Quba Soyqırımı Memorial Kompleksini 10 mindən çox insan ziyarət edib
Son bir neçə gündə Quba Soyqırımı Memorial Kompleksini ziyarət edənlərin sayı 10 mini ötüb.
Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edənlər arasında paytaxtdan, respublikamızın əksər rayonlarından gəlmiş soydaşlarımızla yanaşı, əcnəbi vətəndaşlar da olublar. Ziyarətçilər soyqırımı qurbanlarının xatirəsini anıblar. Kompleksi ziyarət edənlərə məlumat verilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən burada geniş tədqiqat işlərinə başlayıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Qeyd edək ki, 1918-ci ilin mart hadisələri zamanı Quba qəzasının 167 kəndi tamamilə dağıdılıb, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib. Rayonun ən qədim yaşayış məntəqələrindən olan Alpan kəndində daşnakların törətdiyi vəhşiliklərin nişanələrinə indi də rast gəlmək mümkündür. Rayon mərkəzindən 16 kilometr uzaqlıqda yerləşən kənddə faciəni əks etdirən tarixi yerlərdən biri də qədim qəbiristanlıqdır. Dinc sakinləri qətlə yetirməklə ürəkləri soyumayan erməni vandalları kənd qəbiristanlığındakı baş daşlarını gülləbaran etmiş, buradakı Subaba türbəsini yandırıblar. Güllələrin izləri baş daşlarının üzərində indi də qalmaqdadır. Yerli sakinlərin dediyinə görə, o dövrdə Alpan kəndində 30-dan artıq ev olub. Ermənilər bütün evləri yandırıb, qocaya, qadına, uşağa rəhm etməyiblər.

Xəbər 362 dəfə oxundu.