Avropa Birliyinin 7 ölkəsi Suriyaya hərbi müdaxiləni dəstəkləyir
Fransadan başqa BMT Təhlükəsizlik Şurasının mandatı olmadan Suriyaya hərbi müdaxiləni Avropa Birliyinin altı ölkəsi dəstəkləyir. Bu barədə “RİA Novosti” məlumat yayıb. Bu ölkələr arasında Danimarka, Xorvatiya, Rumıniya, Yunanıstan, Latviya və Kiprin adı var. Avropa Birliyi bəzi Qərb dövlətlərinin Suriyaya mümkün hərbi müdaxiləsi ilə bağlı mövqeyini yaxın günlərdə açıqlamalı olacaq.
Sentyabrın 6-7-də Vilnüsdə Avropa Birliyinə daxil olan 28 ölkənin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı keçiriləcək. Fransa hökuməti isə Suriyada kimyəvi silah tətbiqinə dair əldə etdiyi kəşfiyyat məlumatlarını ictimaiyyətə açıqlayıb. Fransanın Azərbaycandakı səfirliyinin yaydığı sənəddə fransız kəşfiyyatının mənbələri əsasında Suriyada kimyəvi silahla bağlı analiz öz əksini tapıb: “Suriyada dünyanın ən mühüm və operativ kimyəvi silah ehtiyatları saxlanır, bu ehtiyatlar uzun müddət Fransa kəşfiyyatı və tərəfdaşları tərəfindən monitorinq edilib. Suriyada ümumilikdə 1000 ton kimyəvi maddə və kimyəvi prekursorlar, o cümlədən bir neçə yüz ton kükürd ipriti, zarin qazı və bir neçə ton zəhərli VX var”. Sənəddə bildirilir ki, Bəşər Əsəd rejimi Şərqi Qutada artıq kimyəvi silah tətbiq edib. Fransa kəşfiyyatı aprelin 29-da Saraqebdə və aprelin ortalarında Dəməşq yaxınlığındakı Cobar qəsəbəsində zarin qazının tətbiq olunmasını isbatlayan bionümunələr və materiallara sahibdir. Fransa kəşfiyyatının analitikləri bildirir ki, avqustun 21-də Şərqi Qutada kimyəvi silah tətbiqi yalnız Əsəd rejiminin əmri ilə həyata keçirilə bilərdi və rejim izləri yox etmək üçün müfəttişləri bir neçə gün hadisə yerinə buraxmayıb: “Suriya müxalifəti kimyəvi maddələrdən istifadə edə bilməzdi. Çünki heç bir qruplaşmanın bu kimyəvi maddələrə, xüsusilə Şərqi Qutada tətbiq olunan miqdarda kimyəvi maddələrə çıxışı yoxdur”. Bu arada Cenevrədə İraq, İordaniya, Livan və Türkiyə xarici işlər nazirlərinin BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığının rəhbəri Antonio Quterrişlə görüşü olub. Görüşdə Suriyadan region ölkələrinə qaçqın axınının yaratdığı problemlər müzakirə olunub. Görüşdən sonra yayımlanan birgə bəyanatda Suriyada qaçqın axınının yaranma səbəblərinin aradan qaldırılmasına çağırılıb. Tərəflər sentyabrın 30-da regionda yaranmış humanitar böhranı aradan qaldırmağa maliyyə yardımı cəlb etmək üçün yüksək səviyyəli görüş keçirmək barədə razılığa gəliblər. Hazırda 2 milyonadək suriyalı qonşu ölkələrdə sığınacaq tapıb. Avqustun sonlarında 110 min suriyalı Misirdə, 168 min nəfər İraqda, 515 nəfər İordaniyada, 720 min nəfər Livanda, 460 min nəfər Türkiyədə sığınacaq tapıb. Hər gün qonşu ölkələrə orta hesabla 5 min suriyalı qaçqın gəlir. Livanda suriyalı qaçqınlar ölkə əhalisinin 18 faizini təşkil edir.

Xəbər 436 dəfə oxundu.