Lənkəranda məcburi köçkünlərə bayram sovqatı paylanılıb
Hər il olduğu kimi, bu il də Auditorlar Palatasının əməkdaşları yeni il ərəfəsində Füzuli və Zəngilan rayonlarından olan və Lənkəran rayonunda məskunlaşmış məcburi köçkünlərlə görüşərək onlara müxtəlif növ ərzaq məhsullarından ibarət bayram sovqatı paylayıblar.Görüşdə çıxış edən Auditorlar Palatasının sədri Vahid Novruzov və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini İlkin Rəhimov məcburi köçkünləri qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara gələn il bütün bayramları doğulub boya-başa çatdıqları doğma torpaqlarında qeyd etməyi arzulayıblar.
Qeyd olunub ki, Prezident İlham Əliyevin apardığı doğru, düzgün və məqsədyönlü siyasəti nəticəsində dünyada ölkəmizin nüfuzu xeyli artıb. İşğal altında olan torpaqlarımız dövlətimizin başçısının rəhbərliyi ilə tezliklə azad ediləcək, öz doğma yurdlarından didərgin düşmüş insanlar el-obalarına qayıdacaqlar.
Mərasimdə 70 məcburi köçkün ailəsinə bayram sovqatı və Yeni il hədiyyələri təqdim edilib.
Lənkəran rayonunda məskunlaşmış məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Xəbər 442 dəfə oxundu.