Şanxayda Zirvə Toplantısı işə başlayıb
Mayın 20-də Çin Xalq Respublikasının Şanxay şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısı işə başlayıb.
“Sülh, sabitlik və əməkdaşlığa yönümlü yeni Asiyanın qurulması üçün dialoqun, qarşılıqlı etibarın və birgə fəaliyyətin möhkəmləndirilməsi” mövzusunda keçirilən tədbirdə 10-dan çox ölkənin dövlət başçısı, yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, beynəlxalq və regional təşkilatların rəhbərləri iştirak edirlər. İki gün davam edəcək toplantının gedişində mövzu ilə bağlı müzakirələr aparılacaq, zirvə görüşünün yekun bəyannaməsi qəbul olunacaq, quruma yeni üzvlər qəbul ediləcək. Dördüncü zirvə toplantısında 2014-2016-cı illər üzrə sədrlik Çinə keçəcək.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin yaradılmasına dair ilk təşəbbüsü Qazaxıstan Prezidenti Nursultan Nazarbayev 1992-ci ildə BMT Baş Məclisininin 47-ci iclasında irəli sürüb. 1993-cü ilin martında forum kimi fəaliyyətə başlayan təşkilata hazırda 24 ölkə, o cümlədən Azərbaycan üzvdür. Bundan başqa, ümumilikdə 13 beynəlxalq təşkilat və ölkə müşahidəçi statusuna malikdir. Birinci və ikinci zirvə toplantıları 2002-ci və 2006-cı illərdə Almatıda, üçüncü iclas isə 2010-cu ildə İstanbulda keçirilib.


Xəbər 344 dəfə oxundu.