Göygöldə Olimpiya İdman Kompleksi istifadəyə verilib
Yanvarın 21-də Prezident İlham Əliyev Gəncə şəhərinə səfərini başa çatdıraraq Göygöl rayonuna gəlib.Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Göygöl şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov Prezidentə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

Bayraq Meydanı Kompleksi

Prezident Göygölə səfəri çərçivəsində Bayraq Meydanı Kompleksinin açılışında iştirak edib.
Məlumat verilib ki, kompleksin tikintisinə 2012-ci ilin may ayında başlanıb. Meydanda 50 metr yüksəkliyə qaldırılmış dövlət bayrağı rayonun hər yerindən aydın görünür. Kompleksdə geniş əraziyə malik gəzinti zolaqları yaradılıb. Nəfis şəkildə işlənən dövlət gerbi kompleksi daha da gözəlləşdirir. Dövlət başçısına meydanın tikinti prosesini əks etdirən fotostend təqdim olunub. Bütövlükdə geniş yaşıllıq işlərinin aparıldığı kompleks rayonda gedən abadlıq-quruculuq tədbirlərinin ardıcıl xarakter daşıdığına dəlalət edir. Müasir səviyyədə inşa olunan bu kompleks indi rayonun ən gözəl yerlərindən birinə çevrilib. Prezident “Azərbaycan dövlətinin rəmzləri muzeyi”ində də olub. Muzeydə Azərbaycanın müxtəlif dövrlərdəki gerbləri, o cümlədən Nuxa, Yelizavetpol, Naxçıvan, Quba, Şuşa, Şamaxı, Lənkəran, Zaqatala qəzaları və Bakı quberniyasının, Azərbaycan SSR-in, Azərbaycan İctimai Şuralar Cəmiyyətinin və müstəqil Azərbaycanın gerbinin fotoları nümayiş etdirilir. Burada Azərbaycanın Səfəvilər, Ağqoyunlular, Qaraqoyunlular və Eldəgizlər dövlətləri dövründəki, həmçinin 1918-1920-ci illər və 1991-ci ildəki xəritələri də var. Tarixin müxtəlif dövrlərində atribut kimi qəbul edilmiş bayraqlar da böyük maraq doğurur.

Göygöl şəhərinə içməli suyun verilməsinə başlanıb

Azərbaycan Prezidenti İöygölə içməli suyun verilməsi mərasimində iştirak edib.
Məlumat verilib ki, Göygöl şəhərinə çəkilmiş yeni su xətti layihəsinin icrası 3 mərhələdə aparılıb. Birinci mərhələdə mənbəyi Murov dağının ətəyində olmaqla Kürəkçayın başlanğıcında yerüstü suların yığılması və süzülməsi üçün ümumi sahəsi 15 min kvadratmetr olan möhtəşəm hidrotexniki suqəbuledici-təmizləyici-ötürücü qurğular kompleksi tikilib. Kompleksin layihə üzrə gücü saniyədə 132,5 litrdir. Bu qurğular kompleksinə infiltrasiya-drenaj qurğuları sahəsi, suqəbuledici qalereya, keçid məntəqəsi, transformator yarımstansiyası və mühafizə zonası daxildir. Qurğunun normal və fasiləsiz iş rejimini təmin etmək üçün 5 kilometr məsafədən dəmir-beton dirəklərlə yüksək gərginlikli elektrik xətti çəkilmişdir. Suyun süzülərək təmizlənməsi üçün qurğuya müxtəlif fraksiyalı 41 min kubmetr qum-çınqıl materialı təbəqə-təbəqə yığılaraq təbii filtr qatı yaradılıb. Kürəkçay mənbəyindən suyun əhaliyə çatdırılması üçün əsas nəqledici magistral içməli su xəttinin tikintisi başa çatdırılıb. Suqəbuledici-təmizləyici-ötürücü qurğular kompleksindən su anbarlarına magistral xətt çəkilib.
Dövlət başçısına məlumat verilib ki, bu xətlə Göygöl şəhəri ilə yanaşı, Toğana, Çaykənd, Yeni Zod, Göyçəkənd, Mixaylovka, Hacıkənd, Aşıqlı kəndlərinin əhalisi fasiləsiz olaraq təmiz içməli su ilə təmin ediləcək. Qurğunun potensial gücü əhalinin 2031-ci ilə olan artım proqnozunu nəzərə almaqla 29 min nəfər şəhər əhalisinin saniyədə 72 litr və 10 min nəfər kənd əhalisinin saniyədə 18 litr su ilə fasiləsiz tam təmin olunmasına imkan verəcək.
Layihənin icrasının ikinci mərhələsində şəhərin müxtəlif yüksəkliklərində hər birinin tutumu 1000 kubmetr olan 6 su anbarı və suyun xlorlanması üçün qurğu, yerli “Sukanal” idarəsi üçün müasir cihaz və avadanlıqlarla təchiz edilmiş laboratoriya otaqları olan inzibati bina və istehsalat bazası tikilib. Burada suyun istehlakçılara normal çatdırılması üçün bütün operativ tədbirləri həyata keçirmək məqsədilə hər cür şərait yaradılıb. Bu mərhələdə şəhərdaxili su şəbəkəsində, anbarlar arasında, ev birləşmələrində boru xətləri çəkilib, bütün abunəçilərin evlərində smart tipli su sayğaclarının quraşdırılması nəzərdə tutulub. Bundan başqa, şəhər kanalizasiya sistemində 134 min 555 poqonmetr uzunluqda kanalizasiya xətləri çəkilib, 1948 kanalizasiya quyusu və 4500 abunəçinin həyətinə ev baxış quyusu tikilib, 3 kanalizasiya nasos stansiyası inşa edilib. Bildirilib ki, hazırda layihənin icrasının üçüncü mərhələsi çərçivəsində gün ərzində 5500 kubmetr çirkab su təmizləmək gücünə malik qurğular kompleksinin tikintisində və texnoloji avadanlıqların quraşdırılması prosesində tamamlama işləri gedir. Kompleks bu ilin birinci rübündə istismara təhvil veriləcək. Prezident İlham Əliyev şəhərə çəkilmiş yeni su xəttinin açılışını edib.

