Bakıda müəllimlərin Sınaq Qiymətləndirilməsinə başlanılır
Gələn ay Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən paytaxtın ümumtəhsil müəssisələrində çalışan müəllimlərin Sınaq Qiymətləndirilməsi keçiriləcək. Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri, BŞTİ-nin müdirinin müavini Elnur Əliyev mətbuat konfransında bildirib ki, Sınaq Qiymətləndirilməsi 3 istiqamətdə - fənn, metodika, komminakstiv qabiliyyətə dair sorğu əsasında aparılacaq. Onun sözlərinə görə, Sınaq Qiymətləndirilməsinin fənn istiqaməti-müəllimə öz bilik və bacarığını obyektiv dəyərləndirmək, peşəsi üçün əhəmiyyətli olan zəif və güclü cəhətlərini müəyyən etmək imkanı verəcək. E.Əliyev qeyd edib ki, Sınaq qiymətləndirilməsinin metodika istiqaməti üzrə tapşırıqları-kurrikulumların tətbiqi, müasir təlim texnologiyaları ilə işləmək bacarığı, şagird nailiyyətlərinin qiymətləndirilməsi və sair kimi məsələləri əhatə edir: “Kommunikativ qabiliyyətə dair sorğu-müəllimlərin şagirdlərlə ünsiyyət qurma, özünü idarəetmə keyfiyyətləri və sinifdə münbit psixoloji mühit yarada bilmək bacarıqlarını ehtiva edir. Qeyd edək ki, sınaq qiymətləndirilməsi diaqnostik tədqiqat xarakteri daşıyır və müəllimlərin attestasiyasiyasına hazırlıq məqsədilə keçirilir. Qiymətləndirmə Bakı şəhərinin 12 rayonu üzrə ayrı-ayrı məktəblərdə təşkil olunacaq və 2 saat davam edəcək. Sınaq qiymətləndirilməsi ilə müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və karyera inkişafı, onların bilik, bacarıq və səriştəsinin artırılmasına xidmət edən yeni sisteminin yaradılmasına başlanılması nəzərdə tutulur. E.Əliyev əlavə edib ki, qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin peşə fəaliyyəti, stimullaşdırıcı meyarlar da dəyərləndiriləcək və yeni yanaşmaya uyğun yeni təlim proqramları hazırlanacaq. Onun sözlərinə görə, bu proses həmçinin müəllimlərin ixtisasartırması və yenidən hazırlanması üçün əlavə imkanlar yaradacaq, ümumilikdə təhsilin keyfiyyətinin yüksəldilməsini təmin edəcək, əmək fəaliyyəti və iş şəraitinin optimallaşdırılmasında mühüm rol oynayacaq.

Nigar

Xəbər 1071 dəfə oxundu.