Türkiyəli diplomat AMEA Naxçıvan Bölməsində olub
Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına yeni təyin olunmuş baş konsulu Əli Rza Əkinçi Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin fəaliyyəti ilə tanış olub. Türkiyəli diplomata AMEA Naxçıvan Bölməsinin yaradılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri haqqında məlumat verilib. Baş konsul Bölmədə yaradılmış Heydər Əliyev guşəsi, kitab sərgi salonu və Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeologiya və Etnoqrafiya Muzeyi ilə tanış olub. Türkiyəli diplomatın diqqətinə çatdırılıb ki, Arxeologiya və Etnoqrafiya muzeyində Naxçıvan ərazisində bölmə əməkdaşlarının iştirakı ilə keçirilən arxeoloji və etnoqrafik ekspedisiyalar zamanı əldə edilmiş eksponatlar, müxtəlif tarixi abidələrinin fotoşəkilləri saxlanılır. Kitab sərgi salonunda isə Naxçıvananın tarixi, mədəniyyyəti, folkloru, təbiətinə aid müxtəlif elmi ədəbiyyatlar, o cümlədən bölmə əməkdaşları tərəfindən yazılmış monoqrafiyalar, hazırlanan kitablar, bölmədə müdafiə olunan dissertasiyaların avtoreferatları, həmçinin AMEA Naxçıvan bölməsinin “Xəbərlər” jurnalının nüsxələri nümayiş etdirilir.
Bölmədə keçirilən görüş zamanı AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bu elm mərkəzinin yaradılması, fəaliyyəti, beynəlxalq əlaqələri haqqında məlumat verib. Qeyd edib ki, hazırda 6 institut, 36 şöbədən ibarət olan AMEA Naxçıvan Bölməsinin Türkiyə Cumhuriyyətinin müxtəlif elmi mərkəzləri və universitetləri ilə də əlaqələri mövcuddur. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbovun birbaşa diqqət və qayğısı ilə Naxçıvan Bölməsinin kitabxanası elektronlaşdırılıb, beləliklə də bu elm mərkəzinin zəngin kitabxanasından xarici tədqiqatçıların istifadəsi üçün də əlverişli şərait yaranıb. Naxçıvanda keçirilən elmi konfrans və simpoziumlarda türkiyəli elm adamları, Türkiyə Cumhuriyyətində keçirilən elmi tədbirlərdə isə bölmə əməkdaşları fəal şəkildə iştirak edirlər. Türkiyəli baş konsul Naxçıvanın müxtəlif tarixi məkanları, AMEA Naxçıvan Bölməsi ilə tanışlığın onda xoş təəssürat yaratdığını qeyd edib. Regionun strateji əhəmiyyətini xüsusi vurğulayan Əli Rza Əkinçi Naxçıvanın tarixi bir mədəniyyət və elm mərkəzi olduğuna da diqqət çəkib. Türkiyəli konsul ölkəsi ilə elm sahəsində əlaqələrin daha da gücləndirilməsində üzərlərinə düşən vəzifələri yerinə yetirməyə hazır olduqlarını deyib. Elmi ədəbiyyatların mübadiləsi, əlyazmaların mikrofilmlərinin hazırlanması istiqamətində əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub.


Elnur Kəlbizadə
AMEA Naxçıvan Bölməsinin əməkdaşı


Xəbər 856 dəfə oxundu.