“Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır”
Hikmət Hacıyev: “Münaqişənin yeganə həlli yolu Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, Ermənistan qoşunlarının həmin ərazilərdən çıxarılması və məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasından başlayaraq mərhələli nizamlanmadır”


“Ermənistan öz aqressiv ritorikası ilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə fəaliyyətinə zərbə vurur”. Bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “EurActiv” portalına müsahibəsində bildirib. Danışıqlarda irəliləyiş üçün Yerevanın konstruktiv fəaliyyətinin olmamasından təəssüfləndiyini bildirən Hikmət Hacıyev deyib ki, Ermənistan danışıqlar prosesindən geri çəkilir. Prezidentin köməkçisi vurğulayıb ki, münaqişənin yeganə həlli yolu Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, Ermənistan qoşunlarının həmin ərazilərdən çıxarılması və məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasından başlayaraq mərhələli nizamlanmadır. O qeyd edib ki, Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər” bir daha göstərdi ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejim cinayətkar birləşmədən, Ermənistanın siyasi rəhbərliyinin mafioz klanının tərkib hissəsindən başqa bir şey deyil. İşğal olunmuş Dağlıq Qarabağda gümüş mədənlərinin istismarı və qiymətli metalların qanunsuz ixracı artıq ənənəyə çevrilib. Bu sahədən qazanılan gəlir Ermənistanın siyasi rəhbərliyinin gizli fəaliyyətinin maliyyələşdirilməsi üçün istifadə olunur. Prezidentin köməkçisi müsahibəsində Azərbaycanda koronavirusla mübarizə istiqamətində görülən işlərdən də danışıb.


“EurActiv”: “Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər” bir daha göstərdi ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejim cinayətkar birləşmədən, Ermənistanın siyasi rəhbərliyinin mafioz klanının tərkib hissəsindən başqa bir şey deyil. İşğal olunmuş Dağlıq Qarabağda gümüş mədənlərinin istismarı və qiymətli metalların qanunsuz ixracı artıq ənənəyə çevrilib. Bu sahədən qazanılan gəlir Ermənistanın siyasi rəhbərliyinin gizli fəaliyyətinin maliyyələşdirilməsi üçün istifadə olunur”


O, Azərbaycan hökumətinin gördüyü qabaqlayıcı tədbirlərin səmərəli nəticələr verdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, ölkədə epidemioloji vəziyyət nəzarət altındadır. Azərbaycanda testlərin aparılması üçün 24 laboratoriya fəaliyyət göstərir və gündəlik 7 minə yaxın test icra olunur. Səhiyyə sisteminin hazırlığının gücləndirilməsi üçün tədbirlər görülüb, xəstəxana çarpayılarının sayı artırılıb, tibbi heyət təlimə cəlb olunub. COVID-19-un yaratdığı sosial-iqtisadi çətinliklərlə bağlı sualı cavablandıran Prezidentin köməkçisi zərərlərin qarşısının alınması üçün sosial-iqtisadi paket həyata keçirildiyini və bu məqsədlə 3 milyard manatdan çox vəsait ayrıldığını vurğulayıb. Hikmət Hacıyev Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssislərinin Azərbaycana dəvət edildiklərini, onların ölkədə vəziyyətlə tanış olaraq görülmüş işləri müsbət qiymətləndirdiklərini də qeyd edib. O, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun Prezident İlham Əliyevə göndərdiyi məktubda Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirləri nümunəvi adlandırdığını diqqətə çatdırıb. Hikmət Hacıyev bildirib ki, Azərbaycanın mövqeyi bundan ibarətdir ki, koronavirusla mübarizədə özünəqapanma deyil, qlobal həmrəylik səmərəlidir. Bu baxımdan o, Azərbaycanın hazırda sədrlik etdiyi Türk Şurasının və Qoşulmama Hərəkatının bu yaxınlarda keçirilmiş zirvə görüşlərini xatırladıb.

İtaliya KİV-lərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılar dərc olunub
Qeyd edək ki, İtaliyanın “La Verita”, “L’Antidiplomatio”, “Sardegnagol”, “CIVG”, “Giornale Diplomatico” kimi kütləvi informasiya vasitələri Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin yazılarını dərc edib. Yazılarında diplomat həmin kütləvi informasiya vasitələrinin bəzilərində Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər”, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə təhrif olunmuş və qərəzli məlumatları əks etdirən məqalələrə cavab olaraq münaqişənin tarixi-hüquqi aspektləri, işğal olunmuş ərazilərimizdəki vəziyyət, orada keçirilmiş qondarma "seçkilər"in qeyri-qanuniliyi, onların beynəlxalq ictimaiyyət tərəfindən pislənilməsi, beynəlxalq təşkilatlar tərəfindən münaqişə ilə bağlı qəbul edilmiş sənədlər, münaqişənin nizamlanmasına dair aparılan danışıqlar prosesi və bu xüsusda Azərbaycanın mövqeyi barədə məlumat verib. Həmçinin İtaliyanın “Babilon magazine” və “Un mondo d’Italiani” onlayn qəzetlərində də italyan jurnalist Domeniko Letizianın “Dağlıq Qarabağ: Azərbaycan Ermənistanı küncə sıxışdırır” və “Dağlıq Qarabağda seçkilər: Azərbaycan Ermənistanı küncə sıxışdırır” başlıqlı məqalələri dərc olunub. Məqalələrində italyan jurnalist Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər”in qeyri-qanuniliyinə diqqət çəkərək, həmin “seçkilər”in beynəlxalq ictimaiyyət tərəfindən sərt şəkildə tənqid edildiyini bildirib. Məqalələrdə jurnalist Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun münaqişənin mərhələli həlli ilə bağlı fikirlərinə münasibətdə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın açıqlamasına cavab olaraq Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun fikirlərinə geniş yer ayırıb. Məqalələrdə jurnalist Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələrindən də danışıb, habelə koronavirus epidemiyası ilə bağlı yaranmış mürəkkəb vəziyyətin iqtisadi çətinliklərdə boğulan Ermənistandan münaqişə ilə bağlı mövqeyini dəyişdirməsini və beynəlxalq təşkilatların sənədlərinə hörmət etməsini tələb etdiyini vurğulayıb.

Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək
Onu da qeyd edək ki. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, mayın 18-dən 22-dək Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Palitra”ya bildiriblər ki, təlimlərə 10 min nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq. Təlimlər zamanı döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və hərtərəfli təminatı, müxtəlif qoşun növləri və qisimlərinin idarəetmə orqanlarının qarşılıqlı əlaqəsi, həmçinin təlimlərin şərtlərinə uyğun olaraq yaradılan zərbə qruplaşmalarının atəş və manevr imkanları yoxlanılacaq. Təlimin niyyətinə əsasən, düşmənin əməliyyat düzülüşünün bütün dərinliyindəki müəyyən istiqamətlərdə qoşunların tətbiqi, kütləvi raket və artilleriya, aviasiya bomba-həmlə zərbələrinin endirilməsi, həmçinin silahlanmada olan yüksək dəqiqliyə malik vasitələrin istifadəsi nəzərdə tutulur. Müxtəlif təlim mərkəzləri və poliqonlarda qoşunların praktiki fəaliyyətləri yoxlanılacaq.

A.Miriyev

Xəbər 1346 dəfə oxundu.