Qafqaz Universiteti 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirib
Qafqaz Universitetində 1990-cı il 20 Yanvar faciəsinin 24-ci il dönümü ilə bağlı anım mərasimi keçirilib. Öncə Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqiəlik sükutla yad edildi və ardından Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirildi. Daha sonra Teleaparıcı Rahib Azərinin 20 Yanvar şəhidlərinin xatirəsinə hazırladığı Sirdaş proqramı nümayiş olundu. Sonra söz müəllifin özünə verildi. Rahib Azəri öz çıxışında həmin hadisələrin canlı şahidi olduğunu söyləyib. O, 20 Yanvar faciəsinin Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olduğunu söyləyib. Olaylar barədə məlumat verən Rahib Azəri bildirib ki, 20 Yanvar faciəsi zamanı Azərbaycan 131 şəhid verib. Bu şəhidlər ölkəmizin müstəqilliyi uğrunda həlak olublar. 20 Yanvar olaylarına beynəlxalq ictimaiyyətin diqqətinin cəlb edilməsində başlıca rolu isə ümummilli lider Heydər Əliyev oynayıb. Məhz SSRİ-nin yaratdığı informasiya blokadasına baxmayaraq ümummilli lider H.Əliyev heç nədən çəkinmədən Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək 1990-cı il yanvarın 21-də Qorbaçov və onun komandasının atdığı bu addımları kəskin tənqid edib. Ümummilli lider Heydər Əliyevin bu müraciəti o zaman dünyanın aparıcı KİV orqanlarında geniş işıqlandırılıb. Beləliklə də beynəlxalq ictimaiyyət Azərbaycanda sovet ordusunun həyata keçirdiyi qanlı qırğın barədə məlumatlandırılıb. Professor onu da bildirib ki, Sovet ordusunun 20 Yanvarda xalq hərəkatını boğmaq cəhdləri uğursuz alınıb. Müstəqilliyə aparan yola böyük iradə nümayiş etdirən Azərbaycan xalqı bu faciədən sonra daha da sıx birləşib. Tədbir universitetin müəllim və tələbə heyətinin Şəhidlər Xiyabanını ziyarət etməsilə yekunlaşdı.

İlkin


Xəbər 490 dəfə oxundu.