Qadınlar potensiallarını ailə qayğılarına yönəldirlər
XX əsrin ortalarında yeni elmi istiqamət kimi formalaşmağa başalayan gender problemi cinslərarası ədalət prinsipinə əsaslanan yeni sosial nəzəriyyə kimi meydana çıxdı. Gender termininin ilk dəfə işlənməsi isə ingilis tədqiqatçısı Enn Qakley və onun tərəfdarlarının adı ilə bağlıdır.
Müasir dünyamızda qadınlar, əhalinin əmək ehtiyatları baxımından, əsaslı rola malik komponentə çevriliblər. Belə ki, sənayesi inkişaf etmiş ölkələrin əhalisinin iqtisadi cəhətdən fəal olan hissəsinin 40-50%-nə qədərini qadınlar təşkil edirlər. Qadınların peşəkar fəaliyyəti aparici ölkələrin milli gəlirinin artmasına güclü təsir göstərməklə, bəşəriyyətin təkamülündəki bir sıra istiqamətləri müəyyən edən təsir modelinə çevrilməkdədir. Əksər ölkələrin dövlət siyasətində prioritet məsələ Eqalitarizmdir. Eqalitarizm bərabər hüquqlara və bərabər əmək bölgüsünə əsaslanan ailə münasibətləri sistemidir.
Son illərdə gender anlayışı məsələsi daha geniş yayılmışdır. Bunun səbəbi isə cəmiyyətdə sosial rolların müəyyən cinsə aidiyyətindən asılı olaraq bölüşdürülməsi ilə bağlı ortaya çıxan problemlərin aktuallaşmasıdır. Çünki insan dünyaya göz açdığı gündən etibarən, kişi və qadın davranış normalarının "bölgüsü" ilə üzləşir, bir növ gender sisteminin obyektinə çevrilir.Yaşadığımız cəmiyyətdə demokratik dəyərlərin vüsət alması, cinsindən asılı olmayaraq, cəmiyyətin bütün üzvlərinin maraqlarının və hüquqlarının reallaşması üçün bərabər şəraitin yaradılmasını zərurət kimi qarşıya qoyur.
Bir çox hallarda gender araşdırmalarının mərkəzində səhvən qadınların hüquq bərabərsizliyi probleminin qoyulması onlara qarşı mənfi münasibətin, əks cinsdə aqressivliyin yaranmasına şərait yaratmış olur. Belə bir vəziyyət tələb edir ki,cəmiyyət daxilində qadın problemlərini kişi problemlərindən ayrı həll etmək olmaz. Çünki gender problemlərinin çoxşaxəliliyi ona kompleks yanaşmanı tələb edir.
Gender anlayışının mahiyyətinin tam açıqlanması üçün onunla bağlı olan bir sıra kateqoriyaların da mənaca açıqlanması zərurət kimi ortaya çıxır.
Gender bərabərliyi (cinslərin bərabərliyi-eqalitarlıq)-qadın və kişilərin sosial hakimiyyətdə bərabər haqqa malik olmalarını,habelə onların hüquq və imkanlarının bərabərliyini nəzərdə tutur. İmkan bərabərliyi-insan hüquqlarının həyata keçirilməsində qadınlar və kişilər üçün yaradılan bərabər şərait və təminatlardır.
Gender bərabərsizliyi-kişi və qadınların cəmiyyətdə qeyri-bərabər imkanlara və davamlı fərqlərə malik olması ilə müşayiət olunan sosial quruluşun xarakteristikasıdır.Bu bərabərsizlik təlim və tərbiyə prosesində də özünü büruzə verir.
Gender ideologiyası -elə bir ideyalar sistemidir ki, onun vasitəsilə gender fərqləri və gender stratifikasiyası sosial bəraət qazanır. Ölkələrin əksəriyyətində gender ideologiyası cəmiyyətin bütün sferalarında kişi təsəvvürlərini əks etdirir.
Gender ayrı-seçkiliyi -müəyyən cinsə digəri ilə müqayisədə üstünlüklərin verilməsini nəzərdə tutur.Bəzən yanlış olaraq, gender ayrı-seçkiliyinin qurbanları kimi, daha çox qadınlar nəzərdə tutulur, ancaq son zamanlar kişilərin də cinsi ayrı-seçkiliyinin özü də açıq və gizli şəkildə həyata keçirilir.
Bu gün müasir cəmiyyətin demokratik səviyyəsini,müxtəlif ölkə və bölgələrin tərəqqisini müəyyən etməyin yollarından biri olan insan inkişafının göstəricisində gender inkişafını xarakterizə edən əmsalların hesablanması zərurət kimi ortaya çıxır.Belə əmsalların mövcudluğu hər hansı bir ölkədə gedən və gender probleminin həllinə yönəldilmiş siyasətin hansı istiqamətdə və hansı surətdə inkişafından xəbər verir. Bununla bərabər,belə müqayisə bu sahədə əldə edilmiş ən qabaqcıl təcrübənin yayılmasına xidmət edir.
