“Təbii şirələr nümayiş olunan bütün beynəlxalq sərgilərdə iştirak edirik”
Vüqar Yusifov: “Malların keyfiyyətinə etibar etdikləri üçün Azərbaycanla əlaqəli məhsullara, xüsusən də sektorumuza böyük maraq var”

Ötən ay, həm də Azərbaycan məhsullarının Rusiyanın Moskva şəhərində təşkil olunan “Worldfood Moscow 2019” beynəlxalq ərzaq sərgisində nümayiş olunması ilə yadda qaldı. Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida, şərab və spirtli içki məhsulları sahəsində fəaliyyət göstərən 30-dan artıq Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirib. Sərgidə BPC şirkətinin "Azərbaycan Nemətləri" adı altında məhsulları nümayiş olunub. BPC şirkətinin icraçı direktoru Vüqar Yusifov sərgi ilə bağlı təəssürtalarını “Palitra”ya bölüşüb. Xatırladaq ki, Vüqar Yusifov 1994-cü ildən Belarusda yaşayır. Belarus Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr və magistr dərəcələri üzrə təhsil alıb. Dünyanın bir çox ölkələrində çalışıb. Hazırda ailləsilə Minskdə yaşayır. Belarusla Azərbaycan arasında ticarət dövriyyəsinin artırılması üçün dəfələrlə iş adamları ilə birgə görüşlər keçirib. Bununla yanaşı, Vüqar Yusifov Belarusda Azərbaycan diasporunun fəal üzvlərindən biridir.

- BPC şirkəti nə vaxtdan fəaliyyət göstərir?

-BPC şirkəti “Brill”, “Wish”, "Azərbaycan Nemətləri", "Belarus Nemətləri" ticarət markaları altında şirələr, meyvə içkiləri, nektar və şirəli içkilər istehsalçısıdır. BPC şirkəti 2007-ci ildə yaradılıb. 2016-cı ildə Rusiyanın Smolensk şəhərində öz bölgəsində ən böyük şirə məhsullarının istehsalçısına çevrilən yeni bir zavod açdıq. İstehsal prosesində Azərbaycan, Türkiyə, İspaniya, Yunanıstan, CAR, Braziliya və digər cənub ölkələrinin yüksək keyfiyyətli xammalından istifadə olunur. Müasir avtomatlaşdırılmış avadanlıq qida maddələrini maksimum dərəcədə qoruyur və istehsal prosesinin bütün mərhələlərində etibarlı nəzarəti təmin edir. Şirələrin və nektarların saxlanma müddəti 12 aydır.
BPC şirkətinin məhsulları Rusiya Federasiyasının bütün bölgələrində, eləcə də Qərbi Avropa, Baltikyanı ölkələr və ABŞ-da təmsil olunur. Komandamız məhsulları ilə fəxr edir!

- Moskva Beynəlxalq Qida Sərgisində sizin rəhbəri olduğunuz şirkətin məhsulları da nümayiş olundu. Bu sərgi ilə bağlı təəssüratlarınızı bilmək istərdik?

- “Worldfood Moscow 2019” sərgisi çox məhsuldar idi. Çox görüşlər və danışıqlar oldu. Qeyd etmək lazımdır ki, hər şey çox peşəkar şəkildə təşkil olunmuşdu. Bu sərgidə ilk dəfə iştirak edirdik və sizi əmin edə bilərəm ki, bu sərgi ən yaxşılarından biridir. Biz sərgidə Azərbaycandan məhsulların Rusiya bazarına çıxarılması üçün hər cür səy göstərən Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyi ilə birlikdə iştirak etdik. Bundan əlavə, üçüncü dəfə Azərbaycan “Worldfood Moscow” sərgisində tərəfdaş ölkə kimi çıxış edəcək.

- Bir ayda iki dəfə beynəlxalq sərgidə iştirak etdiniz. Bildiyimizə görə, sentyabr ayında ABŞ-ın Baltimor şəhərində keçirilən Ticarət Sərgisinə də qatılıbsız. Maraqlıdır, Azərbaycan məhsullarına ABŞ-da nə dərəcədə maraq var?

- Bəli, məhsullarımızı fəal şəkildə təbliğ edirik və təbii şirələr nümayiş olunan bütün beynəlxalq sərgilərdə iştirak edirik. 11 - 14 sentyabr tarixlərində ABŞ-ın Baltimor şəhərindəki Konvensiya Mərkəzində təbii şirələrimiz ABŞ-ın Şərq üzrə ən böyük Ticarət Sərgisində nümayiş olundu. Bu gözəl hadisənin bir hissəsi olmaqdan çox məmnun olduq.
Bizim Moskvada (Rusiya), Minskdə (Belarus) və Mayamidə (ABŞ) 3 ofisimiz var. Məhsullarımızın bütün dünyada qəbul olunan və yalnız müəssisə və istehsalın tam yoxlaması ilə əldə edilə bilən üzvi bir sertifikatı (USDA Organic) var. ABŞ-da üzvi məhsullara çox böyük maraq var. Bu gün “Amazon” onlayn mağazasında iri pərakəndə satış şəbəkələri ilə müqavilələr bağlamaq mərhələsindəyik. Nar şirəsi yalnız Azərbaycanın böyük zavodlarında alınan üzvi xammaldan hazırlanır. Yeri gəlmişkən, bütün dünyada üzvi şirələr istehsal edən 2-3 ölkə var və Azərbaycan da öndə gedir. Malların keyfiyyətinə etibar etdikləri üçün Azərbaycanla əlaqəli məhsullara, xüsusən də sektorumuza böyük maraq var.

- Bu gün "Azərərbaycan nemətləri" brendi əsas hansı ölkə bazarında özünə daha çox yer edib?

- Rusiya, Litva, Latviya, Estoniya, Hollandiya, Almaniya, Fransa, bir sıra MDB ölkələrinə və ABŞ-a yayırıq. Bütün ölkələrdə böyük maraq var.

- Ümumiyyətlə, sizin məhsulların özəlliyi nədədir?

-Keyfiyyət və əlçatanlıq. 2007-ci ildən şirə məhsulları istehsal edirik. Hər il bütün istehsal prosesini avtomatlaşdırırıq və keyfiyyətli məhsulu mümkün qədər məhsuldar istehsal etməyə imkan verən yeni texnologiyalar tapırıq. Artıq Tetra Pak paketlərində həcmi 0,75 litr, 1,0 litr və 2,0 litr olan məhsullar istehsal etməyə imkan verən üç şüşə qab, eyni zamanda hər biri bir litrlik şüşə qablarımız var.

- Qarşıda hansı sərgidə məhsullarınızın nümayiş etdirilməsini planlayıbsız?

- Bu ilin noyabr ayında Çikaqoda (ABŞ) “Fərdi Etiket Dünyası” sərgisinə qatılacağıq. Gələn ilin birinci yarısında isə San-Fransiskoda (ABŞ) “Fancy Food Show” və Moskvada (Rusiya) “Продэкспо” sərgilərində iştirak etməyi planlaşdırırıq.
Şirkətimiz haqqında daha çox məlumatı veb saytlarımızdan da öyrənə bilərsiniz: https://juicewish.com/, http://belprodco.ru/.

Fuad Hüseynzadə

Xəbər 454 dəfə oxundu.