“Biz Göygöl idmançılarından yaxşı nəticələr gözləyirik”

Prezident Göygöl Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Son 10 ildə Azərbaycan idman sahəsində də mühüm nailiyyətlər əldə edib. Prezident İlham Əliyevin idmana diqqəti sayəsində Azərbaycan artıq idman ölkəsi kimi bütün dünyada layiqli yerini tutub. Bu gün müstəqil Azərbaycanın idmançıları dünya miqyasında böyük uğurlar qazanırlar. Ölkəmiz dünya idman ailəsinə möhtəşəm mərkəz kimi daxil olub. İndi istər Bakı, istərsə də bölgələrdə region və beynəlxalq əhəmiyyətli idman yarışları ən yüksək səviyyədə keçirilir. Bu məsələdə regionlardakı müasir idman qurğuları müstəsna rol oynayır. Prezident İlham Əliyev Göygöl Olimpiya İdman Kompleksinin açılışını bildirən rəmzi lenti kəsib. Dövlət başçısına yeni kompleks haqqında məlumat verən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən Göygöl Olimpiya İdman Kompleksinin tikintisinə 2010-cu ilin sonunda başlanıbr. Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Göygöl rayonunda ictimaiyyətin nümayəndələri, həmçinin idmançılarla görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Zallar ən müasir idman qurğuları ilə təchiz olunub. Burada müasir üzgüçülük hovuzu da tikilib. Kompleksdə güləş, universal idman, şahmat və boks zalları, məşqçilər üçün otaqlar, konfrans zalı və digər zəruri otaqlar mövcuddur. Müxtəlif idman tədbirlərinin keçirilməsi üçün hər cür şəraitlə təchiz edilən universal idman zalı 780 tamaşaçı üçün nəzərdə tutulub. Kompleksin infrastrukturu da ən müasir tələblərə cavab verir. Beynəlxalq standartlara uyğun inşa edilən kotteclərdə istirahət üçün ən yüksək şərait yaradılıb. Kompleksin açıq futbol stadionu da var. FİFA standartlarına cavab verən stadionun ətrafında yüngül atletika yarışları üçün qaçış zolağı salınıb. Stadionda 1300 tamaşaçı tutumu olan üstüörtülü tribuna tikilib. Dövlət başçısına məlumat verilib ki, Göygöl rayonunun idmançıları beynəlxalq və respublika səviyyəli idman yarışlarında mühüm nailiyyətlər qazanıblar. Hazırda rayonda idmanın müxtəlif növləri üzrə 2 Avropa və 14 dünya çempionu var. Göygöl Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident deyib: “Göygöldə Olimpiya Mərkəzi tikilibdir. Bu gün bu mərkəzin açılışını birlikdə qeyd edirik. Sizi təbrik edirəm. Burada idmanla məşğul olmaq üçün bütün imkanlar vardır. Mən soruşuram deyirlər ki, ümumiyyətlə, Göygöl rayonunda idman obyektləri, idmanla məşğul olmaq üçün imkan olmamışdır. İndi belə gözəl imkan vardır. Ən yüksək səviyyədə tikilibdir - hovuz, oyun, məşq zalları, artıq burada gözəl memarlıq özünü göstərir. Bir də ki, kotteclər, mehmanxana. Yəni, rayonun inkişafı üçün bu mərkəzin çox böyük əhəmiyyəti vardır. Burada şahmat dərnəyi fəaliyyət göstərəcəkdir. Ona görə, biz Göygöl idmançılarından yaxşı nəticələr gözləyirik. Gərək yaxşı nəticələr, qələbələr olsun, həm ölkə çempionatlarında, həm də beynəlxalq turnirlərdə. İndi belə şəraitdən sonra gərək yaxşı da nəticələr olsun. Çünki Azərbaycanda idman sürətlə inkişaf edir. Biz idman aləmində yüksək zirvələrə qalxmışıq. Azərbaycan indi idman dövlətidir, çoxlu medallarımız, idmançılarımız, dünya, Olimpiya çempionları vardır. Keçən il təkcə bir il ərzində Olimpiya idman növləri üzrə dörd dünya çempionumuz olmuşdur. 2012-ci ildə Yay Olimpiya Oyunlarında böyük qələbə qazanmışıq. Universiadada gənc idmançılarımız Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. Yəni, biz idman ölkəsi kimi özümüzü artıq təsdiq etmişik. Gərək bu müsbət dinamika davam etsin. Buna nail olmaq üçün gərək uşaqlar, yeniyetmələr hər yerdə, hər bir rayonda idmanla məşğul olsunlar. Biz bu şəraiti yaradırıq.Göygöl Olimpiya İdman Kompleksi Azərbaycanda tikilən sayca 41-ci regional kompleksdir.Artıq Bakıdan başqa 41 şəhərdə idmanla məşğul olmaq üçün gözəl imkanlar vardır. Bakıda isə Avropa Oyunlarına hazırlıq gedir. Yeni idman obyektləri tikilir - Olimpiya Stadionu, Su İdmanı Sarayı, Stend Atıcılığı Mərkəzi, Gimnastika Kompleksi. Əvvəllər tikilmiş idman obyektləri təmir edilir. Biz