Zəlzələ bölgəsində 4976 evin tikintisi başa çatdırılıb, 288 evin tikintisi davam etdirilir
Fövqəladə Hallar Nazirliyi (FHN) ötən il respublikanın şimal-qərb bölgəsində baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına dair növbəti statistikasını açıqlayıb. FHN-dən verilən məlumata görə, 1 sentyabr 2013-cü il tarixinə qədər zəlzələ bölgəsində 59156 ev və sosial obyektə baxış keçirilib, 6065 ev və sosial obyektə qəzalı, 11 236 ev və sosial obyektə bərpa, 24101 ev və sosial obyektə təmir, 17754 ev və sosial obyektə isə qənaətbəxş rəyi verilib.
Baxış aktlarına əsasən, müəyyən olunmuş 5264 ədəd qəzalı evlərdən rayonlar üzrə - Zaqatalada 3764, Qaxda 494, Balakəndə 718, cəmi - 4976 fərdi yaşayış evinin tikintisi başa çatdırılıb, 288 ədəd fərdi yaşayış evinin tikintisi isə davam etdirilir. Sosial obyektlər üzrə inşasına başlanılmış 37 məktəbdən 1 sentyabr tarixinədək 9320 şagird yerlik 35 məktəb binası, 135 yerlik 2 uşaq bağçası tikilib istifadəyə verilib. Zaqatala rayonunun Muxax kəndində 480 şagird yerlik məktəb binası bərpa və gücləndirilib. Hesabatda həmçinin qeyd edilir ki, sentyabrın 1-dək zəlzələdən ziyan çəkmiş əhaliyə bərpa işlərinin aparılması ilə əlaqədar olaraq 28 197,7 min. manat yardım ödənilib. Qeyd edək ki, 7 may 2012-ci ildə episentri Zaqatala rayonu ərazisinə düşən zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərə ciddi ziyan dəyib. Hadisədən dərhal sonra zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı FHN tərəfindən operativ qərargah yaradılıb, nazirliyin mütəxəssisləri dəymiş ziyanın müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq tədbirlər həyata keçirməyə başlayıblar. Prezidentin göstərişlərinə əsasən Nazirlər Kabinetinin 8 may 2012-ci il tarixli 117 saylı sərəncamı ilə 7 may 2012-ci ildə respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq ehtiyat fondundan 20 milyon manat, 2012-ci il dövlət büdcəsində dürüstləşmə ilə əlaqədar təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün 300 mln. manat və Nazirlər Kabinetinin 24 oktyabr 2012-ci il 288 saylı sərəncamı ilə 100 mln. manat və 2013-cü ilin Dövlət Büdcəsindən 189 mln. manat olmaqla, cəmi 609 mln. manat vəsait ayrılıb. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq bu istiqamətdə zəlzələ zonasında təbii fəlakətin nəticələri aradan qaldırılır və ziyan dəymiş əhaliyə hər cür köməkliklərin göstərilməsi davam etdirilir.
Təhminə

Xəbər 572 dəfə oxundu.