Əhali pulsuz tibbi müayinədən yararlanır
Prezident İlham Əliyevin fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının icbari tibbi müayinədən keçirilməsi barədə tapşırığı ölkənin bütün regionlarında uğurla həyata keçirilir. “Bu gün hər bir Azərbaycan vətəndaşı öz ölkəsi ilə fəxr edir. Gündən-günə inkişaf edən müstəqil respublikamız dünya ölkələri arasında özünə layiqli yer tutur. Memarı və qurucusu ulu öndərimiz Heydər Əliyev olan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində həyatımızın bütün sahələrində böyük nailiyyətlər əldə edilir. Bu nailiyyətlər arasında səhiyyəni xüsusilə qeyd etmək lazımdır”. Bu fikirləri müsahibəsində bildirən Gəncə Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Həsənbala Sadıqov daha sonra deyib ki, Prezident əhalinin rifah halının yaxşılaşdırılmasına, eləcə də insanların sağlamlığının qorunmasına daim ciddi diqqət yetirir: “İndi elə bir bölgə yoxdur ki, orada müasir tibb mərkəzi olmasın. Ən yeni tibb avadanlıqları ilə təchiz edilmiş bu səhiyyə ocaqları ixtisaslı kadrlarla da təmin edilib və sakinlərin hər hansı müayinə üçün paytaxta getməsinə ehtiyac qalmır. Dövlətimizin başçısının əhalinin pulsuz tibbi müayinədən keçirilməsi barədə verdiyi tapşırıq bir daha onu göstərir ki, İlham Əliyev həqiqətən hər bir Azərbaycan vətəndaşının Prezidentidir. Bütün bunlara görə möhtərəm Prezidentimizə minnətdarlığımızı bildiririk”.
Ölkə başçısının əhalinin icbari tibbi müayinədən keçirilməsi barədə tapşırığı respublikamızın hər yerində olduğu kimi, Binəqədi rayonunda da uğurla icra edilir.
Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri Ramiz Göyüşov bildirib ki, martın 28-dək rayon ərazisində fəaliyyət göstərən tibb müəssisələrində 60 mindən çox sakin dövlətimizin başçısının tapşırığı ilə həyata keçirilən pulsuz tibbi müayinələrdən yararlanıb. Müayinə olunanlardan 5 min 13 nəfərə ambulator, 295 nəfərə isə stasionar müalicə kursu təyin edilib. Biləcəri qəsəbəsinin 30 minə yaxın sakininə xidmət göstərən 15 nömrəli şəhər poliklinikasında da rayon sakinlərinin tibbi müayinəsi üçün bütün lazımi şərait yaradılıb. Poliklinikanın baş həkimi Rauf Sadıxov demişdir ki, indiyədək 2 min 623 nəfər rayon sakini təcrübəli həkimlər tərəfindən hərtərəfli müayinə olunublar. Onlardan 845 nəfəri ambulator, 42 nəfəri isə stasionar müalicəyə cəlb olunub. Baş həkim dövlət başçısının tapşırığı ilə keçirilən bu aksiyanın xəstəliklərin erkən aşkarlanması baxımından böyük əhəmiyyəti olduğunu vurğulayıb, rəhbərlik etdiyi poliklinikanın da dövlət proqramı çərçivəsində ən müasir avadanlıqlarla təchiz edildiyini və burada yüksək ixtisaslı həkimlərin çalışdığını diqqətə çatdırıb. Müayinədən keçən rayon sakinləri onların sağlamlıqlarının qeydinə qaldığına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Nigar

Xəbər 323 dəfə oxundu.