“Azərbaycan BMT-yə özünün tam ərazi bütövlüyü çərçivəsində daxil olub”
“Erməni qoşunları işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmalı, bu torpaqlardan qovulmuş qaçqınlar və məcburi köçkünlər öz tarixi yurdlarına qaytarılmalıdır. İşğal edilən təkcə Dağlıq Qarabağ deyil. Ona bitişik 7 rayon da işğal olunub. Həmin 7 rayonda heç vaxt ermənilər yaşamayıblar”

“Bu gün tarixi yenidən yazmaq, faşistləri qəhrəmanlaşdırmaq, tarixi həqiqəti təhrif etmək kimi təhlükəli meyillər müşahidə edirik. Biz buna çox ciddi yanaşmalıyıq. İstər tarixin yenidən yazılması, istərsə də faşizmin qəhrəmanlaşdırılması qətiyyən yolverilməzdir”. Bu fikirlər Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" (“Milli müdafiə”) jurnalının may buraxılışında dərc olunan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müsahibəsində yer alıb.


“Ermənistanda da faşizmin qəhrəmanlaşdırılması baş verir”
Prezident deyib ki, qeyd etmək istərdim ki, bu məsələdə həm Rusiyanın, həm də Azərbaycanın mövqeləri tamamilə eynidir: “Biz Böyük Vətən müharibəsi haqqında həqiqətin təhrif edilməsi, tarixin yenidən yazılması, faşizmin və faşistlərin qəhrəmanlaşdırılması cəhdlərinə qarşı qətiyyətlə mübarizə aparırıq. Bizim mövqelərimiz həm tarixi həqiqətə, ədalətə, həm də buna əsaslanır ki, gələcək nəsillər kimin təcavüzkar və kimin təcavüz qurbanı olmasına, kimin qalib gəlməsinə və bu Qələbənin nəyin bahasına qazanılmasına heç vaxt şübhə etməsinlər. Ötən ilin dekabr ayında Sankt-Peterburqda qeyri-formal Sammitdə Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin İkinci Dünya müharibəsi dövrünə aid bir sıra sənədlər təqdim etdi. Bu sənədlərin çoxu əvvəl məlum deyildi. Hesab edirəm ki, bu faktın böyük əhəmiyyəti olub, çünki müharibənin tarixi ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib. Real faktların məlum olmaması, onları bilməmək çox vaxt tarixi həqiqətin təhrifinə gətirib çıxarır. İkinci Dünya müharibəsinin tarixi məsələsində bu, tarixi yenidən yazmaq və faşizmi qəhrəmanlaşdırmaq kimi təhlükəli meyillərlə bağlıdır. Buna görə belə sənədlərin açılması, əlbəttə ki, tarixi həqiqətə xidmət edir. Təəssüf ki, MDB məkanında, o cümlədən Ermənistanda da faşizmin qəhrəmanlaşdırılması baş verir. Ermənistanın əvvəlki hakimiyyəti Yerevanın mərkəzində faşist cəllad və satqın, alman faşistlərinə Qaregin Njde ləqəbi ilə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə qəti etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlaşdırılması, neonasizmin və irqçiliyin müasir formalarının, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Məruzədə deyilir: “Ermənistanın keçmiş hakim Respublika Partiyası üçüncü Reyx ilə əməkdaşlıq etməsi barədə məlumat olan millətçi təmayüllü Qaregin Njde kimi heç də birmənalı olmayan siyasi xadimin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir. Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqunun sədrliyi ilə Rusiya Federasiyası Müdafiə Nazirliyinin baş redaksiya komissiyası tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” nəşrinin 6-cı cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyat fəaliyyəti” sərlövhəli məqalədə deyilir: “Dromedar” abverqrup-114 haqqında agentura işi çərçivəsində əks-kəşfiyyatçılar daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı tapıb və həbs ediblər. O, Böyük Vətən müharibəsi dövründə Bolqarıstan ərazisində erməni millətindən olan 30-dan çox agenti cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə çatdırılmasında iştirak edib. SMERŞ əməkdaşları 17 təxribatçını tutub, qalanlar barəsində axtarış elan ediblər”. Njde Avropanın yəhudi əhalisinə qarşı Holokostda da iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya üçün həlak olan Ermənistan üçün həlak olur”. Burada necə deyərlər, şərhə ehtiyac yoxdur. Njde həbs edildi və ömrünü Vladimir həbsxanasında başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada az qala 6 metr hündürlüyündə abidə qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli sökmədi. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlaşdırılmasına yol verilməməlidir”.


