Rəsul Quliyev “milli şura”dan getdi
“İctimai Palatadakıları heç 2 il bundan öncə də müxalifət hesab etmirdim”

Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevin partiyadan və üzvü olduğu “milli şura”dan istefa verməsi haqqında məlumatlar yayılıb. O, bu addımının səbəbini açıqlayıb.
Sosial şəbəkələrdə yaydığı məlumatda R.Quliyev istefa xəbərini təsdiq edib. O, bu addımının doğru olduğunu bildirib: “Mənim atdığım addım düzgün addımdır”. O deyib ki, tərəfdarlarının çoxu müxtəlif partiyalarda olanlardır: “Belə bir vəziyyətdə mənim ACP-nin lideri kimi qalmağım düzgün deyil, əksinə, belə bir qərarı gərək 10 il bundan öncə qəbul edərdim. ACP üzvləri ilə bu məsələni müzakirə edəcəyəm, əlbəttə bizim mübarizəmiz bir yerdə davam edəcək. O ki qaldı İctimai Palatanın liderlərinə, mən onları heç 2 il bundan öncə də müxalifət hesab etmirdim.
Maraq üçün bildirək ki, ACP-dən iki əsas fiqur da istefa verib. Partiyanı tərk edənlər ACP Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva və Ali Məclis sədrinin müavini Solmaz Ələsgərovadır.
Z.Dünyamalıyeva qeyd edib ki, buna səbəb üzvü olduğu partiyanın və ACP-nin də qoşulduğu “milli şura”nın oktyabrın 9-da keçirilən prezident seçkilərində uğur qazana bilməməsidir: “Məhz buna görə mən partiyadan və “milli şura”dan istefa verdim. Mənimlə birgə Solmaz Ələsgərova da partiya üzvlüyündən kənarlaşıb”.
Xatırladaq ki, Zəminə Dünyamalıyeva və Solmaz Ələsgərova deputat olduqları dövrdə eks-spiker Rəsul Quliyevin sədri olduğu ADP-yə üzv olmuş, sonradan onunla birlikdə ADP-dən ayrılaraq ACP-ni qurmuşdular.

Tural


Xəbər 463 dəfə oxundu.