Gender inkişafının qiymətləndirilməsi iki əsas əmsalın hesablanması əsasında həyata keçirilir. Onlardan biri gender faktorunu nəzərə almaqla, insan inkişafı əmsalıdır.
Müasir dövrdə qadınla kişi arasındakı köhnə, patriarxal münasibətlər yeni eqalitar münasibətlərlə əvəz olunur və bu münasibətlər tabelik üzərində deyil,bərabər hüquqluluq zəmnində qurulur. Bir- birini qarşılıqlı tamamlamağa əsaslanan eqalitar anlaşma cinsindən asılı olmayaraq şəxsiyyətin özünü cəmiyyətin bütün sahələrində reallaşdırması üçün bərabər imkanların yaradılması amilini ortaya qoyur. Məhz buna görə, bu gün cəmiyyətimiz ümumiləşdirilmiş əxlaq nümunələrinə,davranış normalarına ehtiyac duyur. Bu aspektdən gender-cinsi münasibətlər, cinslər arasında sosial bərabərilk əxlaqın mühüm tərkib hissəsini təşkil edir.
Genderə dair müxtəlif elmi istiqamətlərdə tədqiqatlar çoxdur. Lakin gender bərabərliyinə nail olmağın əsası olan əxlaq və tərbiyə məsələlərinə çox az diqqət yetirilir,onların əhəmiyyəti lazımınca qiymətləndirilmir.
İnsanın öz mənəvi dəyərini dərk edib, özünün özünə qiymət verməsində özünü büruzə verən, ləyaqət hissinə malik olan həm qadın,həm də kişi gender bərabərliyi şəraitində öz hərəkətlərini cəmiyyətin dəyər və normalarına uyğunlaşdırır. Bu ali hissə malik olan fərd cinsindən asılı olmayaraq, başqalarına qarşı münasibətdə intizamlı,məsuliyyətli,namuslu olur və cəmiyyətin ona verdiyi müsbət qiymət zəruri tələbat kimi meydana çıxır.
Vicdan tərbiyəsi yüksək şüurluluq tərbiyəsidir,belə ki,hər bir insan cəmiyyət daxilində fəaliyyət göstərərkən gender bərabərliyi fonunda cəmiyyətin ictimai rəyini nəzərə alıb hərəkət etməlidir. Gender bərabərliyinin aktuallığını nəzərə alan və bu problemə prioritet məsələlərdən biri kimi baxan bir sıra ali məktəblər tələblərin təhsil proqramına genderə aid fənlər daxil etməklə gələcək nəsilləri gender bərabərliyi ruhunda tərbiyə etməyə çalışırlar.Bu tədbirlər qadın probleminin həllinə,cəmiyyətdə qadın-kişi əməkdaşlığının bərqərar olmasına yönəldilmişdir və bunu zəruri edən bir sıra amillər mövcuddur. Birincisi, kişilər dövlətin bütün hakimiyyət orqanlarında lazımınca təmsil olunurlar. Qadınlarımıza isə bu sahədə nisbətən az rast gəlinir.Paradoksal haldır ki,ali məktəbə daxil olanlar arasında qızlar çoxluq təşkil etdikləri halda, onların bir çoxü ali təhsili başa vurduqdan sonra işləyə bilmirlər və onların potensialı, yazılmamış ailə qanunları ilə ancaq ailəyə,onun qayğılarına yönəldilir. Halbuki işçi qüvvəsinin, təxminən yarısını təşkil edən qadınlar cəmiyyətə və ailəyə həm mənəvi,həm də maddi dayaq ola bilərlər.Təəssüf ki,bu gün bu potensialdan nə cəmiyyət, nə də ailə və eyni zamanda qadın özü kifayət qədər istifadə edə bilmir
Təhsildə gender problemindən danışarkən peşə seçimində gender balansının gələcək fəsadlarına toxunmaq lazımdır.Ali təhsil sahəsində aparılan tədqiqatlardan aydın olur ki,oğlanların çoxu texniki və iqtisadi, qızlar isə humanitar və pedaqoji ixtisaslara əsas yer verirlər.Azərbaycan təhsilində gender bərabərliyinin bərqərar olunmasında gender tərbiyəsi əsas qayə kimi götürülməlidir.

Zülfiyyə Hüseynova
ADPU-nun Tarix-coğrafiya fakültəsinin IV kurs tələbəsi

Xəbər 514 dəfə oxundu.