“El hərəkatının bu seçki ilə bağlı ayrıca mövqeyi var”
Zəfər Quliyev: “Milli Şurada iki partiyanın – AXCP və Müsavatın dominantlığı bizi narahat edirdi”

“İctimai Palata formatı uğurlu deyil”


Son zamanlar “milli şura” adlı müxalifətin radikal kəsiminin bir qismini bir araya gətirmiş qurum ciddi böhran çalxalanma və fiaskoya məruz qaldı. Qurumda baş verənlər faktiki olaraq ondan xəbər verir ki, bu adda birlik mövcud deyil. Qurumdakı bu destruktiv və tükəndirici proseslər “milli şura” ideyasının qızğın tərəfdarları və həmmüəliflərini də tamamilə ruhdan salıb. Bu barədə “Palitra”ya sözügedən qurumun yaradıcılarından biri, “El” hərəkatının yetkilisi Zəfər Quliyev mövqeyini bildirdi.
-“Milli şura” adı ətrafında cərəyan edən proseslərə necə yanaşırsınız?
-Hər bir təşkilatın yüksəlmə və böhran məqamları olur. O cümlədən də aparıcı müxalifət partiyalarının fəaliyyətində də belə hallar olur. Milli Şura isə yeni yaranan çox uğurlu bir format idi. Müxalif qüvvələrin çoxu bu təşkilatda bir araya gəlmişdi. Seçki ərəfəsində vahid namizədlə çıxış edə bildik. Amma subyektiv və obyektiv səbəblər üzündən qurumun ilk vahid namizədi Rüstəm İbrahimbəyov seçkidə iştirak edə bilmədi. Həmin dövrdə seytnot vəziyyəti yaranmışdı. Ciddi böhran hiss olunurdu. Amma eyni zamanda bu böhrandan yeni namizəd ortaya çıxarmaqla çıxa bildik. Cəmil Həsənli ilə seçkiyə qatıldıq. MSK onun namizədliyini qeydə aldı. İndiki mərhələdə Milli Şurada çox ciddi problemlər olduğunu deməzdim. Həm də prioritetlər də dəyişib. Seçki təbliğatı ayın 16-da başlayır, cəmi 22 gün davam edəcək. Ona görə də kənardan baxanda suallar verirlər ki, Milli Şura nümayəndələri az yığılırlar, əvvəlki fəallıq yoxdur, işləmirlər. Mən bunu ilk növbədə onunla bağlayıram ki, indi əsas diqqət seçki qərargahına verilib. Milli Şuraya daxil olan şəxslər və təşkilatlar əslində bu istiqamətdə çalışmalıdırlar. Vahid namizədə dəstək vermək lazımdır.
-Mətbuat mənsubu olaraq prosesləri ardıcıl izləyirik. Cəmil Həsənlinin seçki qərargahı ilə bağlı çalışmalarda sizin təmsil olunduğunuz “El” hərəkatını, ALP, ACP və sair “milli şura” üzvlərini görmürük. Bunu necə xarakterizə edərdiniz?
-Yox, “El” hərəkatının bu seçki ilə bağlı öz ayrıca mövqeyi var. Biz Cəmil Həsənli ilə də bir neçə dəfə görüşdük, mövqeyimizi bildirdik. Biz dedik ki, seçkidə Cəmil Həsənliyə dəstək verəcəyik, lakin bir ayrı qurum olaraq öz xüsusi tədbirlər planımız olacaq. Bunu ciddi müzakirə etmişik. Biz onun qərargahında iştirak etməsək də, onunla əməkdaşlıq edirik. Eyni zamanda diqqətə çatdırmışıq ki, bizim öz tədbirlər planımız var. Yaxın zamanlarda ictimaiyyət görəcək ki, El hərəkatı bu istiqamətdə fəal formada iştirak etmək niyyətindədir. Milli Şurada iki partiyanın – AXCP və Müsavatın dominantlığı bizi narahat edirdi. Bunu Cəmil Həsənliyə də bildirmişik. O da bütün partiyalarla əməkdaşlıq etməyi bizə söz verdi. O deyir ki, mən bütün Milli Şuranın namizədiyəm. Bəzən seytnot vəziyyətində, sürətlə gedən proseslərdə narazılıqlar olur. Ümumi götürdükdə, hesab edirəm ki, Milli Şura öz namizədini qoruyub saxlaya bilib. İndi qarşıdan gələn təbliğat kampaniyası göstərəcək ki, Milli Şura nəyə qadirdir...

“Milli Şura partiya başçıları arasında illərlə davam edən ədavət və ziddiyyətləri aradan götürmədi”

- Siz hazırda AXCP və Müsavatın, özünüz də dediyiniz kimi, dominantlığını, Milli Şuranı nəzarətə götürmək cəhdlərini necə görürsünüz? Sizin əvvəllər təsəvvür etdiyiniz Milli Şuraya bu vəziyyət nə dərəcədə uyğun gəlir?
-Biz bu barədə bu partiyaların rəhbərləri ilə də söhbətlər aparmışıq. Təcili imzalar toplamaq üçün bu partiyalar önə düşmüşdülər. Onların bu sahədə təcrübələri var, ona görə də önə çıxdılar. Əslində onların özləri də Milli Şuranı İctimai Palata formatına çevirməkdə maraqlı deyillər. Çünki İctimai Palata formatı bütün demokratik qüvvələri özündə əks etdirmir və uğurlu deyil. Milli Şura formatı ondan ciddidir.
-Sizcə, Milli Şura əvvəl təsəvvür etdiyinizə uyğun formalaşa bildimi? Hansı çatışmazlıqlar var?
-Çatışmazlıqlar var, bunlar haqqında indi danışmaq istəməzdim. Proseslərin gedişində daha dəqiq, daha ətraflı mülahizələr söyləmək olar. Mən bu barədə fikirlərimi bir az sonraya saxlayıram.
-Bəs Rəsul Quliyevin əvvəl İbrahimbəyova, indi də Cəmil Həsənliyə qarşı açıq hücuma keçməsi, ALP-Müsavat qarşıdurması və Əvəz Temirxanla İsa Qəmbər-Rauf Arifoğlu qarşıdurması, qarşılıqlı suçlamalar və sair qovğalar nə deməkdir? Axı bütün bunlar müttəfiqlikdən xəbər vermir...
-Biz obyektiv olmazdıq, desəydik ki, Milli Şura yarananda partiya başçıları arasında illərlə davam edən ədavət və ziddiyyətlər aradan götürüldü. Milli Şura bunları aradan götürmədi, sadəcə ümumi məqsədlər müəyyənləşdirdi. Seçki ilə bağlı nikbin idik, şanslar, perspektivlər görünürdü. Amma Milli Şura çətin vəziyyətə düşəndə, seytnot vəziyyəti yarananda qarşılıqlı ixtilaflar, suçlamalar yenidən baş qaldırdı. Bədbinliklər yarandı. Etiraf etmək lazımdır ki, əvvəl şanslar daha böyük görünürdü. İndi isə sanki məqsəd kiçilib, köhnə ziddiyyətlər ortaya çıxıb. İyun-iyul aylarında görünməyən bu ziddiyyətlər məhz avqust ayından başlayaraq üzə çıxdı...
İlkin AĞAYEV


Xəbər 562 dəfə oxundu.