı sivilizasiyaların dəyərlərini özündə birləşdirir: "Azərbaycanın xarici siyasəti müstəqil və milli maraqlara, tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq, regionda sabitliyə əsaslanan siyasətdir. Bu gün İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi olaraq Azərbaycan ənənəvi tərəfdaşlarla münasibətlərini daha da möhkəmləndirmiş, yeni dostluq körpüləri qurmuş və qarşılıqlı hörmətə əsaslanan səmərəli əməkdaşlıq mühiti yaratmışdır".
İqtisadçı əlavə edib ki, "Valday" görüşü kimi geniş politik kürsüdən Qarabağ münaqişəsi ilə bağlı ölkə başçısının çıxışı da onun yüksək diplomatik performansının növbəti göstəricisi oldu: "Bu gün bir milyondan çox qaçqın və məcburi köçkünün olması, tarixi abidələrin dağıdılması və xalqımıza qarşı aparılan etnik təmizləmə ilə gerçəkləşdirilən bu işğal beynəlxalq hüquqa əsaslanan qətnamələrin pozulması deməkdir. Praktiki olaraq deyə bilərik ki, bu kimi hallarda beynəlxalq hüquqa riayət edilmir, onun normaları ikili standartlar çərçivəsində pozulur.
Hesab edirəm ki, hər kəs öz sahəsində bu münaqişənin tezliklə həll edilməsinə öz töhfəsini verməli, əlindən gələni əsirgəməməlidir. Gənc nəsli maarifləndirmək, ölkə başçısı ətrafında sıx birləşməklə çiyin-çiyinə davamlı inkişaf hədəflərinə doğru getmək bütün dünyada yaşayan azərbaycanlıların ən başlıca vəzifələrindən biri olmalıdır".

Fuad Hüseynzadə

Xəbər 463 dəfə oxundu.