gələn il Avropa Oyunlarını yüksək səviyyədə keçirməliyik və əminəm ki, keçirəcəyik. Ona görə, indi Göygöldə idmanla bağlı problemlər öz həllini tapacaq. Burada gözəl məşq prosesi təşkil edilməlidir. Eyni zamanda, yığma komandalarımız da gəlib burada təlim-məşq toplantılarında iştirak etməlidirlər. Bir sözlə, əminəm ki, Göygöl Olimpiya Kompleksinin gözəl gələcəyi olacaq. Bütövlükdə, rayonda bu gün bir neçə tədbirdə iştirak etmişəm. Onların içərisində əlbəttə ki, su-kanalizasiya layihəsini xüsusi qeyd etmək istəyirəm. Siz yaxşı bilirsiniz ki, Göygöl rayonunda su təchizatı həmişə böyük problem olub. Təmiz, keyfiyyətli içməli su həmişə problem olub. Bu problem artıq aradan qaldırılıb. İndi ölkəmizdə ən təmiz və keyfiyyətli sulardan biri artıq Göygölə verilir. Şəhər içməli su ilə tam təmin edilir. Bu su kəmər boyu yerləşən yeddi kəndə də verilir. Gələcəkdə başqa kəndlərin su problemi də həll ediləcəkdir. Bu, tarixi layihədir, tarixi nailiyyətdir. Çünki bu ərazidə, bu rayonda heç vaxt keyfiyyətli su olmamışdır. Bax, Azərbaycan dövlətinin siyasəti və gücü bunda özünü göstərir. İnsanların sağlamlığı, rahat yaşamaları üçün Azərbaycan dövləti bu böyük layihələri icra edir. Dağlardakı mənbədən 25 kilometr uzunluğunda kəmər çəkilib, böyük vəsait xərclənibdir. Dağların arasında süni göl, yəni, su hövzəsi yaradıldı ki, burada yaşayan sakinlər təmiz su içsinlər. Mənə verilən məlumata görə, şəhərin qaz problemi də 100 faiz həll edilib. Göygöl şəhəri 100 faiz qazlaşdırılıbdır. Kəndlərin yarısı da qazlaşdırılıbdır. Bu da heç vaxt olmamışdır. İndi biz buraya da qaz çəkdik, 100 faiz təmin olundu. Elektriklə bağlı problemlər həll edilibdir. Kənd yolları tikilir. Bir layihə icra edilir, daha bir layihə icra ediləcəkdir. Təkliflər verilib. Elə etməliyik ki, burada bir dənə də təmirsiz kənd yolu qalmasın. Bütün rayon infrastrukturu inkişaf edir və yeniləşəcəkdir. Əlbəttə ki, rayonun aqrar potensialı çox böyükdür. Bu istiqamətdə hələ görüləsi işlər çoxdur. Turizm potensialı da vardır. Ancaq turizm potensialının inkişafı, ondan səmərəli şəkildə istifadə etmək üçün şərait olmalıdır. Yol, qalmağa yer, infrastruktur olmalıdır. Bunları da biz yaradırıq və yaradacağıq. Göygöl rayonunun inkişafı üçün əlavə təbdirlər də görüləcək, vəsait də ayrılacaqdır ki, burada işlər həmişə yaxşı getsin. Əvvəlki səfərlərimdə xəstəxananın açılışında bərabər olmuşuq. Bu gün Bayraq Meydanının təqdimatı keçirilmişdir. Bu da çox önəmli məsələdir. Bizim bayrağımız dövlətçiliyimizin rəmzidir. İndi hər şəhərdə bayraq meydanı vardır. Bu da müasir Azərbaycanın yenilikləridir. Bakıda və hər bir şəhərdə. Bütün digər istiqamətlər üzrə Bakıda nə varsa, bütün şəhərlərdə də olmalıdır. Deyə bilərəm ki, Bakı hələ 100 faiz su ilə təmin edilməyib. Bakıda görülən son işlər hesabına biz davamlı suyun verilməsini ancaq 78 faiz səviyyəsinə qaldıra bilmişik. Amma Göygöldə 100 faizdir. Qazlaşdırma Bakıda 96 faiz, Göygöldə 100 faizdir. Bunlar regional proqramın icrası nəticəsində mümkün olmuşdur. İki proqram icra edilibdir. Üçüncü proqram da yaxın gələcəkdə qəbul ediləcəkdir. O da beşillik proqram olacaqdır. Orada hər bir rayon, o cümlədən Göygöl rayonu üzrə konkret beşillik fəaliyyət planı öz əksini tapacaqdır. Hər bir vətəndaş proqramı oxuya bilər ki, onun rayonunda hansı işlər gözlənilir. Artıq proqram daha çox yerlərdən gələn təkliflər əsasında tərtib edilir. Sakinlərin müraciətləri nəzərə alınır. Bildiyiniz kimi, dövlət və hökumət orqanlarının vəzifəli şəxsləri mütəmadi qaydada bölgələrə ezam olunurlar, sakinlərlə görüşürlər, onların problemlərini eşidirlər və həll edirlər. Bax, növbəti proqram da sakinlərdən gələn təkliflər əsasında formalaşıbdır. Növbəti beş il ərzində qalan infrastruktur, sosial məsələlər öz həllini tapacaqdır, o cümlədən məktəb tikintisi. Hələ ki, Göygöldə də təmirsiz məktəblər, digər sosial və infrastruktur layihələr vardır. Bu gözəl obyektin - idman kompleksinin açılışı münasibətilə sizi bir daha təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram”.

