Binəqədidə yeni məhkəmə binasının təməli qoyulub
Dünən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi üçün müasir inzibati binanın təməlqoyma mərasimi keçirilib. Mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, habelə hakimlər, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Ümumi sahəsi 7672 m2 olan 4 mərtəbədən və zirzəmidən ibarət yeni məhkəmə binası ictimai və inzibati zonalara bölünməklə müasir texnologiya və avadanlıqlarla təchiz olunacaq, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən audio- və video sistemlər, digər zəruri infrastruktur quraşdırılacaqdır.
Ədliyyə Nazirliyindən bildirilib ki, tədbir iştirakçıları Binəqədi Rayon Məhkəməsinin və digər yeni məhkəmə binalarının layihələrini əks etdirən stendlərlə tanış olmuş, məhkəmənin təməli qoyulub.
Mərasimdə çıxış edən ədliyyə naziri F.Məmmədov ölkə başçısının rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi, müasir infrastrukturun yaradılması barədə məlumat verib, bu sahədə Dünya Bankı ilə birgə dünyada ən uğurlu hesab olunan "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsinin həyata keçirildiyini, layihə çərçivəsində artıq bir neçə yeni məhkəmə binalarının tikilərək istifadəyə verildiyini və yeni komplekslərin intensiv inşasını vurğulayıb.
Nazir son illər regionlarda 20-dək yeni məhkəmələrin yaradıldığını, hakimlərin sayının 2 dəfə artırıldığını, onların Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimini, eləcə də hakimlərin maddi təminatının xeyli yaxşılaşdırıldığını qeyd edib. Bildirib ki, Binəqədi Rayon Məhkəməsinin müasir binasının inşası məhkəmə sistemində aparılan islahatlara əlavə töhfə verəcək, məhkəmələrə çatımlılığı daha da asanlaşdırmaqla vətəndaşların hüquqlarının etibarlı təmin olunmasına xidmət edəcəkdir.
Həmçinin, məhkəmələrdə qabaqcıl İKT-lərin tətbiqinə toxunularaq, bu sahədə strateji prioritetləri müəyyən edən ölkə Prezidentinin "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında Sərəncamının müstəsna əhəmiyyəti qeyd olunmuş, onun ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, aşkarlığın tam təmin edilməsinə, süründürməçiliyin qarşısının alınmasına böyük töhfə verəcəyi vurğulanıb.
Mərasimdə çıxış edənlər respublikamızın hərtərəfli inkişafına, xüsusilə ədalət mühakiməsinin səmərəliliyinə və məhkəmə sisteminin müasirləşdirilməsinə verdiyi müstəsna əhəmiyyətə və xüsusi qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Elə həmin gün hakimlərin və ədliyyə işçilərinin iştirakı ilə müşavirə keçirilib.
Müşavirə zamanı ədliyyə naziri və Ali Məhkəmənin sədri çıxışlar edib, dövlət başçısının vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, dövlət məmurları tərəfindən etik qaydalara dönmədən riayət olunması və korrupsiyaya qarşı ən qəti mübarizə tədbirlərinin aparılması ilə bağlı tapşırıqları vurğulanaraq, qanunun aliliyinin təmin olunması, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunub, peşəkarlığın artırılması, xüsusilə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi, habelə icra və əmək intizamına ciddi əməl olunması, vətəndaşların haqlı narazılığına səbəb olan qanun pozuntusu, korrupsiyaya şərait yaradan və digər neqativ halların qətiyyətlə aradan qaldırılmasının zəruriliyi bildirilib.
Bununla yanaşı, icra məmurlarına icra prosesi zamanı insan hüquqlarına ciddi riayət olunması, məhkəmə qərarlarının vaxtında və dürüst icrası, işin yaxşılaşdırılması üzrə konkret tapşırıqlar verilmiş, korrupsiya, süründürməçilik, qeyri-etik davranış və digər neqativ halların yolverilməzliyi xüsusi vurğulanıb.

Fuad

Xəbər 591 dəfə oxundu.