“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri dünyaya çatdırmalıyıq”
Son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirib. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib.
Bu haqda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov “Mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın müstəqil, çoxşaxəli və milli maraqlara əsaslanan xarici siyasəti” sərlövhəli məqaləsində yazıb.
Elçin Əhmədov qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən əsassız fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir: “Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında, eləcə də oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışları zamanı tutarlı faktlarla sübut etdi. 2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı Ermənistan baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi. Azərbaycan Prezidenti Ermənistanın baş nazirinin və dünya birliyinin diqqətinə çatdırdı ki, Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarını pisləməli, onun qarşısını almalıdır.
Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri dünyaya çatdırmalı olduğumuzu, vurğulayaraq bildirdi ki, tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Azərbaycanın arqumentlərə qarşı Ermənistan tərəfinin heç bir ciddi arqument qoya bilmədiyini, ancaq yalan, böhtan, tarixi saxtakarlıq və mifologiyaya əsaslandığını bildirən dövlət başçısı qeyd etdi ki, bu, əslində, onların xislətidir və onlar geniş şəbəkə çərçivəsində bəzi siyasətçiləri satın alırlar, bu da heç kimə sirr deyil.
Azərbaycan Prezidenti İlham Əliyev Kürəkçay sülh müqaviləsi haqqında Münxendəki çıxışını yada salaraq, orada açıq-aydın göstərilir ki, bu müqaviləni kim bağlayıb, nə vaxt bağlayıb və erməni xalqı haqqında orada ümumiyyətlə, söhbət belə getmir – deyə bir daha diqqətə çatdırdı: “Bir tərəfdən Rusiya generalı Sisianov, bir tərəfdən İbrahim xan, özü də rusca yazılmışdır İbrahim xan “Karabaxski Şuşinski”. Bax, budur real tarix”
Dövlət başçısı bütün beynəlxalq təşkilatlarda tarixi həqiqətlərin ortaya qoyulmalı olduğunu vurğulayaraq bildirdi ki, XX əsrin əvvəllərində Rus imperiyası tərəfindən dərc edilmiş xəritələrdə indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir: “Bunu demək lazımdır, o xəritələri gətirmək lazımdır. İşğal edilmiş indiki torpaqlarımızın xəritələrini gətirmək lazımdır. Bütün beynəlxalq təşkilatları, orada fəaliyyət göstərən nümayəndələri tanış etmək lazımdır. Eyni zamanda, müsəlman ölkələrinin parlamentlərinin nümayəndələri ilə görüşlər əsnasında mütləq ermənilər tərəfindən dağıdılmış məscidlərimizin şəkilləri göstərilməlidir. Mən bunu edirəm. Bir çox müsəlman ölkələrinin liderlərinə bu şəkilləri göstərirəm”.
Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev vurğuladı ki, təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı bu faşist rejim müharibə elan edib, bizim məscidlərimiz, tarixi abidələrimiz dağıdılıb, amma biz bu məlumatı kifayət qədər çatdıra bilmirik. Dövlət başçısı qeyd etdi ki, ona görə bu, xüsusi bir istiqamət olmalıdır”.
Bu baxımdan, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan bütün təşkilatlarda fəal olmağımızı, hücum diplomatiyası aparmağımızı bildirərək qeyd etdi ki, haqq-ədalət bizim tərəfimizdədir, Ermənistan tərəfinin çox yersiz, yalançı, cılız cəhdləri Münxen Təhlükəsizlik Konfransında özünü göstərdi və bir daha onları ifşa etdi, çünki onların bütün tarixi saxtakarlıqdır, eləcə də onlar tarixi Azərbaycan torpağında dövlət qurublar və indi bütün tarixi adlarımızı dəyişdirib bizim tariximizi, abidələrimizi özününküləşdirmək istəyirlər”.

“Ermənistan Azərbaycan ərazisində 32 terror hadisəsi həyata keçirib”
Yeri gəlmişkən, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənli SİA-ya deyib ki, Ermənistan beynəlxalq hüququ pozan bir dövlətdir və Azərbaycan torpaqlarını işğal edib: “İşğalçı dövlətlə heç bir əməkdaşlıqdan söhbət belə gedə bilməz. Beynəlxalq hüquqa görə separatizm, soyqırım ən ağır cinayətlərdəndir".
Hərbi ekspertin sözlərinə görə, Ermənistan Azərbaycan ərazisində, Xocalıda soyqırım aktı həyata keçirib: "Eyni zamanda işğalçı dövlət Azərbaycan ərazisində 32 terror hadisəsi həyata keçirib. Bu ağır cinayətləri törətmiş dövlətlə əməkdaşlıq yol verilməzdir. Xüsusən hərbi əməkdaşlıq qəbuledilməzdir. Azərbaycan beynəlxalq hüquqa söykənərək dünya dövlətləri ilə ikitərəfli əməkdaşlıq edir. Təbii ki, Serbiya dövləti ilə də bizim əməkdaşlığımız var. Amma Serbiya Respublikasının Ermənistanla hərbi sahədə mümkün əməkdaşlığı təəssüf doğurur. Hesab edirəm ki, bu fakta Serbiya dövləti yenidən baxmalıdır və təcavüzkar Ermənistanla hərbi əməkdaşlığı dayandırmalıdır. Kosovo məsələsində Azərbaycan Serbiya dövlətinin ərazi bütövlüyünü tanımışdır. Eləcə də dünyanın bütün dövlətləri ilə beynəlxalq hüquq səviyyəsində öz əməkdaşlığını (qarşı dövlətlərin mənafeyini nəzərə almaq şərtilə) qurur. Ermənistan mütləq işğala son qoymalıdır. Bunun başqa yolu yoxdur. Əks təqdirdə Azərbaycan öz ərazi bütövlüyünü təmin etməlidir. Yaxşı olardı ki, dünya birliyi bu məsələyə seyrçi mövqedən yanaşmasın. Azərbaycanın Avropa, dünya ölkələri ilə xoş münasibətləri var. O cümlədən Serbiya ilə gələcəkdə bu münasibətlər davam edəcəkdir. Biz ümidvarıq ki, Serbiya bu məsələyə yenidən baxacaq və Ermənistanla heç bir hərbi, texniki sahədə əməkdaşlığa yol verməyəcək. Çünki bu qəbuledilməzdir”.
Fuad Hüseynzadə

Xəbər 6065 dəfə oxundu.