Oksford Universitetinin alimləri azərbaycanlı həmkarlarının əsərlərini tərcümə edəcək
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında Oksford Universitetinin alimləri ilə görüş keçirilib. Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ictimai-siyasi və mədəniyyət xadimləri iştirak ediblər.M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva görüşü açaraq ötən ilin oktyabrında Oksford Universitetinin Şərqşünaslıq Departamentinin dəvəti ilə həmin təhsil ocağında olduğunu bildirib. Rektor dünyanın ən qədim və nüfuzlu təhsil ocaqlarından biri sayılan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması ilə əlaqədar Anlaşma Memorandumunun imzalandığını diqqətə çatdırıb, belə bir Mərkəzin yaradılmasının elmi əhəmiyyətini vurğulayıb, bu əlamətdar hadisənin Azərbaycan dilinin, ədəbiyyatının, tarixinin, mədəniyyəti ilə bərabər gələcək nəslin elmi potensialının zənginləşdirilməsi baxımından xüsusi çəkiyə malik olduğunu qeyd edib. Rektor bildirib ki, Elmi Mərkəzin açılması ilə bağlı qərarın qəbul edilməsində Oksford Universitetinin bugünki görüşdə iştirak edən alimlərinin böyük dəstəyi olub. Professor Nərgiz Paşayeva bildirib ki, Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi Oksford Universitetin tam hüquqlu bir hissəsi kimi fəaliyyət göstərəcək: “Mərkəzin dəyəri və sanbalı da məhz bundadır. Nizami Gəncəvi bəşəri dəyərləri vəsf edən böyük bir simadır. Nizami Gəncəvinin yaradıcılığı bütün bəşəriyyətə məxsusdur. Nizami Gəncəvi böyük İslam mədəniyyətinin dünya mədəniyyətinə bəxş etdiyi şəxsiyyətdir. Bu mütəfəkkir hələ XII əsrdə insanları bu günün əsas problemi olan tolerantlığa, humanizmə çağırırdı. Nizami Gəncəvi Azərbaycan torpağında yaşayıb yaratmışdır. Nizaminin idealları bu gün də əhəmiyyətlidir. Böyük mütəfəkkir Avropaya, dünyaya ancaq alimlərin və elmin çiynində təqdim olunmalıdır”.
AMEA-nın müxbir üzvü Nərgiz Paşayeva Elmi Mərkəzə Nizami Gəncəvinin adının verilməsində dəstək olan Oksford Universitetinin bütün alimlərinə təşəkkürünü bildirərək deyib ki, Mərkəzin dəyəri ondan ibarətdir ki, o, Nizami Gəncəvinin adını daşıyacaq və Oksford Universitetinin bir qurumu kimi dünyada qəbul ediləcək. Elmi Mərkəz Azərbaycan və onun yerləşdiyi Qafqaz regionunun tarixi və mədəniyyətinin araşdırılması üzrə Böyük Britaniyada təsis edilən ilk elmi tədqiqat ocağıdır. Mərkəz Oksford Universitetində keçiriləcək tədbirlərin, tədqiqatların və Azərbaycan ilə bağlı digər fəaliyyət növlərinin təqvimini tərtib edəcək”. Nizamişünaslığın hazırda həllini gözləyən bir elm sahəsi olduğunu vurğulayan Nərgiz Paşayeva bildirib ki, bu, bizim vaxtilə ədəbiyyatşünaslığımıza töhfə verən alimlərin aqibəti kimi olmamalıdır. Nizami Gəncəvi haqqında kitablar çoxdur, amma onların heç biri akademik ranqda ingilis və ya fransız dillərinə tərcümə olunmayıb. Bu məsələyə xüsusi diqqət yetirilməlidir. Azərbaycan alimlərinin, şərqşünaslarının, türkoloqlarının gözəl əsərləri var. Bizim borcumuzdur ki, bunları bir daha həm özümüzə, həm də belə bir müstəvidə Oksford Universitetinin alimlərinə tanıdaq. Azərbaycanın elm adamlarının ingilis, fransız, alman dillərində çap edilən və geniş elmi aləmə məlum olan kitabları azdır. Yeni Elmi Mərkəz açılandan sonra əlbəttə ki, bu elmi problemlərin həllinə sistemli şəkildə başlanılacaq.
