Bank VTB seminar keçirib
Bu günlərdə "Bank VTB" (Azərbaycan) ilk dəfə olaraq çirkli pulların yuyulması və terrorizmlə mübarizə (ÇPY/TM) mövzusunda seminar keçirib.
Bankdan verilən məlumata görə, seminarda Bank VTB-nin (Azərbaycan) 300 əməkdaşı, bankın İdarə Heyətinin rəhbərliyi və departament direktorları ilə yanaşı, dəvətli qonaq qismində Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin baş analitiki Zaur Hacılı və Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev də iştirak ediblər.
Milli qanunvericiliyin və bankların daxili normativ bazasının tələblərinə əsasən, Bank VTB-də (Azərbaycan) ÇPY/TM üzrə daxili nəzarət sistemi fəaliyyət göstərir ki, bu sistem Bank əməliyyatlarının monitorinqi İdarəsi və ÇPY/TM şöbəsi tərəfindən idarə olunur.
İdarənin fəaliyyəti bank sistemi vasitəsilə çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi prosesinə bankın cəlb olunması riskinin azaldılmasına yönəlib.
İki hissədən ibarət olan seminarın birinci hissəsində iştirakçılar bank sektorunda ÇPY/TM üzrə qanunvericiliyin tələbləri və normativ baza ilə yaxından tanış olub, bankın struktur bölmələrinin əməkdaşlarının tez-tez yol verdiyi səhvlər, ÇPY/TM-in yaranma tarixi, bu sahə ilə bağlı maraqlı faktlar müzakirə edilib.
Seminarın ikinci hissəsində tədbir iştirakçılarının - "Bank VTB" (Azərbaycan) əməkdaşlarının bu sahədəki biliklərini qiymətləndirmək məqsədilə test imtahanı keçirilib.
"Bank VTB" (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC əsasən korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə xidmət göstərir. Bu gün bank 10 filial və baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub.
Tural

Xəbər 268 dəfə oxundu.