Dəniz Administrasiyasının rəhbərliyi Londonda keçirilən sessiyada iştirak edib
Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təşkilatı olan Beynəlxalq Dəniz Təşkilatının (İMO) London şəhərində keçirilmiş Dəniz Təhlükəsizliyi Komitəsinin 93-cü sessiyasında iştirak edib.
Sessiya zamanı Beynəlxalq Dəniz Təşkilatına Üzv Dövlətlərin məcburi audit yoxlamasından keçmələri ilə bağlı müvafiq müddəaların adıçəkilən təşkilat çərçivəsində qəbul olunmuş Beynəlxalq Konvensiya və Protokollara əlavə edilməsi üzrə müzakirələr aparılaraq bir sıra Konvensiya və Protokollara dəyişikliklər edilməsi barədə müvafiq Qətnamələr qəbul edilib.
İtaliya sahillərində “Costa Concordia” sərnişin gəmisində baş vermiş qəza hadisəsindən sonra sərnişin gəmilərinə olan tələblərin daha da sərtləşdirilməsi və bir sıra məsələlərin aydınlaşdırılması məqsədilə Dəniz Təhlükəsizliyi Komitəsinin 92-ci sessiyasının və digər əlaqədar alt-komitələrin hesabatları dinlənilib.
Həmçinin, Komitənin iclasında beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, dəniz mühitinin mühafizəsinin və dənizdə təhlükəsizliyin ən yüksək səviyyədə təmin edilməsi ilə əlaqədar dünya dəniz dövlətləri tərəfindən həyata keçirilməsi zəruri olan fəaliyyətlər ilə əlaqədar ümumi müzakirələr aparılıb.
Həmçinin, sessiya müddətində Azərbaycan Respublikasının nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatı rəsmiləri və sessiyada iştirak edən Üzv Dövlətlərin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib.
Dünya dəniz dövlətlərinin dəniz administrasiyalarının rəhbərləri ilə görüşlər çərçivəsində Gürcüstanının Dəniz Nəqliyyatı Agentliyinin rəhbəri Mamuka Akhaladze ilə keçirilən görüş zamanı M. Akhaladze Azərbaycanın dəniz nəqliyyatı sahəsində əldə etdiyi uğurlara toxunaraq, son dövrlərdə iki ölkə arasında əməkdaşlığın inkişafından, xüsusilə Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyinin fəaliyyətinə Azərbaycan tərəfdən göstəril köməklikdən məmnunluğunu ifadə edib.
Dəniz Təhlükəsizliyi Komitəsinin 93-cü sessiyası bir sıra Beynəlxalq Konvensiyalara dəyişikliklər edilməsi barədə Qərar qəbul edilməsi ilə öz işini yekunlaşdırıb.

Fuad

Xəbər 297 dəfə oxundu.