Azərbaycan və Norveç şirkətlərinin iştirakı ilə enerji forumu keçiriləcək
Sənaye və energetika naziri Natiq Əliyev ilə Norveçin Azərbaycandakı səfiri Erlinq Şönsberq arasında görüş keçirilib.
Nazirlikdən bildiriblər ki, görüşdə Azərbaycan və Norveç Krallığı arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində inkişafı qeyd olunub və əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu diqqətə çatdırılıb. Səfir Erlinq Şönsberq vurğulayıb ki, ölkəsi Azərbaycanla enerji sahəsində əməkdaşlığın dərinləşməsində maraqlıdır. Norveçin “Statoil” şirkəti artıq 20 ildir Azərbaycanda uğurla fəaliyyət göstərir. Bundan əlavə, Norveçin Azərbaycandakı səfirliyinin fəaliyyəti dövründə ölkələr neft-qaz, Neft Fondunun və neftdən gələn gəlirlərin idarə edilməsi sahələrində çoxşaxəli əməkdaşlığa nail olublar. Səfir deyib ki, enerji sahəsində əməkdaşlığının daha da inkişaf etdirilməsi, xüsusən yeni neft-qaz sahələrinin işlənməsi sahəsində mühüm potensial mövcuddur. Bununla əlaqədar “Statoil” və SOCAR arasında müzakirələr davam etdirilir. Görüşdə Azərbaycan qazının Avropaya nəqli sahəsində qəbul edilmiş müvafiq qərarlar və TANAP layihəsi (Trans-Anadolu qaz kəməri) çərçivəsində əməkdaşlığın gücləndirilməsinə inam ifadə olunub. Həmçinin neft-qaz yataqlarının işlənməsi üzrə dünyanın qabaqcıl şirkətlərdən olan “Statoil”un Azərbaycanla əməkdaşlığının müsbət nəticələr verdiyi barədə fikirlər səsləndirilib. Natiq Əliyev Azərbaycanın neft gəlirlərindən səmərəli istifadə olunması barədə səfirə ətraflı məlumat verib və gələcək layihələr barədə danışıb. Qeyd edilib ki, bu gün Azərbaycan öz neft və qaz ehtiyatlarını yeddi müxtəlif ixrac kəməri ilə dünya bazarlarına çıxarır. Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib və hazırda tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə də töhfələr verir. Görüşdə Azərbaycanın sənaye və energetika nazirinin Norveçə son rəsmi səfəri zamanı Osloda bu ölkənin neft və energetika naziri Ola Bortenlə keçirdiyi görüşün nəticələrinə də toxunub. N.Əliyev deyib ki, görüşdə olduqca səmərəli müzakirələr aparılıb və əməkdaşlığın perspektivlərinə dair bir sıra maraqlı təkliflər səslənib. Səfir Erlinq Şönsberq məlumat verib ki, Osloda əldə edilmiş razılaşmaya əsasən, iki ölkənin müvafiq nazirlikləri arasında əməkdaşlıq memorandumu hazırlanıb. Memorandumun layihəsi hazırda hər iki tərəfdən ekspertlər səviyyəsində müzakirə olunur və iş yekunlaşdıqdan sonra əlaqədar qurumlarla razılaşdırılmaq üçün təqdim olunacaq. Görüşdə bu il oktyabrın 28-30-da Bakıda keçirilməsi nəzərdə tutulan “Norveç günləri”ndən də bəhs edilib. Həmin tədbir çərçivəsində Sənaye və Energetika Nazirliyində Azərbaycan-Norveç şirkətlərinin iştirakı ilə enerji forumunun keçirilməsi qərara alınıb.


Xəbər 453 dəfə oxundu.