Oksford Universitetində İranşünaslıq bölməsinin rəhbəri Edmund Martin Herzig təmsil etdiyi təhsil ocağında şərqşünaslıq bölməsinin yaradılmasının tarixindən danışaraq akademik səviyyədə əlaqələrin önəmini qeyd edib, azərbaycanlı həmkarları ilə birgə fəaliyyət üçün işlərin çox olduğunu diqqətə çatdırıb. Qədimliklə yeniliyin vəhdətinin çox vacib məqam olduğunu söyləyən alim bunun fəal əməkdaşlığın bünövrəsi kimi dəyərləndirib. Alim vurğulayıb ki, azərbaycanlı həmkarlarının əsərlərinin tərcüməsinə dəstək olmağa hazırdır.
İngiltərəli oxuculara Şərq ədəbiyyatının tanıdılmasında Oksford Universitetinin rolunu qeyd edən alim bu təhsil ocağının digər qurumlarla əlaqələrindən danışıb.
Oksford Universitetinin Şərqşünaslıq İnstitutu, Nyu-York Universitetinin Antik Araşdırmalar Mərkəzinin aparıcı elmi tədqiqatçısı Robert Cerard Hoyland Azərbaycan tarixinin zənginliyindən, ədəbiyyatımızla daha yaxından tanış olmaq arzusundan söz açıb. Alim bildirib ki, Mərkəzdə tariximiz tədqiq ediləcək, təcrübə mübadiləsi aparılacaq.
Azərbaycan alimlərinin əsərlərinin dünyaya hələ lazımınca tanış olmadığını söyləyən Robert Cerard Hoyland ən parlaq Azərbaycan xadimlərinin əsərlərini tərcümə edib daha geniş ingilis dilli auditoriyaya tanıtdırmaq təşəbbüsünün vacibliyindən danışıb. Qədim Bərdə şəhərində aparılan arxeoloji tədqiqatlardan söhbət açan alim Azərbaycanda sivilizasiyaların dinc yanaşı yaşadığını söyləyib.
Robert Cerard Hoyland Moskva Dövlət Universitetinin Bakı filialının Oksford Universiteti ilə yeni müstəvidə yaradılan əlaqələrinin əməkdaşlığın inkişafına töhfə verəcəyini qeyd edib.
Professor Nərgiz Paşayeva auditoriyaya müraciət edərək belə layihələrin reallaşmasına hər zaman dəstək olan elm xadimlərinə təşəkkürünü bildirib.
Milli Elmlər Akademiyasının müxbir üzvü, Bakı Dövlət Universitetində ümumi dilçilik kafedrasının müdiri Nizami Cəfərov Azərbaycanda intellektual maraqların olduğunu bildirib. Nizami Gəncəvinin adını daşıyan Mərkəzin Avropanın nüfuzlu Oksford Universitetində yaradılmasını təsadüfi hadisə olmadığını bildirən Nizami Cəfərov qeyd edib ki, müasir Azərbaycanın coğrafi ərazisi minilliklər ərzində bir çox qədim sivilizasiya və mədəniyyətlərin kəsişdiyi yer olub. Mərkəzin məqsədi bu mədəniyyət və dinlərin Azərbaycanın maraqları baxımından öyrənilməsinin təşviq edilməsidir. Sonra Bakı filialının akt zalında qonaqlar üçün Azərbaycan musiqisindən ibarət konsert proqramı təqdim olunub.

Nigar Abdullayeva




Xəbər 288 dəfə oxundu.