Psixoloq Fərqanə Mehmanqızı: “Sosial izolyasiyaya riayət etməyimiz ilk növbədə özümüzün, ailəmizin xeyrinədir”
“Kifayət qədər zamanınız var, uşaqlarınızın, körpələrinizin qayğıları ilə yaxından maraqlanıb ailənizlə yaxşı vaxt keçirə bilərsiniz”

“Mən başa düşürəm ki, bir qədər çətin situasiyadır və belə çağırışlar edəndə kütlənin içindən kimlərsə çıxıb bu cür tövsiyəni aqressiya ilə qarşılayır. Ancaq inanın ki, hazırkı qərar və tapşırıq bu öldürücü virusun bizim küçələrdə, insanlar arasında geniş yayılıb dolaşmasının qarşısının alınması üçün ən optimal variantdır, ən doğru yoldur!”




Yeni növ koronavirus (COVID-19) infeksiyasının Asiya ölkələrindən tutmuş, Avropa, Afrika hətta okenın o tayı olan Avstraliya və Amerikaya qədər hər yerdə dəhşətli ölüm saçması bütün dünyanı qayğılandıran bir nömrəli problemə çevrilib. Artıq ölkələr necə edək ki, virus bizim qapımızı da döyməsin deyil, infeksiyanın ölkə ərazisində geniş yayılmaması və kütləvi ölümlərə səbəb olmaması haqqında məsələlər üzərində baş sındırırlar. Bəzi ölkələr bu istiqamətdə qabaqlayıcı tədbirlərə vaxtında əl atsalar da, təəssüf ki, əksər inkişaf etmiş dövlətlərdə ölüm sayı durmadan artır, zamanında görülməyən ciddi və sərt tədbirlər, insanların məsuliyyətsiz davranışı böyük fəsadlara yol açmaqda davam edir. Azərbaycanda isə vəziyyət İtaliya, İspaniya, İran və ABŞ-dan fərqli olaraq ağır deyil. Ölüm sayları durmadan artmır, yoluxma isə kütləvi hal almayıb. Amma dövlət öz vətəndaşlarını gələcək risklərdən qorumaq üçün ciddi tədbirlər həyata keçirməkdə davam edir və bu baxımdan sosial izolyasiya tədbirləri xüsusən seçilir. Təəssüf ki, hələ də cəmiyyətin içində çağırışlara, tövsiyələrə məsuliyyətsiz yanaşan, maariflənmək əvəzinə virusun mövcudluğunu belə, ciddiyə almalayanlar az deyil. Amma başa düşmək lazımdır ki, dövlət nə qədər çox iş görsə də, öz vətəndaşını qorumağa çalışsa da, vətəndaş özü-özünü qorumasa, məsuliyyətli olmasa, deyilənləri ciddi qəbul edib çağırışlara, qaydalara riayət etməsə, hər gün özünü, ailəsini, uşaqlarını, qonşularını və ümumiyyətlə cəmiyyəti ciddi təhlükə qarşısında qoymuş olacaq.
Elə cəmiyyətimizə üz tutan ayrı-ayrı peşənin sahibləri, müxtəlif sahələri təmsil edən ictimaiyyət nüməyəndələri də mətbuatın hazırkı ciddi və risklərlə dolu olan bir durumda insanları maarifləndirmək çağırışlarına müsbət cavab verir, vətəndaşlarımızı məsuliyyətli olmağa səsləyirlər.

