Müxalifət daxilində yeni qalmaqal-partiyalaşma “ReAl”-ı “bitirəcək”?
Altay Göyüşov: “İctimailəşməsə də ReAl daxilində ambisiya davaları var idi”
Müxalifət düşərgəsində baş verən neqativ hadisələr bir-birini əvəzləməkdə davam edir. İndi də müxalifətdə ən çox danışılan məsələlərdən biri ReAl Partiyasında cərəyan edən arzuolunmaz istefa hadisəsi ilə bağlıdır. Belə ki, bugünlərdə ReAl Partiyası Məclisinin başqanı Azər Qasımlı partiyadan getdiyini açıqladı. Bu açıqlamadan və gözlənilməz qərar verməsindən sonra müxalifət düşərgəsində Azər Qasımlını birmənalı qarşılamadılar. Elə ReAl daxilində də bu məsələ müxtəlif reaksiyalarla qarşılanır. Məsələn, ReAl Partiyasının İqtisadi Siyasət Komitəsinin başqanı Zöhrab İsmayıl özünün "Facebook" hesabında partiyanın Məclis başqanlığından istefa verən Azər Qasımlı haqqında tənqidi status yazıb. O deyib: “ReAl-ın partiyalaşma prosesində bir nəfər vardı - Vidadi Səfərov. O da 2013-cü ildən sonra qoşulmuşdu. Amma partiyalaşma prosesində çox böyük zəhmət vermişdi və hər kəs ona potensial İdarə Heyəti üzvü, gələcək tanınmış siyasətçi kimi baxırdı. Prosesin sonuna yaxın Vidadi bizə aydın olmayan səbəblərdən Azər Qasımlıya qarşı çıxdı, onu üzvlər qarşısında tənqid etməyə başladı”.
O bildirib ki, Azər Qasımlı Vidadi Səfərova qarşı çox sərt olub: “Halbuki birbaşa işlədiyi adam idi, özü onu Təftiş Komissiyasına(TK) təklif etmişdi və onu gələcək İdarə Heyətində (İH) görürdü. Şərt qoydu ki, Vidadi Təşkilat Komitəsindən, qurultay nümayəndəliyindən və El Məclisindən getməlidir. Biz hamımız razılaşmalı olduq, bitirdi adamı. Bu da sizə demokratiya!” “Amma Vidadi və onun dostları gedəndə, nə açıqlama verdi, nə bəyanat. ReAl-çılardan başqa heç kəs bilmədi bunu, qurultay üçün heç bir daxili problem yaranmadı”, – deyə Zöhrab İsmayıl bildirib. O həmçinin yazıb:
“Məclisin toplantısından sonra Azər və başqa bir neçə nəfər açıqlama yaydılar. Məclisin qrupunda yazdım ki, belə məsələləri ictimai yazmayın, aramızda müzakirə edək. Azər təsdiq etmədi postumu, senzuradan keçmədi. Bu da sizə idarəetmə!”
ReAl-da təmsil olunan Altay Göyüşov isə verdiyi açıqlamada deyib ki, Azər Qasımlının partiyadan getməsi onun üçün gözlənilməz deyildi: “Mən partiyadakı prosesin buna doğru getdiyini görürdüm. İlqar Məmmədov həbsdəydi və əsas söz sahibi İdarə Heyəti idi, bu quruma üzv olanların hamısı azdan-çoxdan siyasətdən anlayışı olanlardır. İlqar Məmmədovun həbsdə olması və İdarə Heyətinin fəaliyyəti ReAL-ın nüfuzunun artması ilə nəticələnən amillərdən biri idi. Bilirsən ki, insanlar ReAL-a İlqar Məmmədova, Natiq Cəfərliyə, Erkin Qədirliyə, Altay Göyüşova, Rövşən Ağayeva, Azər Mehdiyevə və elə Azər Qasımlıya görə gəlirdi. Sonra daxildə ambisiyalar oldu, kimsə siyasi, başqa birisi fərqli mövqedən çıxış edirdi. Nəticədə mən partiyalaşmanın içində olmasam da, partiyalaşmanın əleyhinə səs vermədim. Çünki partiyalaşmanın ReAL-ın mövqelərini zəiflədəcəyini bilirdim. Bütün hallarda partiyalaşmanın İdarə Heyətinin mövqelərini zəiflədəcəyini də bilirdim”.
O daha sonra deyib ki, partiyalaşma prosesinin getməsindən sonra il yarımda ReAL ciddi şəkildə nüfuzuni itirdi: “Prosesin dərinləşməməsi üçün qarşısı alınmalıydı, ictimailəşməsə də, daxildə ambisiya davaları vardı. Mən də partiyalaşmanın düzgün qərar olmadığını hesab edirdim, amma ümumi prosesə xələl gətirməmək üçün əleyhinə səs vermədim. Əleyhinə səs versəydim, düşünəcəkdilər ki, İlqar Məmmədovla konflikti var”.
Verilən açıqlamalar, səslənən ittihamlardan bir daha aydın olur ki, radikal müxalifət partiyalarında olduğu kimi, nisbətən fərqli, loyal siyasət sərgiləyən müxalifət partiyalarında da şəxsi ambisiyaların önə çəkilməsi, intriqalar və s. bu kimi 90-cı illərdə müşahidə etdiyimiz arzuolunmaz proseslər hələ də müxalifətin sağalmaz yarasına çevrilməkdə davam edir...

Tural Tağıyev


Xəbər 113 dəfə oxundu.