AMEA alimləri üçün yaşayış evləri inşa olunacaq
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) alimlər üçün yataqxana, xidməti mənzil və kooperativ yaşayış evlərinin inşasını nəzərdə tutur. AMEA-nın Rəyasət Heyətinin İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev qəzetimizə bildirib ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası və digər proqramların icrası məqsədilə elmi işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər sürətləndirilir: “Sosial problemlər, mənzil şəraitinin çətinliyi, maaşların azlığı gənclərin elmə marağını artırmaq istiqamətində maneə olaraq qalır. Bu istiqamətdə müvafiq təkliflər hazırlanaraq AMEA prezidentinə təqdim olunub”. F.Abdullayev qeyd edib ki, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər sırasına “Aspirantlar yataqxanası”nda yaşayan alimlərin yaxınlıqda inşa olunan binaya köçürülməsi də daxildir: “Lakin araşdırmalar nəticəsində məlum olub ki, həddən artıq insan yataqxanada qeydiyyata alınıb və bəzilərinin AMEA ilə heç bir əlaqəsi yoxdur”. Ahıl alimlərin də sosial vəziyyətinin, mənzil şəraitinin ürəkaçan olmadığını vurğulayan F.Abdullayev onların yaşayış sahəsi ilə təmin edilməsi və kimsəsiz alimlərə xidmət göstərilməsi təklifini irəli sürüb. F.Abdullayev onu da əlavə edib ki, AMEA-nın 2001-ci ildə özəlləşdirilməyə çıxarılmış təsərrüfat hesablı 10 müəssisəsindən 3-ü sonralar xüsusi mülkiyyətə verilib və Akademiyanın yeni rəhbərliyinin dövlət başçısına müraciəti nəticəsində qalan 7 müəssisənin özəlləşdirilməsi dayandırılıb: “Bununla yanaşı, “Akademiya şəhərciyi”ndə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Mərkəzi Elmi Kitabxana, həmçinin Şamaxı Astrofizika Rəsədxanasında ölkə başçısı İlham Əliyevin sərəncamları ilə aparılan tikinti və yenidənqurma işləri yekunlaşmaq üzrədir.

Nigar


Xəbər 719 dəfə oxundu.