“Türkiyə olmadan Avropaya köçün qarşısı alınmaz“
Macarıstanın baş naziri Viktor Orban Türkiyənin Suriyada həyata keçirəcəyi bərpa işlərində məmnuniyyətlə iştirak edəcəklərini söyləyib. Prezident Rəcəb Tayyib Ərdoğan və Viktor Orban Budapeştdəki Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yığıncağından sonra birgə mətbuat konfransı keçiriblər.
Prezident Ərdoğanın Türkiyə-Suriya sərhədində qurulması planlaşdırılan təhlükəsizlik bölgəsilə əlaqədar layihələr barədə məlumatları bölüşdüyü və ölkəsinin buna dəstək olacağını bildirən Orban deyib: “ Evlərini tərk etmək məcburiyyətində qalanlar ev-eşiklərinə qayıda bilməlidir. Bu insanların ölkələrinə qayıtmalarına köməklik göstərmək böyük əhəmiyyət daşıyır. Cənab Ərdoğan qurulan təhlükəsizlik bölgəsilə əlaqədar layihələri mənimlə də bölüşdü. Layihədə şəhərlərin, kəndlərin salınması, məktəblərin, xəstəxanaların, kilsələrin yenidən tikinti planları var. Macarıstan varlı və böyük bir ölkə olmamasına baxmayaraq üzərimizə düşəni yerinə yetirəcəyik”.
Görüşlərdə təhlükəsizlik və köç məsələnin müzakirə olunduğunu, Türkiyənin qeyri-qanuni köçlə ciddi mübarizə apardığını və Türkiyənin sadəcə bu ilin oktyabr ayınadək 350 min qanunsuz qaçqının keçməsinə mane olduğuna diqqət çəkən Orban “Türkiyə olmadan Avropaya istiqamətli köçün qarşısı alına bilməz. Türkiyə Macarıstanın strateji müttəfiqidir” deyə bildirib.
İki ölkə arasında müdafiə sənayesində əməkdaşlığın davam etdiyini bildirən Orban “İki ölkə də NATO üzvüdür. Buna görə hərbi sahədə də müttəfiq ölkəyik. Türkiyə NATO-dakı ikinci böyük orduya sahibdir. Bizim müttəfiqimiz olduğu üçün müdafiə siyasəti və müdafiə sənayesində əməkdaşlıq etməyə səy göstəririk” deyə vurğulayıb.
Türkiyə və Macarıstanın Afrikada da birgə layihələr həyata keçirdiyini qeyd edən Orban Türkiyə və Macaristanın bu çərçivədə Keniyaya həkim göndərdiyini deyib.

Xəbər 89 dəfə oxundu.