Xəzərin statusuna dair danışıqlar üçün yeni müstəvi yaradılır
Rusiya paytaxtında Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin konfransı keçirilib. Beynəlxalq Ticarət Mərkəzində keçirilən konfransda Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iştirak edirlər.
Nazirlərin görüşündə bu ilin payızında Həştərxanda keçiriləcək Xəzər sammitinin gündəliyi, proqramı və yekun sənədləri müzakirə olunacaq. 2010-cu ildə Bakıda keçirilmiş sammitin qərarlarının yerinə yetirilməsi üzrə ekspertlər səviyyəsində görülən işlər təhlil edilib. Bunlar müasir tələblərə cavab verən yeni hüquqi statusun işlənib hazırlanması, təhlükəsizlik sahəsi və ümumi təhdidlərə qarşı mübarizə, ətraf mühitin mühafizəsi, bioehtiyatların qorunması və rasional istifadəsi, fövqəladə hallar barədə xəbərdarlıq və onların nəticələrinin aradan qaldırılması məsələləridir. Sergey Lavrov toplantında deyib ki, Rusiya Federasiyası Xəzər problemlərinin müzakirəsi üçün yeni müstəvilərin yaradılmasına tərəfdardır. Lavrov bildirib ki, 2010-cu ildə Bakıda keçirilmiş III Xəzər sammiti zamanı dövlət başçıları Xəzərin hüquqi statusunun müəyyənləşməsi sahəsində bir sıra konkret vəzifələr müəyyənləşdiriblər. Bu vəzifələr akvatoriyanın delimitasiyasının perimetrlərinin işlənib hazırlanmasını, Xəzərdə təhlükəsizliyə dair sazişin həyata keçirilməsinə başlanmasını, nərəkimilərin ovlanmasına moratorium qoyulması üçün mexanizmin hazırlanmasını və müvafiq komissiyanın statusunun yüksəldilməsini nəzərdə tutur. S. Lavrov əlavə edib ki, nazirlərin görüşündə bu tövsiyələrin həyata keçirilməsinin gedişi müzakirə olunacaq və əsas istiqamətlər müəyyənləşəcək: “Aydın olan budur ki, hamıya aid olan ümumi Transxəzər gündəmi qarşılıqlı fəaliyyət mexanizminin möhkəmlənməsini və mümkündürsə, aparılan işlərin effektivliyini yüksəltmək məqsədilə danışıqlar üçün yeni müstəvilərin yaradılmasını diktə edir”. Qeyd edək ki, tədbir çərçivəsində Elmar Məmmədyarovun İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkmənistanın xarici işlər naziri Rəşid Meredovla görüşü də keçirilib.

Xəbər 293 dəfə oxundu.