Cəmil Həsənli müxalifəti təhqir edən Lalə Şövkətə niyə yalvardı?
Radikal müxalifət partiyalarının toplaşdığı “milli şura”da son vaxtlar xoşagəlməz hadisələr o qədər sürətlə cərəyan edir ki, artıq müxalifətdə baş verən digər seçki hazırlıqları prosesi arxa plana keçib. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli sosial şəbəkələrdə müxalifətə müraciət edərək Cəmil Həsənliyə dəstək olmağa çağırıb. Halbuki başqa vaxt müxalifətin tam gücü ilə namizədlərinə dəstək olduqlarını dilə gətirirdilər. Buradan da görünür ki, artıq qurumda olan narazılıq və qütbləşmə vahid namizədə dırnaqarası yanaşmağa gətirib çıxarıb. Bu arada Cəmil Həsənli özü də əl-ayağa düşərək “aradüzəldənlik” funksiyasını yerinə yetirməyə başlayıb. O, ayrı-ayrı müxalifət liderləri ilə görüşə gedərək onları barışıq mövqeləri sərgiləməyə, incikliyi kənara atmağa çağırıb. Buna ən yaxşı bariz nümunə olaraq “milli şura”da baş verən xoşagəlməz hadisələrlə bağlı Cəmil Həsənli ilə Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət arasında görüş keçirilməsini göstərmək olar.
Görüşdə Lalə Şövkətin “milli şura”dan çıxması, onun təmsil etdiyi partiyanın Cəmil Həsənlini dəstəkləməsi barədə müzakirələr aparılıb. Sosial şəbəkələrdə yayılan məlumata görə Cəmil Həsənli Lalə Şövkətlə görüşündən sonra məmnun görünsə də hər şeyin tam həll olunmaması qənaətində olub. O, bununla bağlı şablon ifadələr işlədib. Görüşün normal keçdiyini, əldə edilən qərarların onu qane etdiyini bildirib.ALP sədri Əvəz Temirxan isə bildirib ki, Lalə Şövkət Cəmil Həsənliyə seçki kampaniyasında dəstək olacağına söz verib.
Buradan bir daha görünür ki, özlərinə namizəd seçib, ortaya oyuncaq kimi atdıqları Cəmil Həsənlidən indi də aradüzəldən kimi istifadə edib onu da düşərgəni də gülünc duruma qoyublar. Bu da azmış kimi Əvəz Temirxanın “vəziyyətə uyğun addım atacağıq” kimi ehtiyatlı açıqlama verməsi ondan xəbər verir ki, qurumda sular hələ durulmayıb.Görəsən Lalə Şövkət İsa Qəmbəri “səviyyəsiz” adlandırandan sonra bu görüşdə hansı müttəfiqlikdən söhbət gedə bilərdi? Lalə Şövkət üzünü müxalifət liderlərinə tutub, onların şəxsiyyət və siyasətçi kimi Heydər Əliyevə tay ola bilməyəcəyini bəyan etdi. Təbii ki, bu yanaşma Cəmil Həsənliyə də aiddir. Heydər Əliyevin qurduğu dövlət Prezidentin dediyi kimi, heç vaxt belə güclü olmamışdı. Belə olan halda, Cəmil Həsənlinin Lalə Şövkətə yalvarıb “milli şura”dan çıxmamağa çağırması nəyi dəyişəcək? Lalə Şövkətin müxalifətə yönəlmiş bu qədər təhqiramiz, aşağılayıcı (onun bəyanatını oxuyanlara bu ifadələr bəllidir) fikrlərindən sonra Cəmil Həsənlinin onun ayağına getməsi nə deməkdir? Bu, müxalifətin və onun namizədinin həddindən artıq zəifliyinin,özünəinamsızlığının nəticəsidir.
Tural

Xəbər 463 dəfə oxundu.