Erməni ekspert: “Ermənistanın vəziyyəti daha da ağırlaşacaq”
“İqtisadi çətinliklər yarandığından üzv olduğu təşkilatlar Ermənistana yardım etmək istəmirlər”

Ötən gün Ermənistan parlamentinin növbəti toplantılarının birində baş nazir Nikol Paşinyana koronavirusa qarşı mübarizədə Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əməkdaşlıq barədə bir sual ünvanlanıb:
“Bu strukturların üzvü olaraq məsələnin həlli və bu problemlərə birlikdə cavab tapmaq barədə müzakirələr aparılırmı?”. Təbii ki, Paşinyanın cavabsız qoyduğu bu sualın cavabını təşkilatın aparıcı dövləti olan Rusiyanın üzv dövlətlərə olan son münasibəti ilə ortaya qoymuş olur. Məsələ bundadır ki, artıq bu təşkilatlara üzv olan dövlətlər arasındakı iqtisadi birliklər, dövlətlərarası sazişlər, sadəcə olaraq, işləmir. «1in.am» saytına danışan erməni politoloq Ruben Meqrabyanın sözlərinə görə, bu gün Şengen zonası de-fakto mövcud deyil: “Təkcə onu demək kifayətdir ki, Rusiya ən yaxın müttəfiqi olan Belarusla da sərhədi bağlayıb. Belə olan halda Ermənistanın vəziyyəti çox ağır olacaq. Bizə özümüzü izolə etməyi, xarici dünya ilə yalnız fövqəladə hallarda əlaqə saxlamağı məsləhət görürlər. Bu gün hər bir dövlət özünü təcrid edir və başqa bir dövlətlə yalnız həyati zərurət olduqda əlaqə saxlayır”. Meqrabyana görə, bu halda Ermənistanın vəziyyəti ağır olacaq: “Ermənistanın nə Avrasiya İqtisadi Birliyindən, nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, nə də ki, MDB-dən nicat gözləməsi əbəsdir”. Erməni siyasətçi Arkadi Vardanyan hazırkı şəraitdə ölkəsinin bu təşkilatla əlaqəsinin ölkəyə heç nə qazandırmayacağını qeyd edib. İqtisadi potensialı zəif olan Ermənistan təşkilat üçün də maraqsızdır. İqtisadi çətinliklər yarandığından üzv olduğu təşkilatlar Ermənistana yardım etmək istəmirlər. Yaranmış böhranı erməni prioritetlərinə yenidən baxılması üçün yaxşı bir fürsət hesab edən Vardanyan bildirib ki, rəsmi İrəvan bu məsələyə yenidən baxmalıdır: “Dövlət mövqeyimizi dəyişməliyik”
Ağasəf Babayev

Xəbər 1542 dəfə oxundu.