“Koronavirusa yoluxmamağa zəmanət verən və xəstəliyin acı nəticələrindən müdafiə edən yeganə vasitə evdə oturmaqdır”

Psixoloq Fərqanə Mehmanqızı “Palitra”ya verdiyi açıqlamada mövzu ətrafında danışaraq dedi ki, bu gün ən vacib, koronavirusa yoluxmamağa zəmanət verən və xəstəliyin acı nəticələrindən müdafiə edən yeganə vasitə evdə oturmaqdır. Belə olan halda infeksiyaya yoluxmamaq və digərlərini yoluxdurmamaqla milli təhlükəsizliyimizə də töhfə vermiş olarıq. O insanların karantin günlərində darıxmaması, qapalı mühitdə müəyyən kiçik psixoloji travmalara məruz qalmaması üçün də dəyərli məsləhətlər verdi. Bu karantin günlərini sadəcə ailənizə daha çox vaxt ayırmaq üçün şans, imkan kimi dəyərləndirin: “Bu gün məlum virusun geniş yayılması və xəstəliyin inkişaf xətti üzrə qalxması fonunda dünya ölkələrinin atdığı bəzi sərt addımları biz də təkrarlamalıyıq. Biz vətəndaşlar da dövlətin dönə-dönə xatırladıb məcbur etdiyi evə qapanmaq vərdişlərinə könülsüz, məcburi alışmamalı, özümüz məsuliyyət hiss edib, ailəmizi, yaxınlarımızı müəyyən mənada izolyasiya etməliyik. Yəni, indiki halda bu kimi sosial izolyasiya tədbirlərinə riayət etməyimiz ilk növbədə özümüzün, ailəmizin xeyrinədir. Əgər, xəstəliyin davamlı olmamasını, geniş vüsət almamasını, karantin günlərinin isə qısa olmasını istəyiriksə, mütləq şəkildə dövlətin atdığı izolyasiya addımlarını dəstəkləməli, qoyulan qaydalara riayət etməli, tövsiyələri qulaqardına vurmamalıyıq... Çalışmaq lazımdır ki, maksimum şəkildə ictimai yerlərdə olmayaq, hətta küçəyə belə çıxmayıb öz doğma evimizdə qalaq. Mən başa düşürəm ki, bir qədər çətin situasiyadır və belə çağırışlar edəndə kütlənin içindən kimlərsə çıxıb bu cür tövsiyəni aqressiya ilə qarşılayır. Ancaq inanın ki, hazırkı qərar və tapşırıq bu öldürücü virusun bizim küçələrdə, insanlar arasında geniş yayılıb dolaşmasının qarşısının alınması üçün ən optimal variantdır, ən doğru yoldur!”.

“....yaranmış psixoloji boşluqları doldurmaq üçün yaranmış əsl şansdır”

Fərqanə Mehmanqızı deyir ki, hələ də evdə qalmaq istəməyənlərin bəsit düşüncəsini anlamaq olmur və bu cür tövsiyə çox sadə bir məntiqdir- evdə qalmaqla siz infeksiya riskindən uzaq durursunuz, yoluxan olsa belə bunu kütləvi şəkildə insanlara yaymır: “Onu da anlayıram ki, məsələyə psixoloji baxımdan nəzər yetirdikdə gününün çox hissətini çöldə keçirən insanlar birdən-birə evə qapanıb tövsiyəyə əməl edə bilmir, gərginlik keçirirlər. Amma söhbət artıq milli təhlükəsizlik həddinəcən gəlib çıxıbsa, səbr edib evə qapanmalıyıq... Əks təqdirdə infeksiya hazırda Avropa, hətta Amerikada belə müşahidə etdiyimiz faciəvi durumlara, ciddi problemlərə gətirib çıxara bilər. Bəzi indiki durumu ciddiyə almayanlara deyirəm ki, məsuliyyətsizlik etməklə nəinki, özünüzü eləcə də yaxınlarınızı, övladlarınızı da ciddi problemlərə sürükləyirsiniz. Sizdən tələb olunan budur ki, müvəqqəti tövsiyələrə əməl edib qapalı mühitdə qalın, yəni ailənizlə evinizdə olun. Bu isə o deməkdir ki, evdə oturub övladlarınızla daha çox vaxt da keçirə bilərsiniz. Biz həmişə səhər işə gedib axşam evə dönməyimizdən şikayət edib müəyyən vacib işlərə vaxt ayıra bilməməyimizdən gileylənmişik. Minlərlə ana, ata göstərmək olar ki, onlar övladlarına kifayət qədər vaxt ayıra bilməməsini ciddi problem sayırdı. Psixoloqa müracitə edəndə bu əsas giley-güzardan biri sayılırdı. İndi ki, vaxt var, darıxırsınızsa, həmin boşluğu doldurun! Kifayət qədər zamanınız var,uşaqlarınızın, körpələrinizin qayğıları ilə yaxından maraqlanıb ailənizlə yaxşı vaxt keçirə bilərsiniz. Bu, həm də dediyim istiqamətdə yaranmış psixoloji boşluqları doldurmaq üçün yaranmış əsl şansdır. Gəlin son aylar, xüsusən də son günlər cərəyan edən ciddi mənfi hadisələrin fonunda müsbət əməllərlə məşğul olub ailəmizə pozitiv enerji bəxş edək. Təcrübə də göstəri ki, belə situasiyalar yarananda həqiqətən də insanlar bir-birini yenidən tam şəkildə tanımağa başlayır, yeni kəşflər də edə bilrisiniz”.

