Daşınmaz əmlak barədə məlumat bazası elektronlaşacaq
Dünən Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən kütləvi informasiya vasitələri üçün “Dövlət əmlakının idarə edilməsi və hərracların təşkili: müasir yanaşmalar və elektron xidmətlər” mövzusunda ictimai təqdimat keçirilib. Təqdimat mərasimində çıxış edən komitənin sədr müavini Rüstəm Şahbazov dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi sahəsində həyata keçirilən tədbirlərdən və qazanılan nəticələrdən danışıb.
Onun sözlərinə görə, tədbirin məqsədi dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi sahəsində tətbiq edilən müasir yanaşmaları və elektron xidmətləri, o cümlədən illik xüsusi hesabat formalarının elektron qəbulu və həyata keçirilən elektron hərracları ictimaiyyətə açıqlamaqdır. İstifadəyə verilən elektron xidmətlər dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi, xüsusi mülkiyyətin dövlət qeydiyyatı sahələrini əhatə edir. Bu isə artıq komitənin fəaliyyət sahəsinin əksər hissəsinin elektronlaşdırılması deməkdir. Tədbirdə qeyd olunub ki, hazırda 29 elektron xidmət (25 interaktiv, 4 informativ) vətəndaşların və hüquqi şəxslərin istifadəsindədir. Tədbirdə eyni zamanda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elektron xidmətlərin təqdimatı olub. Bildirilib ki, komitənin elektron xidmətlər portalında 6 interaktiv xidmət dövlət əmlakının özəlləşdirilməsində keçirilən hərraclarla bağlıdır. Belə ki, səhmdar cəmiyyətlərin səhmlərinin, kiçik dövlət müəssisə və obyektlərin, yarımçıq tikililərin, nəqliyyat vasitələrinin özəlləşdirilməsinə dair hərraclarda iştirak üçün sifarişlərin qəbulu kimi xidmətlər mövcuddur. Tədbirdə həmçinin hər bir elektron xidmətlə bağlı slaydlar nümayiş olunub, xidmətlərin istifadə qaydaları izah edilib. Qeyd olunub ki, elektron xidmətlər vasitəsilə bu günə qədər 90 mindən çox müraciət daxil olub. 2014-cü il ərzində 2 200-ə yaxın dövlət müəssisə və təşkilatı tərəfindən illik xüsusi hesabat forması məhz elektron xidmət vasitəsilə təqdim olunub. Rüstəm Şahbazov onu da deyib ki, yaxın vaxtlarda Dünya Bankı ilə Azərbaycan hökuməti arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilən “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” başa çatacaq. Layihənin məqsədi bütün növ daşınmaz əmlak barədə məlumat bazasının elektronlaşdırılması, elektron kadastr məlumatlarının yaradılması, həm xüsusi daşınmaz əmlakın qeydiyyatı, kadastrı və idarə edilməsi üzrə sistemin ümumilikdə hazırlanmasını əhatə edir. O, əlavə edib ki, bu sistem fəaliyyət göstərməsi üçün müəyyən maddi-texniki bazanın yaradılmasını da əhatə edir.
Fuad

Xəbər 430 dəfə oxundu.