Hafiz Paşayev: “ADA-da 42 ölkədən tələbə var və onların sayı artacaq”
“Artıq 2-3 ildir sırf diplomatiya sahəsindən kənara
çıxmışıq”

Prezidentin Azərbaycan Diplomatik Akademiyası və İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universitetinin yaradılması ilə bağlı sərəncamına həsr olunmuş mətbuat konfransı keçirildi. ADA-nın rektoru Hafiz Paşayev bildirdi ki, 2006-cı ildə təsis olunan akademiya artıq ölkədə və xaricdə kifayət qədər tanınıb:
“Bu vəzifəyə dəvət alarkən cənab Prezidentlə ilk görüşümüzdə mən Prezidentə təklif etdim ki, gələcəkdə ADA daha geniş sahələrdə fəaliyyət göstərsin. Prezident buna öz razılığını verdi. Artıq bizim biznes məktəbimiz, həm magistratura, həm də bakalavr proqramlarımız var. Ad fikirləşərkən qazandığımız adı itirmək istəmədik, dünya təcrübəsinə də müraciət etdik. Məsələn, MGİMO-nu nümunə kimi gətirə bilərik, öncə onlar institut kimi fəaliyyətə başlayaraq daha sonra imkanlarını genişləndirdilər. Hazırda MGİMO adı qalır, lakin onlar universitet statusuna keçiblər. Planlarımız elə idi ki, universitet çərçivəsinə keçməli idik. Artıq 2-3 ildir sırf diplomatiya sahəsindən kənara çıxmışıq. Bu gün 54 fakültəmizdə 42 ölkədən xarici tələbələr təhsil alır və onların sayı artacaq”.
Rektor müavini Fariz İsmayılzadə bildirdi ki, ADA Universiteti bir sıra tanınmış xarici universitetlərlə əməkdaşlıq edir, bunların sırasında ABŞ Miçiqan Universiteti, Monterey Universiteti, Con Hopkins Universitetini qeyd etmək olar.
Qeyd edək ki, hazırda ADA Universiteti özündə biznes fakültəsi, ictimai və beynəlxalq münasibətlər, humanitar və dəqiq elmlər, mühəndislik və informasiya texnologiyaları fakültələrini birləşdirərək təxminən 700 tələbəyə həm bakalavr, həm də magistr dərəcələri üzrə müxtəlif ixtisaslar təklif edən təhsil ocağı kimi fəaliyyət göstərir. Yaxın gələcəkdə tələbələrin, eləcə də proqramların və fakültələrin sayının artırılması planlaşdırılır.
Nigar



Xəbər 675 dəfə oxundu.