“Karantin planı” hazırlayın”

“Baxın, bir kağız və qələm götürüb onları siyahıya alaraq qeyd edək və bu məşğuliyyətlərimizi günlərə bölək. Bir qədər pozitiv görünsün və səslənsin deyə buna “karantin planımız” adını da qoya bilərik. Bu planlaşdırılımış işlərimiz ümumilikdə ailəmizin xeyrinə işləyəcək”

Psixoloq evdə qalmağa problem kimi baxanlara maraqlı təklif və tövsiyə də verdi:“Belə bir maraqlı nümunə də deyim. Biz həmişə nədən gileylənmişik bu mövzuda?Yəni, nələri deyirdik ki, vaxtım olanda, evə tez dönsəm, tətil günlərim olsa, filan məsələləri edərdim? Baxın, bir kağız və qələm götürüb onları siyahıya alaraq qeyd edək və bu məşğuliyyətlərimizi günlərə bölək. Bir qədər pozitiv görünsün və səslənsin deyə buna “karantin planımız” adını da qoya bilərik. Bu planlaşdırılımış işlərimiz ümumilikdə ailəmizin xeyrinə işləyəcək. Bunu ardıcıl şəkildə sistemləşdirib etsək, yəni qeydlər aparıb filan günü nə edib, nələri edə bilmədiyimizi qeyd etsək, karantin günləri bitəndən sonra həmin qeydlər dəftərinə baxanda ailəmiz üçün gözümüzün önündə xoş bir mənzərə, xatirə canlanacaq. Əyləncə kimi görünsə də “karantin planınız”da qeyd etdiyimizi bu övladlarımızla necə vaxt keçirməyimiz, onlara maarifləndirici filmləri göstərməyimiz, müsbət vərdişləri, rəqsləri öyrtəməyimiz və s. kimi məşğuliyyətlərimiz onların da yaddaşına xoş bir hadisə kimi həkk ediləcək. Həmin vacib qeydlərimiz, planlamalarımız da onlara maraqlı gələcək, hətta xoş duyğular bəxş edəcək. Yəni, variantlar çoxdur, yetər ki, siz istəyin vaxtınız maraqlı keçə bilər. Dediyim “karantin planımız”adlı ailədaxili qeydləriniz özünüzün də psixoloji durumunuza xeyli müsbət təsir edəcək. Görəcəksiniz ki, gözünüz bir çox məsələlərdə açılır, nələri vaxtınız olanda edə bilərmişsinizsə onları gələcək üçün də reallaşdıracaqsınız. Bu həm də onu göstərəcək ki, özümüzə zaman ayıranda çox şeyə qadir oluruq. Qısası ailə üzvlərinin özlərini bir növ tanıması üçün əsl fürsətdir!”.
Tural Tağıyev

Xəbər 517 dəfə oxundu.