Artur Rasizadə: “Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin dərin tarixi kökləri var”
Fevralın 20-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarski ilə görüşüb.
Azərbaycan və Bolqarıstan baş nazirlərinin təkbətək görüşündən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar olub.
Baş nazir Artur Rasizadə bildirib ki, yüksək səviyyədə olan Azərbaycan-Bolqarıstan münasibətlərinin dərin tarixi kökləri var. O qeyd edib ki, hazırda ölkələrimiz arasında dövlət başçıları səviyyəsində yaxşı münasibətlər mövcuddur.
Azərbaycanın Baş naziri iqtisadi əlaqələrin inkişafı məsələsinə toxunaraq vurğulayıb ki, ölkələrimiz arasında istifadə olunmamış xeyli potensial var. O deyib: “Azərbaycan regional və dünya əhəmiyyətli iri enerji layihələri həyata keçirir. Bununla bərabər, Azərbaycan qeyri-neft sektorunun inkişafına da böyük diqqət yetirir. Sənaye, turizm, humanitar əlaqələr sahələrində təmas nöqtələri tapmaq lazımdır ”.
Artur Rasizadə deyib ki, Azərbaycan müdafiə qabiliyyətinin artırılması məsələlərinə də xüsusi diqqət yetirməyə məcburdur, çünki ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilib. Baş nazir vurğulayıb ki, Ermənistan Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti aparıb, Xocalı soyqırımını törədib, nəticədə qadınlar, uşaqlar və qocalar qətlə yetirilib.
Azərbaycanın Baş naziri əmin olduğunu bildirib ki, Bolqarıstanın Baş nazirinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin hərtərəfli inkişafına təkan verəcək.
Bolqarıstanın Baş naziri Plamen Oreşarski vurğulyıb ki, Azərbaycanın son illərdə qazandığı iqtisadi uğurlar yüksək qiymətə layiqdir. P. Oreşarski deyib ki, Bolqarıstan energetika sahəsində Azərbaycan ilə əməkdaşlığa xüsusi diqqət yetirir və SOCAR-ın Bolqarıstana sərmayə yatırması üçün yaxşı imkanlar var.
Baş nazir Plamen Oreşarski, həmçinin təhsil, mədəniyyət, turizm, kənd təsərrüfatı, müdafiə sənayesi sahələrində əməkdaşlıq potensialını qeyd edib.
Danışıqlar zamanı Bakı və Sofiya arasında birbaşa aviaxəttin açılması, iki ölkənin sahibkarlarının əlaqələrini yaxşılaşdırmaq məqsədi ilə Bolqarıstan-Azərbaycan biznes forumunun keçirilməsi imkanlarına da toxunulub.
Təhminə

Xəbər 399 dəfə oxundu.