Heydər Əliyev Mərkəzi açılıb

Prezident Göygöl şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Mərkəz və onun yerləşdiyi Heydər Əliyev parkı indi Göygölün ən gözəl məkanlarından biridir. Prezident İlham Əliyev əvvəlcə Heydər Əliyev parkı ilə tanış olub. Dövlət başçısına burada aparılan abadlıq və yenidənqurma işləri barədə məlumat verilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən parkdakı Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, kinoteatr və uşaq əyləncə mərkəzi ən müasir standartlara cavab verir. Burada rayon sakinlərinin asudə vaxtlarını səmərəli keçirmələri üçün hərtərəfli şərait yaradılıb. Parkdakı Yaşıl Teatr bərpa olunub, stolüstü oyunlar zalı fəaliyyət göstərir və uşaqlar üçün xüsusi attraksionlar quraşdırılıb. Prezident İlham Əliyev parkda tikilmiş Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib. Prezident Göygölə səfəri çərçivəsində Gənclər Mərkəzi ilə tanış olub. Göygöldə Gənclər Mərkəzinin yaradılması da gənclərin rayonun həyatında fəal mövqe tutmalarına yeni stimul vermək məqsədi daşıyır. Gənclər Mərkəzi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verilib ki, rayon gənclərinin fəallığının artırılması, onların intellektual potensialının üzə çıxarılması məqsədilə yaradılan mərkəz indi gənclərin ən çox üz tutduqları məkandır. Buradakı internet–kafe, diskoteka və digər əyləncə növləri və stolüstü oyunlar gənclərin asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir. Burada müxtəlif maraqlı tədbirlərin keçirilməsi üçün müasir zal da gənclərin ixtiyarına verilib. Bütövlükdə belə mərkəzlərin yaradılmasında əsas məqsəd yetişməkdə olan nəslin cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakına stimul verməkdir.

Xəbər 4863 dəfə oxundu.