“Bəbirləri qoruyaq!“ adlı II yay düşərgəsi uğurla başa çatıb
Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və IDEA İctimai Birliyinin "Qafqaz bəbirlərinin mühafizəsi" layihəsi çərçivəsində start verdiyi "Bəbirləri qoruyaq!" adlı II yay düşərgəsi uğurla başa çatıb.
İB-dən verilən məlumata görə, 23-25 iyul tarixlərində Heydər Əliyev Mərkəzi və Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə Masallı rayonunda baş tutan düşərgədə Cəlilabad, Masallı və Yardımlı rayonlarından 30-dan çox məktəbli iştirak edib.
"Bəbirləri qoruyaq!" adlı II yay düşərgəsində məktəblilər bu nadir canlı növünün məskunlaşdığı ərazilər, onların qorunması, insan və ətraf mühit kimi mövzuları əhatə edən təlimlərdə, bəbirlərin yaşadığı təbii mühitə ekskursiyalarda iştirak edib, müxtəlif ekoloji tədqiqatlar aparıblar. Düşərgə ərzində zəngin biliklər əldə edən gənclərə sonda xatirə hədiyyələri də təqdim olunub.
Xatırladaq ki, ilk belə yay düşərgəsi 9-11 iyul 2014-cü il tarixlərində Lənkəran, Astara və Lerik rayonlarından olan 30-dan çox məktəblinin iştirakı ilə Masallı rayonunda təşkil olunmuşdu.
Həyata keçirilən düşərgələrin məqsədi gənclərin məktəb yaşlarından ekoloji sahədə maarifləndirilməsi, onlarda təbiətə sevgi hissinin, aktiv vətəndaş mövqeyinin formalaşdırılması və inkişaf etdirilməsi, Qafqaz bəbirlərinin məskunlaşdığı yerlərin yaxınlığında yaşayan məktəblilərin bu nadir növ haqqında məlumatlandırılması və onun mühafizəsi işinin təbliğ edilməsidir.
Qeyd edək ki, hər iki yay düşərgəsi 7 may 2014-cü il tarixində IDEA İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə baş tutan Qafqaz Biomüxtəlifliyi Sammitinin davamı olaraq həyata keçirilib.
Tural

Xəbər 304 dəfə oxundu.