Dərmanların vahid qiymətə satılması ilə bağlı sənədlər hökumətə təqdim edilib
Azərbaycanda dərmanların vahid qiymətə satılması ilə bağlı hazır sənədlərin paketi Nazirlər Kabinetinə təqdim edilib. Səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında deyib ki, iyul ayında dərmanların vahid qiymətə satılması ilə bağlı Səhiyyə və İqtisadi və Sənaye nazirlikləri birgə ilkin təkliflər paketi hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib: “İndi isə hazır sənədlərin paketi hökumətə təqdim olunub. Buraya dərmanların vahid qiymətə satılması ilə əlaqədar qaydalar və nəzarət mexanizmini əks etdirən Əsasnamə, eyni zamanda vahid qiymətin formalaşmasını əsaslandıran qaydalar daxildir”. Nazir müavini dərmanların apteklərdə saxlanma şəraitinə də aydınlıq gətirib. Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən dərmanların saxlanması və digər qaydalara nəzarət olunur: “Bu araşdırma və yoxlamalar İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları ilə birgə keçirilir. Bu sahədə irəliləyiş çoxdur. Apteklərdə saxta dərmanların satışı əhəmiyyətli dərəcədə azalıb. Az hallarda saxtakarlıq hallarına rast gəlinir”.

Nigar

Xəbər 451 dəfə oxundu.