“Qarabağ” adının özü Azərbaycan sözüdür”

Prezident qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı 25 ildən çox davam edən təcavüzü ölkəmizin ərazisinin təqribən 20 faizinin işğal edilməsinə gətirib çıxarıb. Nəticədə 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: “Həm tarixi ədalət, həm də beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Qeyd etməliyəm ki, “Qarabağ” adının özü Azərbaycan sözüdür. Tarixdən məlumdur ki, 1805-ci ildə Qarabağ xanı İbrahim xan tərəfindən Rusiya ordusunun generalı Sisiyanovla imzalanmış sazişə görə Azərbaycanın Qarabağ xanlığı müstəqil ölkə kimi Rusiya imperiyasının tabeliyinə keçib. Kürəkçay sazişi adlanan bu sənədin mətnini internetdə tapmaq olar. Həmin sənəddə Qarabağın erməni əhalisi barədə heç nə deyilmir. 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri əsasında Azərbaycanın qalan əraziləri də Rusiya imperiyasının tərkibinə keçib. Həmin dövrdə erməniləri İrandan və Şərqi Anadoludan Azərbaycanın Qarabağ regionuna köçürməyə başlayıblar. Beləliklə, yüz minlərlə erməni köçkün tarixi Azərbaycan torpağına gəlib çıxıb. Sonradan, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradılanda onun ilk fərmanlarından biri İrəvanın Azərbaycanın tərkibindən Ermənistanın tərkibinə verilməsi və Ermənistanın paytaxtı elan edilməsi haqqında fərman olub. Bu da tarixi faktdır. 1921-ci ildə bolşeviklər partiyasının Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması haqqında qərar qəbul edib. Bəzi erməni tarixçilərinin yazdığı kimi, Azərbaycana verilməsi haqqında yox, məhz saxlanması haqqında. Bu da tarixi faktdır. Daha bir tarixi fakt ondan ibarətdir ki, 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında fərman verib. Azərbaycan BMT-yə daxil olanda da, o, özünün tam ərazi bütövlüyü çərçivəsində daxil olub. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü, bütün dünya tərəfindən qəbul edilmiş BMT-nin Nizamnaməsi və Helsinki Yekun Aktı çərçivəsində həll edilməlidir. Buraya BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsini, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər beynəlxalq təşkilatların qətnamələrini, həmçinin “Dağlıq Qarabağ respublikası” adlandırılan qanunsuz qurumun heç bir ölkə tərəfindən tanınmamasını da əlavə etsək görərik ki, münaqişə Azərbaycanın ərazi bütövlüyünün tanınması və onun suverenliyinə hörmət müstəvisində həll edilməlidir. Erməni qoşunları işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmalı, bu torpaqlardan qovulmuş qaçqınlar və məcburi köçkünlər öz tarixi yurdlarına qaytarılmalıdır. İşğal edilən təkcə Dağlıq Qarabağ deyil. Ona bitişik 7 rayon da işğal olunub. Həmin 7 rayonda heç vaxt ermənilər yaşamayıblar”.

“Bu “seçkilər” bir daha göstərdi ki, heç kəs bu qanunsuz hərbi xunta rejimini tanımır”
Prezident deyib ki, münaqişə ilə əlaqədar onu da qeyd etməliyəm ki, bu yaxında erməni təbliğatına və bütövlükdə bu məsələ ilə əlaqədar Ermənistanın mövqeyinə növbəti böyük zərbə vurulub: “Əslində, bu zərbəni onlar özləri özlərinə vurublar. Əlbəttə, bizim məqsədyönlü fəaliyyətimiz, beynəlxalq təşkilatlarla əlaqələrimiz bu zərbəni gücləndirib. Söhbət qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “prezident seçkiləri” haqqındadır. Bu “seçkilər” bir daha göstərdi ki, heç kəs bu qanunsuz hərbi xunta rejimini tanımır. “Seçkilər”dən sonra aparıcı beynəlxalq təşkilatlar onları tanımadı, bu barədə açıq bəyanatlar səsləndi. ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya, ABŞ və Fransa bəyanatla çıxış etdilər. ATƏT-in Parlament Assambleyası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Avropa Parlamenti bəyanatlarla çıxış etdilər. Bütün bu təşkilatlar həmin “seçkiləri” tanımadılar və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu, bir daha nümayiş etdirdi, - mən bunu demişəm, bir daha demək istəyirəm, - Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi. Biz beynəlxalq ictimaiyyəti və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini bu təcavüzkar ölkəyə ciddi təzyiq göstərməyə çağırırıq ki, sülhyaratma prosesi yerində saymasın”.

A.Miriyev

Xəbər 486 dəfə oxundu.