Lev Xaçaturyan: “Ermənilər üç istiqamətdə miqrasiya edirlər - xaricə, həbsxanaya və məzara”
“Nyus.am”: “Ermənistanda pensiyaçıların yarısından çoxu yoxsulluq həddindən aşağı səviyyədə yaşayır”

Ermənistan parlamentinin üzvü Lev Xaçaturyan “Joxovurd” qəzetinə açıqlamasında ölkəsindəki vəziyyəti dəyərləndirib. Deputat bildirib ki, Ermənistanda iş yerləri olmadığı üçün vətəndaşların əksəriyyəti işsizdir, işsiz olduqları üçün də onların pulları yoxdur: “Əmək qabiliyyətli əhalinin böyük əksəriyyəti iş yeri olmadığı üçün işsizdir. İş yeri ona görə yoxdur ki, kiçik və orta biznesin inkişafı üçün heç bir şərait yoxdur.

Beynəlxalq Əmək Təşkilatı:
“Ermənistanda işsizlik rekord səviyyəyə çatıb”


Kiçik və orta biznes ona görə yoxdur ki, ölkəyə lazım olduğu üçün onu məhv ediblər. Ermənistanda inkişaf edən yeganə bir sahə var - miqrasiya. Bu gün Ermənistan vətəndaşları üç istiqamətdə miqrasiya edirlər - ölkə xaricinə, həbsxanaya və məzara”. Bu arada Ermənistanın əmək naziri Artyom Asatryanın açıqladığı rəqəmlər işğalçı ölkədə təqaüdçülərin ağır vəziyyətini bir daha göz önünə çıxarır. Həmin məlumatları şərh edən “Nyus.am” yazır ki, Ermənistanda təqaüdçülərin 292 mini 2014-cü ili də kasıbçılıq həddindən aşağı vəziyyətdə keçirəcək. Qeyd edilir ki, təqaüdçülərin ümumi sayının 540 min olduğunu nəzərə alanda belə çıxır ki, onların 54 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayırlar. Əslində yoxsulluq həddindən də aşağı vəziyyətdə yaşayan təqaüdçülərin sayı 292 yox, 333 mindir. Nazir bildirib ki, bu il ərzində təqaüdlərə müəyyən əlavələr olacaq ki, ancaq bundan sonra onların sayı 292 min nəfərə enəcək. Beynəlxalq Əmək Təşkilatı isə Ermənistanda işsizlik səviyyəsini açıqlayıb. Təşkilatın hesabatına görə, 2013-ci ildə Ermənistanda işsizlik rekord səviyyəyə çataraq 18,64 faiz olub. Hesabatda qeyd edilir ki, ümumilikdə Mərkəzi və Cənub-Şərqi Avropada işsizliyin səviyyəsi MDB ölkələrinə nisbətən kifayət qədər yüksəkdir. Təkcə Ermənistan istisna olmaqla. Hesabatda qeyd edilir ki, 2012-ci ildə Ermənistanda işsizlik 17,3 faiz olub ki, bu da MDB ölkələri üçün ən yüksək göstəricidir. Qonşu Gürcüstanda işsizliyin 2013-cü ildə 14,3 faiz, Azərbaycanda isə 5,5 faiz təşkil etdiyi hesabatda qeyd edilib. Hesabatda Türkiyə (9,9 faiz) və Rusiyada (5,8 faiz) ötən il işsizliyin artdığı qeyd edilib. Dünya üzrə işsizliyin ötən il 5 milyon nəfər artaraq 202 milyon nəfərə çatdığı qeyd edilib. Qadınlar arasında işsizliyin 6 faiz artdığı qeyd edilməklə yanaşı, vurğulanır ki, xüsusilə gənc qadınlar arasında işsizlik artmaqda davam edir.
Anar Miriyev

Xəbər 549 dəfə oxundu.