“Su böreyi” necə hazırlanır?

Osmanlı mətbəxinin hökm sürdüyü torpaqlarda qoyduğu irslərdən biri də börek yeməyidir.
Türk yemək mədəniyyətində xəmir işlərinin yeri başqadır. Səhərdən axşama istər yeməkdən əvvəl, istər sonra süfrəyə verilərək sevilə-cevilə yeyilən xəmir yeməkləri Orta Şərqdən Balkanlara, Şimali Afrikadan Orta Asiyaya qədər geniş bir coğrafiyanı əhatə edir. Osmanlı mətbəxinin hökm sürdüyü torpaqlarda qoyduğu irslərdən biri də börek yeməyidir.
Börek nədir? - Sadə dillə desək, açılmış xəmirin və ya yuxanın arasına müxtəlif yeyəcəklərin qoyularaq bişirildiyi bir yemək. İçliyi qiymədən pendirə, göbələkdən toyuğa, kartofdan ispanağa qədər hər şeydən ola bilər. Həm qaz üzərində tavada qızardılaraq, həm sac üstündə, həm də elektrikli sobada bişirilir. Ona görə də Türkiyə mətbəxində böreyin yüzlərlə növü vardır.
Beləliklə, istəkli yemək və yeməkbişirmə həvəskarları, bu gün “Türkiyə mətbəxi” silsiləsindən sizə ən çox tanınan börek növlərindən biri olan "su böreyi"ni (su böreği) təqdim edirik. Bişirilməsi bir az zəhmətlidir, amma çox dadlıdır.

"Su böreyi" üçün əvvəlcə lazım olan materialları sayaq:


5 stəkan un,
4 ədəd yumurta,
stəkanın 3-də biri qədər su,
stəkanın 3-də biri qədər kərə yağı,
yarım çay qaşığı duz,

İçlik üçünsə,

2 litr isti su,
1 yemək qaşığı zeytun yağı,
400 qram ağ pendir,
yarım dəstə cəfəri,
yarım çay qaşığı duz,

“Su böreyi”ni hazırlamaq üçün nə etmək lazımdır, sıra ilə söyləyirik. 5 stəkan un, 4 ədəd yumurta, stəkanın 3-də biri qədər su və yarım çay qaşığı duzu üst-üstə töküb orta bərklikdə bir xəmir yoğurun, sonra 10 ədəd kiçik kündə düzəldin, üzərini bir parça ilə örtərək xəmiri bir saat gəlməyə qoyun.
Bu arada içlik üçün ağ pendiri çəngəllə əzib incə-incə doğradığınız cəfərini onun üzərinə tökün, qalsın.
Geniş bir qazanda 2 litr suyu qaynadın, üzərinə yarım çay qaşığı duz və 1 yemək qaşığı zeytun yağını əlavə edin.
Kündələri bir-bir oxlovla böreyi bişirəcəyiniz qazan böyüklüyündə incə açın. Açdığınız yuxanı qaynayan suya atıb 30-35 dəqiqə bişirin. Bişən yuxanı dərhal soyuq su dolu qaba salın, 10-15 saniyə gözlədin, sonra bir kəfgirlə çıxarıb suyunu yaxşıca süzün.
Bu arada elektrikli soba qabını kərə ilə yağlayın. Açdığınız birinci yuxanı qabın dibinə yayın. Üzərini 1 qaşıq ərinmiş kərə ilə yağlayın. 4 kündəni eyni qayda ilə açıb, arasını yağlayıb eyni əməliyyatı yerinə yetirin. Beşinci yuxanı da qoyduqdan sonra üzərinə pendirli-cəfərili içliyi bərabər şəkildə səpin. Qalan 5 kündəni də eyni şəkildə açın, üst-üstə düzün, yağlayın.
Su böreyini sobaya qoymazdan əvvəl iti bıçaqla 5-6 sm.-lik kvadratlar şəklində dilimlərə bölün. Əvvəldən 190 dərəcə isidilmiş sobada üzəri qızarana qədər bişirin, sonra çıxarıb isti-isti süfrəyə verin. Nuş olsun.

Xəbər 102 dəfə oxundu.