“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”

Tehranə İbrahimova: “Bir böyük komanda olaraq işləyirik və layihələr həyata keçiririk”


Bu gün Rusiyanın ucqar diyarlarında da azərbaycanlı gənclər öz aktivlikləri ilə seçilirlər. Krasnoyarsk şəhərində olarkən bu gənclərin ictimai fəallıqlarının birbaşa şahid olduq. Həmin gənclərlə vaxt edib həmsöhbət olduq. Sibir Federal Universiteti Azərbaycan Tələbələr Birliyinin sədri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RATİ) Krasnoyarsk diyarı üzrə nümayəndəliyinin sədr müavini Tehranə İbrahimova bizimlə fikirlərini bölüşdü: “Mən Tümen vilayətinin Tobolsk şəhərində anadan olmuşam. Valideynlərim Azərbaycanın Astara rayonunun, Şiyakəran kəndindəndir. Uşaqlıqdan bəri həmişə yazın gələcəyini gözləyirdim ki, tezliklə vətənimə, yenidən öz doğma Xəzərimə və dağlarımıza qayıda bilim”.
Tehranə İbrahimova deyir ki, məktəbdə həm yaradıcı, həm də elmi fəaliyyətlə məşğul olub: “Regional elmi və praktik konfransların qalibi olmuşam. 7-ci sinifdən Tümen Dövlət Universitetinin bir filialının kimya laboratoriyasında vaxt keçirməyi xoşlamışam, amma yaradıcı və ictimai fəaliyyətdən heç vaxt ayrılmamışam. Məktəbdə xeyriyyəçilik tədbirlərinin, Azərbaycan mədəniyyəti günlərinin təşkilində iştirak etmişəm. Şəhər və universitet səviyyəsində tədbirlər keçirməklə məşğul olmuş, KVN komandasının kapitanı olmuşam. Xorda ifa etməyi və boş vaxtlarımda rəqs etməyi sevirdim”.

“Məqsədim və arzum genetik olmaqdır”

Həmsöhbətimiz 2018-ci ildə Fundamental Biologiya və Biotexnologiya İnstitutunun Sibir Federal Universitetinə daxil olub: “Məqsədim və arzum genetik olmaq və genetik xəstəliklərin, mutasiyaların diaqnozu, eləcə də müalicəsi üçün yeni metodlar hazırlamaqdır. Hal-hazırda Sibir Federal Universiteti Azərbaycan Tələbələr Birliyinin sədri olaraq ictimai fəallıq göstərirəm. Eyni zamanda Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RATİ) Krasnoyarsk diyarı üzrə nümayəndəliyinin sədr müavini olaraq çalışıram. Mən həm də Krasnoyarskdakı Xalqlar Dostluğu Mərkəzinin katibiyəm. “Vkontakte”, “Instagram” və digər sosial şəbəkələrdə aktivəm. Əsasən xarici birinci kurs tələbələri üçün tədbirlərin uyğunlaşma komplekslərinin yaradılması ilə məşğuluq”.
Tehranə İbrahimova keçirdikləri tədbirlər haqqında da məlumat verdi: “Biz abituriyentlərin görüşünü və Krasnoyarskın tarixi mərkəzinə axşam gəzintisi təşkil etmişik. Krasnoyarsk Su Elektrik Stansiyasına və V.P. Astafyevin ev-muzeyinə, "Gənclər Birliyi" millətlərarası festivalı (sentyabr), ustad dərsləri və s. milli birliklərin aktivləri üçün təlimlər (payız), "Gənclər Birliyi" şou müsabiqəsi (Beynəlxalq Tələbə Günü) etmişik. Fəaliyyətimiz sayəsində digər mədəniyyətləri araşdırmaq üçün bir mühit yaradırıq və hamı üçün bərabər imkanlar veririk. Onu da deyim ki, Krasnoyarsk Deputatlar Şurasının millət vəkili, yerli "Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri Taleh Mahmudov gənclərin əksər tədbirlərinə hər zaman dəstək verir ”.

“Regional RATİ bizə inkişaf üçün bir çox imkanlar verir”

Tehranə İbrahimova bildirdi ki, Azərbaycanlı Gənclər Təşkilatı (RATİ) onun üçün ikinci bir ailəyə bənzəyir: “Burada bir böyük komanda olaraq işləyirik və layihələr həyata keçiririk, Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq və ən əsası mənəvi dəyərləri dəstəkləyirik. Ötən il şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirdik, Nar bayramının təşkilində iştirak etdik. Moskvada keçirilən Gənclər İşləri üzrə Federal Agentliyin təşkil etdiyi "Rus Tələbə - 2019" Ümumrusiya Beynəlxalq Tələbə Forumunu da ziyarət edə bildim. Əlbəttə ki, “Etnik qarşıdurmalar. Sovet keçmişinin dərsləri" Xocalı faciəsində şəhid olanların xatirəsini ehtiramla yad etmək, bir azərbaycanlı olaraq bizim borcumuzdur. Fəallarla görüşlər keçirərək, hər şeydən əvvəl səmimi bir atmosfer yaratmağa, hər bir tələbənin fikirlərini dinləməyə, fikirlərini ilk növbədə gerçəkləşdirməyə və nəyəsə töhfə verməyə çalışıram. Regional RATİ bizə inkişaf üçün bir çox imkanlar verir. Mən böyük və mehriban bir ailənin bir üzvü olduğum üçün çox şadam”.


Fuad Hüseynzadə

(Bakı-Krasnoyarsk-Bakı)




Xəbər 2420 dəfə oxundu.