Regionlarda könüllülük fəaliyyəti aktivləşir
Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən təşkil olunan “Azərbaycan Könüllülük Xidməti” proqramı davam edir. Proqram Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutub.
Proqram çərçivəsində, könüllülər ona müvafiq olaraq müəyyən olunmuş şəhər və ya rayonun “Gənclər Evi”ndə qrup rəhbəri ilə birlikdə fəaliyyətə başlayıblar. Könüllülər əvvəlcə fəaliyyətə başladıqları şəhər və ya rayonun “Gənclər Evi” və burada həyata keçirilən fəaliyyətlə tanış olublar və yerli gənclər təşkilatlarının fəaliyyətinə cəlb olunublar. Daha sonra yerli imkanlarla tanış olaraq, gənclər təşkilatlarının gələcək fəaliyyətinin planlaşdırılmasında iştirak ediblər.
Hazırda könüllülər və qrup rəhbərləri tərəfindən Azərbaycanın müxtəlif bölgələrində gənclər üçün şahmat dərsləri, müxtəlif dillərdə danışıq klubları, kompüter kursları, müxtəlif tədbir və konfranslar təşkil olunur.
Məlumat üçün qeyd edək ki, “Azərbaycan Könüllülük Xidməti” Proqramının əsas məqsədi ölkədə könüllü hərəkatına təkan vermək, könüllülərin inkişafı və onların idarə edilməsinə və ölkədəki gənclər evləri və mərkəzləri arasında gənc könüllülərin mübadiləsinə dair standartların tərtib edilməsidir. Proqramın iyun ayında start götürməklə ilin sonunadək həyata keçiriləcək və ölkənin 60 gənc liderini və 15 gənclər evini və mərkəzini əhatə edəcək. Proqram çərçivəsində könüllülərlə iş üzrə yerli koordinatorların hazırlanması, yerlərdə könüllülərin 1 aylıq mübadiləsi və təcrübəsi proqramının təşkil olunması planlaşdırılır.
“Azərbaycan Könüllülük Xidməti”nin həyata keçirilməsində “Avropa Könüllülük Xidməti”nin təcrübəsindən istifadə olunur.
Xatırladaq ki, 2013-cü ilin may ayında ARGTMŞ Avropa Komissiyasının Gənclər Fəaliyyətdə (Youth in Action) proqramının Avropa Könüllülük Xidməti (European Voluntary Service) üzrə akkreditasiya sertifikatı alıb.
Eyni zamanda 2013-cü ildə ARGTMŞ tərəfindən Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 10 gənclər təşkilatına Milli Akreditasiya Sertifikatı təqdim olunub.

Fuad

Xəbər 333 dəfə oxundu.