Maliyyə naziri Astanada AİB-in tədbirində iştirak edəcək
2-5 may tarixində Qazaxıstanın paytaxtı Astanada Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 47-ci İllik Toplantısı keçiriləcək.
Toplantıda maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi Azərbaycanın nümayəndə heyəti iştirak edəcək. “Dəyişən Dünya ilə Asiyanı birləşdirən İpək Yolu” devizi altında keçirilən İllik Toplantıda üzv ölkələrdən nazirlər, mərkəzi bank rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, tanınmış alim və ekspertlər olmaqla 3 min nəfərdən çox nümayəndənin iştirakı gözlənilir.
Astanada beynəlxalq toplantının keçirildiyi günlərdə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 2015-ci ildə Bakıda keçiriləcək 48-ci illik toplantısına ev sahibliyi edəcək Azərbaycanın tanıtımı məqsədi ilə ayrıca pavilyon qurulacaq və “Azərbaycan günü” adlı tədbir keçiriləcək.
Xatırladaq ki, 1966-cı ildə yaradılan AİB-nın baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-na 22 dekabr 1999-cu ildə üzv qəbul olunub.

Fuad


Xəbər 309 dəfə oxundu.